Dövlət əleyhinə çağırışda ittiham olunan jurnalistin məhkəməsi başlayır

Gəncə hadisələri vaxtı saytda yayılan məlumatlara görə cinayət məsuliyyətinə cəlb olunan “Criminal.az”ın baş redaktoru Anar Məmmədovun məhkəməsi başlayır.

Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Mikayılovun sədrliyilə, hakimlər Əlövsət Abbasov və Mahmud Ağalarovdan ibarət hakimlər kollegiyası baxacaq.

Jurnalistin işi üzrə məhkəmənin hazırlıq iclası 28 dekabr saat 14.00-a təyin olunub. Bu barədə A.Məmmədova Bakı Ağır Cinayətlər Məhkəməsindən bildiriş göndərilib.

A.Məmmədov bildirir ki, onun haqqındakı cinayət işi üzrə proseslər sürətləndirilib. Jurnalistin sözlərinə görə, ittiham aktının təsdiqlənməsi, iş materiallarının məhkəməyə göndərilməsi, hakimin icraatına verilməsi və məhkəmənin hazırlıq iclasının təyin olunması birlikdə heç bir sutka çəkməyib.

“Görünən budur ki, azadlıqda sayılı günlərim qalıb…”, – A.Məmmədov bildirib.

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı.

İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən “Criminalaz.com” saytına girişə məhdudiyyət qoyulmuşdu.

Dekabrın 12-də Anar Məmmədov haqqında açılmış cinayət işinin istintaqı başa çatıb. A.Məmmədov Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Məhkəmə ittihamları təsdiqləsə, Anar Məmmədov 8 ilədək azadlıqdan məhrum edilə bilər.

Anar Məmmədov ittihamları rədd edir. Bildirir ki, rəhbərlik etdiyi saytdakı yazılarda dövlət əleyhinə çağırışlardan söhbət gedə bilməz.