Ekspert: “Çıxarılmış qoşunlar sərhədçilərə rezerv olacaq”

Azərbaycan, Rusiya və Ermənistanda ekspertlər Azərbaycan ordusunun Ermənistanla sərhəd rayonlardan çıxarılmasını müzakirə edirlər. 

Silahlı Qüvvələrin Qazax-Ağstafa rayonlarında sərhəddi qoruyan bölmələrinin bir hissəsinin sərhədçilərlə dəyişdirilməsi barədə Azərbaycan rəhbərliyinin qərarı Ermənistanla münasibətlərin inkişafında güzəştli addımdır.

Mərkəzi Asiya, Qafqaz və Ural-Povoljye Araşdırmalar Mərkəzinin əməkdaşı Aleksandr Skakov NEWS.am-a bildirib ki, Ermənistanda danışıqları aparanın (rəhbərlik) dəyişməsi Azərbaycanı güzəştli addım atmağa sövq edib:

“Yanaşmalardaki kəskin dəyişiklik məhz bununla əlaqədardır, nəzərə alsaq ki, Azərbaycan uzun illərdir ki, hər hansı güzəştə getmək istəmirdi, o cümlədən snayperlərin və ağır texnikanın Ermənistanla sərhəddən geri çəkilməsi məsələsində. İndi isə Bakı Yerevandan adekvat tədbirlər gözləyəcək”.

Ermənilər ordunun çıxarılmasını və Ermənistanla qonşu rayonların mühafizəsi üçün sərhədçilərin cəlb edilməsini Bakının Dağlıq Qarabağda döyüşmək niyyəti ilə əlaqələndirirlər.

“Azərbaycanlılar tərəfindən aktiv irəliləyişlər müşahidə olunur, Qarabağda və Naxçıvan-Vayk kəsiyində qismən fəal tikinti işləri aparılır. Qoşunların yerləşdirilməsi məsələsində də müəyyən dəyişikliklər edilir”, – Qarabağ müharibəsində kəşfiyyatçıların keçmiş komandiri Vova Vartanov bildirib. “Onların sərhəd qoşunları çox maraqlıdır, bizimkilərdən bir qədər fərqlənir. Hazırda sərhəd qoşunları Qazax kəsiyində yerləşməlidir. Bu isə o deməkdir ki, onlar Ermənistan sərhəddindən bir briqadanı götürəcəklər. Və zərurət yaranarsa Artsax istiqamətində qoşunların sayını artırmaq imkanları olacaq. Onlar Tavuş vilayətində erməni qoşunların qarşısına az silahlı qüvvələr çıxaracaqlar, ancaq bu, yaxşı hazırlanmış sərhəd qoşunları olacaq. Və onların ehtiyatında minimum daha bir briqada qalmış olur ki, bunu da Qazaxdan Şamxor korpusuna köçürəcəklər. Və o zaman onlar Qarabağa 2 yox, 3 yeni qüvvə ilə hücum edə biləcəklər”, – V.Vartanov bildirib.

AzeriDefens hərbi saytının administratoru Rəşad Süleymanov Facebook-da Qazax və Ağstafa bölgələrində qoşunların sərhəd qoşunlarına dəyişdirilməsinin əhəmiyyətini ətraflı təhlil edib.

Öncə o qeyd edib ki, ordu 26 ildir ki, sərhəddin bu hissəsini qoruyur, sərhəddin sərhəd qoşunlarına təhvil verilməsi prosesi xeyli müddətdir başlanıb. İlk vaxtlar sərhəd qoşunlarında orduda olduğu kimi, müqavilə əsasında könüllülər xidmət etməyib. Lakin sərhəd qoşunları Qarabağda döyüşüb, İran, Rusiya və Gürcüstanla 700 kilometrlik sərhəddi qoruyur, sadvalçılar, “Meşə qardaşları”, cənubda dini radikallar və digər separatçı- terrorçularla döyüşüb. Hazırda Sərhəd Xidməti ölkənin dəniz və quru sərhədlərinin 24 saat təhlükəsizliyini təmin edir. 2005-ci ildən müqaviləli əsgərlərin Sərhəd qoşunlarına qəbulu və çağırışçı əsgərlərin yerinə təyinatı prosesi gedir. Hazırda sərhədçilərin mühüm hissəsini müqaviləli əsgərlər təşkil edir ki, bu da həmin bölmələrin döyüş hazırlığını artırır.

2017-ci ildə Sərhəd Xidmətinin tərkibində Sahil Mühafizəsi, Çevik Hərəkət Qüvvələri, Sərhəd Qoşunları və Sərhəd Nəzarəti komandanlıqları yaradılıb. Nəticədə Sərhəd Xidmətinin imkanları genişlənib. Hərbi qulluqçular ən müasir silahlarla təchiz olunub.

Qoşunların sözügedən rayonlardan çıxarılması uzun illərdir rotasiya olunmadan xidmət edən hərbi hissələrin ehtiyata göndərilməsi, onların qüvvə və vasitələrinin bərpası, daha da gücləndirilməsinə imkan yaradıb. Həmin bölmələr ləğv olunmur, əksinə gücləndirilərək həmin regionda ehtiyat kimi saxlanılır. Ehtiyac yarandıqda həmin hərbi hissələr sərhədçilərlə birlikdə düşmənin hücumunu dəf edəcəklər. Bu və ya başqa halda sərhəddi sərhədçilər qorumalıdır, sərhəddin ixtisaslaşdırılmış qoşunların mühafizəsinə verilməsinə başlamaq lazım idi.

Sərhəd Xidmətinin silahlanması təkcə sərhəd mühafizəsinə deyil, eyni zamanda hücum əməliyyatları həyata keçirməyə imkan verir. 2016-cı ilin aprel döyüşlərində sərhədçilərin “Harop” atışları (İsrail zərbəçisi BPLA) ilə cəbhənin dərinliyindəki düşmən qüvvələri darmadağın edilmişdi. Sərhəd Xidmətinin videomateriallardan göründüyü kimi, qoşunlar müasir mobil minaatan komplekslərinə, PUA-lara, radioelektron mübarizə və müasir uzaqmənzilli kəşfiyyat sistemlərinə, tanklara, aviasiya vasitələrinə və yüksək manevrli zirehli texnikalara malikdir. Sərhəd qoşunları düşmən arxasında, cəbhənin dərinliklərində tapşırıqları yerinə yetirə biləcək səviyyədədir. Xidmətin snayperləri Azərbaycanda ən yaxşı snayperlər hesab olunur. Son 6-7 ildə Ağgöl təlim poliqonunda keçirilən taktiki təlimlərdə Qazax-Ağstafa zonasına uyğun hücum və müdafiə ssenariləri imitasiya edilir. Ayrı-ayrı vaxtlarda Sərhəd Xidmətinin şəxsi heyəti cəbhəboyu ərazilərdə ezamiyyətdə olaraq döyüş şəraiti ilə tanış olub, təcrübə qazanıblar.

Şübhəsiz ki, bu hisssənin Sərhəd qoşunlarına verilməsi sərhəd mühafizəsini yaxşılaşdıracaq. Sərhədçilər “gördün vur!” və “1-ə 5 qisas” prinsipinə əsaslanır. Sərhədçilərin xidmətinin birinci ilində qonşu erməni kəndlərinin sakinlərinin daha uzağa köçürülməsini müşahidə edəcəyik, Noyemberyan və Tavuşda düşmən əsgər və zabitlərinin həlak olması barədə xəbərləri izləyəcəyik. Erməni tərəfdə müdafiə sədlərinin inşasına başlanılacaq, 3-4 ildən sonra isə erməni həkimlər yerli əhali arasında əsəb xəstəliklərinin geniş yayılması haqda danışacaqlar, AzeriDefens saytının eksperti bildirib.