Gəncə hadisələri ilə bağlı iş məhkəməyə göndərilib

Bu il iyulun 10-da Gəncədə baş verən hadisələrlə bağlı başlanmış və ayrıca icraata götürülmüş iki cinayət işinin istintaqı başa çatdırılıb. İş baxılması üçün məhkəməyə göndərilir.

Bu haqda Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun dekabrın 3-də yaydığı birgə məlumatında deyilir.

İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.

Məlumatda Gəncədə baş vermiş hadisələr radikal dini yönümlü bir qrup şəxs tərəfindən ictimai asayişin pozulmasına yönələn zorakılıq aktları, kütləvi iğtişaş kimi dəyərləndirilir. Bu zaman hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərildiyi, iki polis zabitinin qəsdən öldürüldüyü qeyd olunur.

Rəsmi məlumatda deyilir ki, Maarif HacıyevXəyal Qafarov adlı şəxslər Şahlar RzayevRəşad BöyükkişiyevKamal Quliyev və başqaları ilə birgə sosial şəbəkələrdə, şəxsi söhbətlərdə zorakılıqlara və kütləvi iğtişaşlara çağırış xarakterli məlumatlar yayıblar, iyulun 10-da saat 20:00-da Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarşısındakı meydana toplaşmaq barədə çağırışlar ediblər.

Eyni zamanda bildirilir ki, Gəncədəki kütləvi iğtişaşlarda fəal iştirak etmiş Xəyal QafarovSamir İbrahimov və Əli Rzayevin əl qumbaraları, avtomat silahlara aid patronlar, külli miqdarda narkotik vasitə əldə edərək saxlamalarına, gəzdirmələrinə və daşımalarına dair əsaslı şübhələr var.

M.HacıyevŞ.RzayevRuslan HəsənovTural BayramovNizami ƏkbərovKamal MəhərrəmovSeymur ƏliyevToğrul VerdiyevOrxan YağnəliyevAraz Həsənov və Vaqif Əşrəfov Cinayət Məcəlləsinin 220.1 (Kütləvi iğtişaş) və 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilir. Onlarla bağlı işə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Cinayət Məcəlləsinin 220.1, 228.1 (Qanunsuz olaraq silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə), 234.4.3-cü (Bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə olunması) maddələri ilə təqsirləndirilən X.Qafarov, 220.1 və 315.2-ci maddələri ilə təqsirləndirilən K.QuliyevRaul SüleymanovÜlvi HəsənovVüqar Allahverdiyev, 220.1, 228.1, 234.4.3 və 315.2-ci maddələri ilə təqsirləndirilən S.İbrahimov, 220.1, 234.1 və 315.2-ci maddələri ilə təqsirləndirilən Ə.Rzayev, 220.1-ci maddəsi ilə təqsirləndirilən Rauf QurbanzadəMireşqin SeyidovKamal Məmmədtağıyev və Qadir Hüseynov barəsində ayrıca icraata ayrılmış cinayət işinin istintaqı da tamamlanıb. Bu iş də baxılmaq üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin ozamankı başçısı Elmar Vəliyevə və polis əməkdaşına silahlı sui-qəsd törətməsi haqda rəsmi məlumat yayılıb. Bundan bir həftə sonra – iyulun 10-da Gəncədə iğtişaşlar törədilib. İki yüksəkrütbəli polis zabiti qətlə yetirilib.

Baş Prokurorluğun məlumatına görə, həmin hadisələrlə bağlı 60 nəfər həbs edilib, Dövlət Təhlükəsizliyi Xidməti isə 5 nəfərin zərərsizləşdirildiyini bildirib.