Gürcüstanda “Borçalı”nın sabiq qubernatoru istintaqa cəlb olunub

Gürcüstanda azərbaycanlıların yaşadığı Kvemo Kartli (Borçalı) bölgəsinin keçmiş qubernatoru David Kirkitadze istintaqa cəlb olunub.

Report-un Gürcüstan bürosu xəbər verir ki, D.Kirkitadze polis əməkdaşlarına qarşı zorakılıqda ittiham olunur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları sabiq quberantorun yaşadığı binanın qarşısında toplaşsa da, o, vəkili gəlməyənə qədər qapını açmaqdan imtina edib. D.Kirkitadze özünün polis məntəqəsinə gedəcəyini bildirib.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, D.Kirkitadze zorakılıq tətbiq etməklə polisə tabe olmama maddəsi ilə araşdırılan iş üzrə istintaqa cəlb olunub.

D.Kirkitadze 2008-2013-cü illərdə Kvemo Kartlinin qubernatoru olub. O, müxalif “Güc birlikdədir” birliyi və Vahid Milli Hərəkat Partiyasının liderlərindən biridir.

Ötən gün Gürcüstan prezidenti Salome Zurabişvilinin inauquraiya mərasiminin keçirildiyi Telavi şəhərinə yollanan müxalifətçilərlə polis arasında qarşıdurma baş verib. Nəticədə 10-a yaxın polis əməkdaşı xəsarət alıb.