Himn və gerblə bağlı yeni qanun qəbul edildi

Dekabrın 18-də Milli Məclis “Dövlət gerbi” və “Dövlət himni” haqqında qanun layihələrini müzakirə edib.

AzadlıqRadiosu-nun məlumatına görə, bu haqda Milli Məclisin mətbuat xidmətinin məlumata “Dövlət Gerbi haqqında” qanunun 9 maddədən ibarət olduğu bildirilir.

Qanun dövlət gerbinin istifadə qaydalarını müəyyən edir. Layihədə dövlət gerbinin istifadəsinə dair məhdudiyyətlər müəyyənləşdirilib.

Layihəyə əsasən, gerbin oturulan, ayaq basılan, natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır.

Qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, Dövlət Gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyacaqlar.

“Dövlət himni” haqqında qanun layihəsi də 9 maddədən ibarətdir. Dövlət himninin ifa edilməsi, oxunması və dinlənilməsi qaydalarını müəyyən edən sənəddə vətəndaşlara bundan ötrü tələblər müəyyən edilir.

Himn nəzərdə tutulan qaydada ifa edilməli, dinlənilməli və oxunmalıdır.

Qanun layihələri deputatlar tərəfindən birinci oxunuşda qəbul edilib.

Hazırda Azərbaycanın dövlət gerbi haqqında Konstitusiya qanunu qüvvədədir. Həmin qanun sadəcə, gerbin təsvirinin formasını müəyyən edir.

Bundan başqa, Dövlət himni haqqında qanun da qüvvədədir. Həmin qanunsa, himnin sözlərini və musiqisini müəyyən edir.

Eyni zamanda cinayət qanunvericliyi dövlət atributlarını aşağılamağa görə məsuliyyət də nəzərdə tutur.