İlham Əliyev CISCO şirkətinin nümayəndə heyəti ilə görüşüb

Prezident İlham Əliyev CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Dövlət başçısı CISCO şirkətinin uzun illər Azərbaycan hökuməti ilə uğurlu əməkdaşlıq həyata keçirməsindən məmnunluğunu bildirib.

İlham Əliyev CISCO şirkətinin Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən nəqliyyat sahəsində həyata keçirdiyi layihələrə toxunaraq bu sahənin ölkədə prioritet istiqamətlərdən biri olduğunu deyib.

Prezident regional əməkdaşlıq üçün yeni infrastrukturun yaradıldığını bildirərək, digər sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib.

CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix Azərbaycan prezidenti ilə əvvəlki görüşünü xatırladaraq şirkətin ölkə ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini bildirib.

Azərbaycana səfərindən xoş hisslər keçirdiyini deyən qonaq səfərinin məqsədinin əməkdaşlığın perspektivlərini müzakirə etməkdən ibarət olduğunu deyib və bu əməkdaşlığın “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasına uyğun şəkildə həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə XXIV “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisinin əhəmiyyətinə toxunularaq bu tədbirin beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyi qeyd olunub.