“Mançester Yunayted” Mourinyonu qovdu

“Mançester Yunayted” baş məşqçisi Joze Mourinyonu istefaya göndərib.

Bu haqda klubun saytı məlumat yayıb. Klub portuqaliyalı mütəxəssisə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb. “MY”də baş məşqçi vəzifəsini icra edəcək şəxsin adı yaxın günlərdə açıqlanacaq.

“Sky Sport” isə məlumat yayıb ki, yeni baş məşqçi təyin olunanadək komandanı müvəqqəti olaraq Maykl Kerrik çalışdıracaq. Bununla bağlı rəsmi məlumatın yaxın 48 saat ərzində veriləcəyi bildirilib. “MY”nin 37 yaşlı sabiq yarımmüdafiəçisi məşqçilər heyətində yer alır.

Qeyd edək ki, “qırmızı şeytanlar” Mourinyonun rəhbərliyi altında bu mövsüm Premyer Liqada uğursuz çıxış edirdi. Komanda 17 turdan sonra hazırda 6-cı pillədə qərarlaşıb.

Portuqaliyalı mütəxəssislə müqavilə 2016-cı may ayında 3 il müddətinə bağlanmışdı. Onun rəhbərliyi dövründə “MY” ölkə çempionu ola bilməyib. 2017-ci ildə isə komanda “Ayaks”ı məğlub etməklə (2:0) tarixində ilk dəfə Avropa Liqasının baş mükafatını qazanıb.