Narazı şəhid ailələri polisə çağırılır

Şəhid ailələrinin etiraz aksiyası iştirakçılarından biri Sevinc Quluzadə Turan agentliyinə bildirib ki, etiraz aksiyasının iştirakçılarını polisə çağırmaya başlayıblar.

S.Quluzadəni Sabunçu Rayon Polis İdarəsinə çağırıblar. Onunla polis rəisinin müavini söhbət edib. S.Quluzadənin sözlərinə görə, bunun “profilaktik söhbət” olduğunu deyiblər.

Onu inandırmağa çalışıblar ki, şəhid ailələrinin etiraz aksiyaları müəyyən dairələr tərəfindən təhrik edilir.

Rəis müavini mübahisəli məsələləri küçə aksiyaları ilə yox, vəkillər vasitəsilə həll etməyi tövsiyə edib.

Adının çəkilməsini istəməyən digər aksiya iştirakçısı bildirib ki, dekabrın 18-də analoji məsələ ilə bağlı polisə çağırılıb.

Xatırlatma

Bu ilin yazında prezident İlham Əliyev 1991-97-ci illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların və itkin düşənlərin ailələrinə 11 min manat məbləğində birdəfəlik kompensasiyanın verilməsi barədə sərəncam imzalayıb.

Kompensasiyaların verilməsinə oktyabrın 9-dan başlanılıb. Lakin ailələrin çoxuna verməyərək bildiriblər ki, onlar əvvəllər bu vəsaiti alıblar.

Narazı vətəndaşlara məhkəməyə müraciət etməyi tövsiyə ediblər. Lakin məhkəməyə müraciət etmək üçün mərhumun ailəsi dövlət orqanlarından rəsmi imtina almalıdır, ancaq rəsmi sənədi vermirlər.

“Azərsığorta” Dövlət Şirkətindən bildiriblər ki, 1990-cı illrədə hərbçilərin icbari sığortası haqqında qanun çərçivəsində bəzi ailələrə kompensasiya ödənilib. O zaman kompensasiyanın məbləği denominasiya edilməmiş 50000-200000 edirdi ki, indiki 10-40 manata bərabərdir.