Parisdə yenidən bahalaşmaya qarşı etirazlar başlayıb

Parisin Yelisey düzündə yenidən “Sarı jiletlilər”in nümayişi başlayıb. Bu barədə Reuters məlumat verir. 

Xəbərə görə, dekabrın 8-də Fransanın digər şəhərlərində də bahalaşmaya qarşı kütləvi aksiyalar planlaşdırılır.

İctimai asaişi qorumaq üçün Parisin küçələrinə 8 minədək polis çıxarılıb ki, bu əvvəlki günlərlə müqaisədə xeyli çoxdur.

Parisdə “Eyfel” qülləsi, Luvr və digər muzeylər, gur ticarət mərkəzləri bağlanıb.

Həmçinin, prezident sarayının giriş-çıxışları möhkəmləndirilib, parlament binasının ətrafında isə zirehli maşınlar yerləşdirilib.

Ümumilikdə ölkə boyu asayişin qorunmasına 89 min polis əməkdaşı cəlb edilib.

Artıq sübh tezdən “Triumful” arkasının ətrafına yüzlərlə adam toplaşıb. Adətən etirazlar bu yerdən başlayır.

Bugünkü aksiya ərəfəsində 278 nəfərin saxlandığı bildirilir.

“Sarı jiletli”aksiyaçılar artıq bir neçə həftədir ki, dizel yanacağına verginin artırılmasına etiraz olaraq kütləvi aksiyalar keçirirlər.

Hökumət sonda bu addımdan çəkinsə də ölkə boyu nümayişlər davam edir.

Onlar ümumilikdə prezident Emmanuel Macron-un iqtisadi siyasətinə qarşı çıxırlar.