Pis sevgili – Türkan Turan yazır

0

“Mən and içmək istəyəndə əlimi sənin rəsmini gəzdirdiyim sinəmin üstünə qoyuram. Sən gələcəksən, eləmi?! Mənim yanımda olacaqsan?! Tez gəl!.. Elə bil ürəyimə yüzlərlə bıçaq saplanıb. Bu bıçaqları daha da dərinə batırma, yalvarıram! Sən 6 aydır heç mənim rəsmimə də baxmırsan yəqin. Bir az da geciksən, məni xəstəlik tapacaq. Əgər məni sevmirsənsə, bu dünyada yaşamağımın mənası yoxdur…”

Ürək titrədən bu sevgi məktubunun aşağı-yuxarı iki əsr yarım yaşı var. Napoleon Jozefinaya yazıb. Oxuyanda, səni dərhal Jozefina ilə müqayisə elədim. Bonapartın o biri məktublarını da oxuduqca əvvəl-əvvəl içimdə sənə qarşı nifrət hissinin yarandığını duydum. Sonra sakitləşdim. Napoleonun Jozefinaya olan sevgisi o qədər əsrarəngizdi ki… Doğma hisslərdir. Heç Jozefina da yad xarakter deyil.

“Sevgili Jozefina,

Səndən uzaqdaykən bütün dünya, ilk baxışda gözümə tənha qaldığım səhralıq kimi görünür. Sən mənim ruhumu zəbt etmisən… Bütün günü təkcə səni düşünürəm. İnsan adlandırılan darıxdırıcı məxluqlar zəhləmi tökəndə, az qala həyatı lənətləməyə hazır olanda, əlimi ürəyimin başına qoyuram: orda sənin rəsmin qərar tutub. Bax onda anlayıram ki, sənin eşqin mənim mütləq xoşbəxtliyimdir… Axı, hansı ovsunla büsbütün mənəvi həyatımı tək özünə tabe etdirməyi bacarmısan? Yalnız Jozefina üçün yaşamaq – bu, mənim həyatımın amalıdır!..”

Əvvəl mən də Napoleon kimi düşünürdüm. Elə bilirdim, milyonların içində olsam da, sənsiz tənhayam. Suyun içi belə quraqlıq – səhra təsiri bağışlayırdı. Ta ki, bıçaq sümüyə dirənənə qədər. İnsan özünə dayan deməyi bacarmalıdır, tərəddüd etdiyi yerdə bəzən nöqtəni qoymalıdır. Bu, sevgidə çox vaxt mümkün olmasa da, bəzən məcburiyyət bu addımı atmağa vadar edir.

Napoleonun Jozefina sevgisindən əsrlər ötsə də, dəyişən elə də çox şey yoxdur. Jozefinanın Napoleona yaşatdığı hissləri yenidən yaratmağı sən də bacardın. Səni duyduqca özümdən uzaqlaşdım. Nə hiss etdiyini anlamaq üçün Freydə, Fromma sığındım. İnsan psixologiyasının incəliklərini öyrənməyə çalışdım. Amma səni öyrənə bilmədim. Yaxınlaşdıqca uzaqlaşdın, mən uzaqlaşdım, sən yaxınlaşdırdın. Manipulyasiyanın qarşısında hisslərim aciz qaldı. Fərq bu idi – sən manipulyasiyanı əla bacarırdın, mən sevməyi. Sevgimə əyildim. Və əyildikcə də əzilmək duyğusu ilə tanış olub, az sonra ona qarışdım. Gah zirvəyə çıxdım – ordan baxdım, gah yerə endim – aşağıdan seyr etdim. Tərəddüdlər içində qaldım.

Ağac tez-tez yerini dəyişəndə kök sala bilmir. Kök salmaq üçün eyni yerdə qalmaq lazımdır. Ağac yalnız bu halda dərinlərə enər, güclənər. Mən də səndə qaldım, sənin dərinlərinə enmək istədim. Amma o qədər tez-tez yer dəyişdin ki, dərininə enmək üçün kökünü tapa bilmədim.

Ağlamağın hər üzü ilə tanış oldum. Gah hönkürdüm, gah sakitcə, gözümdən yaşı selə döndərdim. Bəzən isə bulud kimi, yağmasam da, guruldadım, əsdim, coşdum, fəryad elədim, sonra aynada özümlə qarşılaşdım, öz gözümdə kiçildiyimi seyr etdim.

Mən təkliyi, sən çoxluğu seçdin. Demişdim axı, buna görə idi, kök sala bilməməyin.

Əlimi uzadanda əlini çəkdin, qaçaraq üstünə gəlib qucaqlamaq istəyəndə qollarını… Mənsə, sadəcə, divara dəyib geri qayıdan top kimi qaldım.

Damla-damla sevgi yağdım, göl oldum, “yox, bu, azdır” deyib, dəniz oldum. Bir sevgi dənizi yaradıb, orada təkbaşıma üzdüm. O qədər üzdüm ki, qollarım yoruldu. Sonra o dənizdən küsdüm, sonra darıxıb yenə o dənizin sahilinə gəldim. Fırtına qopdu, dona-dona sahilində fırtınanın sakitləşməsini gözlədim. Gün çıxdı, amma özümü donmuş halda tapdım. Öz yaratdığım dənizdə yüz yol boğulub, özümü xilas etdim. Sağalmaq üçün dənizdən kənarlaşdım. Bir gün hiss etdim ki, havaya, suya ehtiyacım var. Məyus-məyus yenidən dənizimə üz tutdum. İlahi, masmavi dənizdən əsər qalmadığını gördüm. Rəngi qapqara idi. Dalğalar qovğa edirlərmiş kimi, özünü mənə çırpırdı…

Yaratdığım dənizi okeana çevirdim. Bu dəfə gözünə aysberq kimi göründüm. Hər dəfə istiqamətini gəlib aysberqə çırpılmaqla götürdün. Zədələnməyəsən deyə, çırpıldığın an əriyib suya qarışdım.

Mənim sahillərimdə üzən gəmiydin, limanlarda özünə yer axtardın. Üzdüyün dənizin suyunun şirin, yoxsa duzlu olduğunu belə müəyyən edə bilmədin. Göl verildi dəniz istədin, dəniz verildi okean, okean verildi, istədiyinin su olmadığını dərk elədin.

Aramızda uzun illər olsa da, səni anlamağa çalışdım. Beynimi 50, bədənimi 18 yaşa çevirdim. Nə istədiyini anlamaq üçün bunu etməli idim. Əslində, heç özün də nə istədiyini bilmədin: nə dəniz, nə günəş, nə dalğa, nə gəmi, nə su, nə quru…

Nə kitablar, elmi bilgilər, nə həyat təcrübəsi səni anlamağa yetdi. Bir bəndə üçün, dünya kimi möcüzəni yaradan Allahı inkar etdim.

Sonra çarəsiz qaldığımı görüb, dualara sığındım. Qəbul edilmədiyini görüb, yaradanın varlığını inkar elədim.

Səni ilahiləşdirdikcə, özüm kafirləşdim. Səni ucaltdıqca, özüm kiçildim.

Düşündüm ki, cəhənnəm dedikləri o məkan elə səndən ibarətdir. Yanılmırdım. Sənin cəhənnəmin həm yandırır, həm sorğu-sual edir, həm qır qazanına atırdı. Sənin də cəhənnəmində Sırat körpüsünə bənzər tükdən nazik, qılınc tiyəsindən iti yol var idi. Amma o yol heç bir savabı nəzərə almadı. Sənin cəhənnəmin cəhənnəmdən də betər oldu.

Gül verdim, tikanlarını söz elədin, ağac verdim kötüyünə irad tutdun, yaşıllıq bəxş elədim, zamansızdır dedin.

Yayın cırhacırında buza döndün. Qışında günəş istisi kimi yandırdın, yazında fırtına qopardıb açılmamış gülləri soldurdun, payızında bütün etdiklərinə baxıb zövq aldın. Eqon buz dağı oldu. Əritməyi bacarmadın. Sevgini, duyğunu, hər şeyi vurub dağıtdı. Ən dəhşətlisi isə bütün bunların fərqində olmadın, heç nə hiss eləmədin. Sən duyğusuz, ruhsuz, daş kimi insanı sevməyin məyusluğunun necə ağrılı olduğunu bilmədin. Heç bilməyəcəksən də… Çünki sən əslində, sevginin nə olduğunu anlamırsan! Bütün dünyada insanların ən böyük ehtiyacının sevgi olduğunu bildiyin halda, eşqin nə xaruqələr yaratdığını, eşq üçün insanların hansı dəliliklər etdiyini, bir ömür sevgi axtarıb tapmadan eləcə ölüb gedən milyardlarla insan olduğunu bilə-bilə sən də ruhsuzlar sırasına qoşulub getdin!

Bəzən insanlar sevgiyə tutulanda davranış şəkillərini itirirlər. Çünki nə baş verdiyini dərk eləmir, necə davranacaqlarını bilmirlər. Dərk etmək üçün vaxt lazım olur. Amma vaxt ötdükcə iş-işdən keçir. İnsanın əzələsi əziləndə, sümüyü qırılanda, çatlayanda dərhal hiss edilmir. Bir az keçir, dəhşətli ağrılar başlayır. Bax, eşqin vurduğu yaralar da belədir. Əvvəl-əvvəl nə baş verdiyini dərk eləmirsən, iş-işdən keçdikdən sonra isə bədənin, ruhun sızıldayır.

… Bir gün Napoleon bezib Jozefinaya yazmışdı ki:

“Sevgili, Jozefina!

Daha səni sevmirəm! Əksinə, sənə nifrət edirəm! Sən iyrənc, axmaq, mənasız qadınsan! Axı, bütün gün ərzində  nə işlə məşğulsan? Hansı təxirəsalınmaz iş sənin vaxtını alır ki, sevdiyin adama məktub yaza bilmirsən? Ona vəd etdiyin bir ömürlük zərif, vəfalı sevginə nə mane olur belə?! Diqqətli ol, Jozefina, bir gözəl gecədə mən sənin qapılarını sındırıb qarşında dayanacağam!”

Amma mən nə sənin qapılarını qıracam, nə də səndən üz çevirəcəm. İndi hiss etmədiyin zədələr bir gün canını yandıranda özün hər şeyi anlayacaqsan.