Prezident: “İnvestisiya, biznes mühiti Azərbaycanda yaxşılaşır”

0

“Dünyada neftin qiymətinin artıb-azalmasından asılı olmayaraq, Azərbaycan iqtisadiyyatının davamlı tərəqqisi üçün qeyri-neft sektorunun inkişafı bizim uğurla həll etdiyimiz əsas vəzifəmizdir”.

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev “Bakutel-2018” sərgisində iştirakı zamanı deyib.

Prezident bildirib ki, buna görə də biznesə yaxşı şəraitin yaradılması məqsədilə infrastruktur layihələrinin inkişafı üçün çox iş görülür.

“Biznesin həvəsləndirilməsi, sahibkarlara köməklə bağlı xeyli layihələr var. Bütövlükdə investisiya, biznes mühiti Azərbaycanda yaxşılaşır”.

Dövlət başçısının sözlərinə görə, Dünya Bankının son məlumatlarına, “Doing busines” hesabatına görə Azərbaycan 25-ci yerdədir.

Bunu da oxu: Neft nəhəngi ‘Exxon Mobil’ Azərbaycanı tərk etməyə hazırlaşır

“Biz bir il ərzində 32 pillə irəliləmişik və bu gün biznes sahəsində dünyanın aparıcı ölkələri sırasındayıq. Buna görə də burada təqdim olunan sahə həm biznes, həm innovasiya, həm də təhsil baxımından çox mühümdür.

“Bu, bizim üçün prioritet olan sahələrdən biridir və təsadüfi deyil ki, 24 ildir belə bir sərgi keçiririk. İştirak edən şirkətlərin sayı ilbəil artır. Mənə dedilər ki, bu il iştirak edən şirkətlərin sayı 230-dur və çoxlu yerli Azərbaycan şirkətləri var”.

İlham Əliyev deyib ki, sərgidə iştirak edən şirkətlərin yarıdan çoxu Azərbaycan şirkətləridir.

“Bu, o deməkdir ki, ölkəni inkişaf etdirmək və yeni iş yerləri yaratmaq üçün biz bu istiqamətdə işləməyə hazırıq. Çünki neft sektoru iş yerləri yaratmır”.

Dövlət başçısı iş yerlərinin yaradılmasının iqtisadi inkişafın səviyyəsinə uyğun olması üçün daim çalışmaq lazım olduğunu bildirib:

“Biz daim çalışmalıyıq ki, iş yerlərinin yaradılması iqtisadi inkişafın səviyyəsinə uyğun olsun. Azərbaycanda demoqrafik artımı nəzərə almaqla biz dünyaya yeni gələn hər bir Azərbaycan vətəndaşı 20-30 ildən sonra işlə təmin etməyə çalışmalıyıq”.