Qaşıqçı işi: Səudiyyənin iki yüksəkçinli rəsmisi haqda həbs qərarı çıxarıldı

0

Səudiyyəli jurnalist Camal Qaşıqçının qətli ilə bağlı 2 səudiyyəli yüksək rütbəli dövlət adamı haqqında həbs qərarı çıxarılıb. Bu barədə Anadolu Agentliyi xəbər yayıb. 

Məlumata görə, İstanbul məhkəməsi  vəliəhd prins Məhəmməd Bin Salmana yaxınlığı ilə bilinən iki nəfər – Kəşfiyyat İdarəsinin rəhbər müavini Əhməd Əsiri və şahzadə bin Salmanın keçmiş müşaviri Səud əl-Kəhtani barəsində həbs qərarı çıxarıb.

Sözü gedən iki şəxsin Qaşıqçını öldürən və cəsədini “yox edən” heyəti yönəltdikləri ehtimal edilir. Səudiyyə rəsmiləri jurnalisti öldürən agentlərin vəzifə səlahiyyətlərini aşdıqlarını bildirirlər.

İstanbul Baş Prokurorluğunun yaydığı məlumatda bildirilir ki, barəsində həbs qərarı çıxarılan iki şəxsin Qaşıqçının cinayətini planlayanların sırasında olduqlarına dair güclü şübhələr var.

Türkiyə şübhəlilərin məsuliyyətə cəlb ediləcəyinə inanmır

Adının çəkilməsini istəməyən yüksək rütbəli bir Türkiyə rəsmisi deyib ki, həbs qərarı Türkiyənin Səudiyyənin şübhəliləri məsuliyyətə cəlb etməyəcəyi fikrində olduğunu göstərir.

Səudiyyə Ərəbistanı jurnalistin qətli ilə bağlı 21 nəfər həbs edib, 5 nəfərlə bağlı isə edam qərarı tələb olunub.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da Səudiyyə Ərəbistanının cinayətlə bağlı beynəlxalq ictimaiyyətə qarşı şəffaf olmağın lazım olduğunu bildirib. Türkiyə beynəlxalq bir araşdırmanın vacib olduğunu və bu araşdırma qrupunun içində olmaq istədiyini elan edib.

BMT insan haqları komissarı Mişel Baçelet də Qaşıqçı cinayətində kimlərin məsuliyyət daşıdığını öyrənmək üçün beynəlxalq araşdırmaya ehtiyacın olduğunu bildirib.