Rektorlar 5 il müddətinə təyin ediləcəklər

‘On illərlə rektor olub universiteti irəli aparmayan insanlar var”

Dövlət ali təhsil müəssisələrində rektor bundan sonra 5 il müddətinə təyin ediləcək.

Bu barədə prezident İlham Əliyevin “Təhsil haqqında” qanunun tətbiq edilməsi barədə” fərmana dəyişikliklər barədə dekabrın 10-da imzaladığı digər fərmanda deyilir.

Bununla belə, fərmanda bir rektorun neçə dəfə eyni vəzifəyə təyin edilməsi məsələsi göstərilməyib.

Sənədi müsbət qiymətləndirən təhsil üzrə ekspert Kamran Əsədov hesab edir ki, bu, zamanında verilən və gözlənilən qərar idi.

“Abel Məhərrəmov BDU rektoru vəzifəsindən azad olunandan sonra rektorların təyinatı qaydalarında da dəyişikliklər gözlənilirdi. 2009-cu ildə “Təhsil haqqında” qanun qəbul edildi, amma bu çərçivə qanunu idi. Sənəddə çatışmayan bir çox məsələlər var idi. Ali təhsil müəssisələrinin idarə olunması, idarə edənlərin müddətləri, seçilmə üsulu və formaları yox idi. Bunun üçün “Təhsil haqqında” qanun ayrıca qəbul edilməli idi”.

O düşünür ki, əgər 5 illiyə təyin olunan şəxs bu müddətdə müsbət fəaliyyət göstərməsə, növbəti müddətə seçilməyəcək.

K.Əsədov xatırladıb ki, on illərlə rektor vəzifəsini tutanlar olub və belələri indi də var.

Misal kimi o, Ağacan Abıyevin Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 30 il, Abel Məhərrəmovun BDU-da 19 il, Timurçin Əfəndiyevin Mədəniyyət və İncəsənət Universitetinə 30 il rektorluq edib, indi də Xoreoqrafiya Akademiyasına rəhbərlik etməsini, Əhliman Əmiraslanovun 25 il Tibb Universitetində, Siyavuş Qarayevin 19 il Neft Akademiyasında, Səməd Seyidovun 18 il Dillər Universitetində rektorluq etdiyini göstərib.

“Adlarını sadaladıqlarım artıq vəzifədən gediblər. Amma Siyavuş Kərimli 20 ilə yaxındır Milli Konservatoriyanın rektorudur, 90 yaşlı Ömər Eldarov 20 ildir Rəssamlıq Akademiyasının rektorudur, o cümlədən Gülçöhrə Məmmədova 20 ildir Memarlıq və İnşaat Universitetində rektoru vəzifəsindədir. Sadaladığım adamlar vəzifəyə təyin olunanda həmin təhsil müəssisələrində vəziyyət necə idisə, indi də elədir. Universitetlərin dünya reytinqlərində, infrastrukturunda, kadr siyasətində heç bir dəyişiklik olmayıb. Azərbaycanda 50-dən çox təhsil müəssisəsi var, onun 34-ü dövlətindir, ancaq dünya reytinqində heç ilk minlikdə də olanı yoxdur. Çünki idarə edənlər öz bizneslərinin inkişafını düşünürlər”.

Ekspert düşünür ki, fərman ciddi dəyişikliyə gətirəcək və birinci növbədə ali təhsil idarəçiliyini gəncləşdirəcək:

“Təyin olunan rektor da düşünməlidir ki, neçə ilə universiteti dünya reytinqində irəli apara bilər? Mənə görə 4 il kifayətdir. Təəssüf ki, Azərbaycanda menecerlik yox, ənənəvi administrativ idarəçilik var. Hər adam rektor, direktor olmamalıdır. Bizim universitetlər rektorları tələbənin dərsə gəlib getməyini sayır, vəssalam! Bütün hallarda bir dəfə 5 illiyə seçilən növbəti 5 illiyə də seçilə bilməlidir. Əsas hesabatlılıq təmin edilməlidir. Adam 5 ildə hansı işləri gördü sualı aktuallıq kəsb etməlidir. Adlarını saydıqlarım 20 ildə heç nə etməyiblərsə, 5 ildə də etməyəcəklər”.