Şəhid oğlunun həbs müddətini azaldıldı

Dekabrın 14-də Bakı Apellyasiya Məhkəməsində Toğrul Qocayev inzibati həbsindən şikayətinə baxılıb.

Dekabrın 11-də T.Qocayev polisə tabe olmamaq ittihamı ilə 30 sutkalığa həbs olunub.

Şəhid övladı məhkəmədə deyib ki, qanun pozuntusuna yol verməyib, sadəcə, digər şəhid ailələri ilə birlikdə prezidentin sərəncamı ilə onlara müəyyən edilmiş kompensasiyanın ödənilməsini tələb edib. O, müqavimət göstərməyib, onu mülki geyimli şəxslər açıqlama vermədən saxlayıblar.

Bununla belə, hakim Əmir Bayramov T.Qocayevə iradını bildirib: “Atan canını ona görə fəda eləməyib ki, sən gedib kimlərəsə qoşulasan”.

Bununla da hakim T.Qocayevin etirazda iştiraka görə həbs olunduğunu faktiki olaraq etiraf edib.

Sonra deyib ki, əgər dövlət orqanlarına müraciət edibsə, cavabı gözləmək lazımdır. T.Qocayev isə cavabında deyib ki, 16 oktyabrda yazdıqları ərizəyə hələ də cavab almayıblar.

Sonda hakim yüngülləşdirici hallar nəzərə alınaraq T.Qocayevin həbs müddətinin 30 sutkadan 15 sutkaya endirilməsi barədə qərar qəbul edib

T.Qocayevin anası hakimə oğlunun himayəsində iki azyaşlı uşağı olduğunu söyləyərək onun azadlığa buraxılmasını xahiş edib. Hakimin cavabı belə olub: “Mənim gücüm ancaq buna çatdı”.

Toğrul Qocayev dekabrın 11-də şəhid ailələri üzvlərinin etiraz aksiyası zamanı saxlanılıb.

Bu ilin yazında prezident İlham Əliyev 1991-97-ci illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların və itkin düşənlərin ailələrinə 11 min manat məbləğində birdəfəlik kompensasiyanın verilməsi barədə sərəncam imzalayıb.

Kompensasiyaların verilməsinə oktyabrın 9-dan başlanılıb. Lakin ailələrin çoxuna verməyərək bildiriblər ki, onlar əvvəllər bu vəsaiti alıblar. Narazı vətəndaşlara məhkəməyə müraciət etməyi tövsiyə ediblər. Lakin məhkəməyə müraciət etmək üçün mərhumun ailəsi dövlət orqanlarından rəsmi imtina almalıdır, ancaq rəsmi sənədi vermirlər.

“Azərsığorta” Dövlət Şirkətindən bildiriblər ki, 1990-cı illrədə hərbçilərin icbari sığortası haqqında qanun çərçivəsində bəzi ailələrə kompensasiya ödənilib. O zaman kompensasiyanın məbləği denominasiya edilməmiş 50000-200000 edirdi ki, indiki 10-40 manata bərabərdir.