Sergey Lavrovun Bakıya səfəri gözlənilir

0

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dekabrın 14-də Bakıya səfəri gözlənilir.

Bu barədə Rusiya XİN-də keçirilən brifinqdə nazirliyin rəsmisi Mariya Zaxarova məlumat verib.

Məlumata görə, S.Lavrov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının dekabrın 14-də keçiriləcək iclasında iştirak edəcək.

M.Zaxarova bildirib ki, tədbirdə Azərbaycanın bu strukturda yarım illik sədrliyi dövrünə yekun vurulacaq. İqtisadi əməkdaşlıq üzrə regional gündəliyə daxil olan məsələlərin geniş dairəsi müzakirə olunacaq.

“Rusiya qarşıdakı tədbirdən gündəlikdəki əməkdaşlıq məsələlərinin həllində irəliləyişə nail olmaq üçün istifadə edəcək”.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı 1992-ci il iyunun 25-də İstanbulda Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya , Türkiyə, Ukraynanın dövlət və hökumət başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlığı üzrə Zirvə Bəyannaməsinin imzalanması ilə yaranıb.