Siyasi fəala 25 sutka həbs cəzası verilib

0
Hüseyn Məlik

Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) İdarə Heyətinin üzvü Hüseyn Məlikə 25 sutkalıq həbs cəzası verilib. Bu barədə Hərəkat rəhbərliyinə məlumatlı mənbələrdən bəlli olub.

Hərəkatın bəyanatında deyilir ki, bu gecə onun yaşadığı evə mülki geyimli şəxslər gələrək evin qapısını sındırıblar və onu zorla maşına mindirərək naməlum istiqamətə aparıblar.

Hərəkat rəhbərliyi güman edir ki, fəal Binəqədi təcridxanasında saxlanılır, ancaq onun taleyi ilə bağlı rəsmi məlumat ala bilmir.

Həbsin səbəblərinə gəlincə, çox güman ki, bu, H.Məlikin sosial şəbəkələrdə və ictimai həyatda siyasi fəallığı ilə bağlıdır.

“Baş verənlər hakimiyyət tərəfindən insan oğurluğu və fərdi azadlıqların pozulmasıdır”, – hərəkatın bəyanatında deyilir.

Həbsdən sonra H.Məlikin Facebook səhifəsində 29 may 2016-cı il tarixinə qədərki statusları silinib.

“Bu sübut edir ki, məhkəmədə ona qarşı irəli sürülən ittiham formal xarakter daşıyır. Onun təqib olunmasının əsl səbəbi ictimai-siyasi fəaliyyəti ilə bağlıdır”, – bəyanatda qeyd olunur.

Hərəkat hakimiyyətin son dövrlər siyasi fəallara, açıq fikirli insanlara qarşı apardığı repressiv siyasəti pisləyir və Hüseyn Məlik də daxil olmaqla, bütün siyasi məhbusların tezliklə azad olunmasını tələb edir.

Hər zaman olduğu kimi, bu dəfə də DİN baş verənlərdən xəbərsizdir və gecə vaxtı vətəndaşın qapısını sındırıb onu kimin və niyə həbs etdiyini bilmir.

H.Məlikin üzvü olduğu Azərbaycan Demokratiya və Rifah Hərəkatını başda iqtisadçı Qubad İbadoğlu olmaqla 2014-cü ilin dekabrında Müsavat Partiyasının bir qrup keçmiş üzvləri yaradıb.