Əbülfəz Sadıqbəyli: Müstəntiq əsasən siyasi suallar verirdi

Müsavatçının sənədləri bankdan yoxa çıxıb

Qaradağ Rayon Məhkəməsində Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəylinin məhkəməsi başlayıb.

Hakim Fuad Hüseynovun sədrliyilə keçirilən məhkəmədə əvvəlcə prokuror ittiham aktını elan edib. İttihamda yazılıb ki, Ə.Sadıqbəyli Dövlət Yol Polisinə “Nikoyl” bankın kreditilə aldığı “Niva”ya görə borclu qaldığı 5 min 100 manatın banka tam ödənməsi barədə saxta arayış təqdim edib, maşını öz mülkiyyətinə keçirib, daha sonra satıb.

Buna görə də ona qarşı Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama, onlan istifadə etmə) maddələri ittiham olunur.

Məhkəmədə “Nikoyl” bankın nümayəndəsi çıxışında deyib ki, banka dəymiş 10 min 800 manat ödənilib. Amma ziyanın məbləği daha böyükdür, ona görə yeni mülki iddia qaldırırlar.

Nümayəndə ilə sual-cavabdan məlum olub ki, Ə.Sadıqbəylinin kreditilə bağlı bankdakı sənədləri, o cümlədən müqavilə yoxa çıxıb. Bankın nümayəndəsi sənədlərin yoxa çıxmasının səbəbini izah edə bilməyib.

Ə.Sadıqbəylidən əlavə əmisi oğlu, Yasamal Rayon Yol Polisi İdarəsinin əməkdaşı olmuş, bu məsələdən sonra işdən çıxarılmış Asif Sadıqov, bankın “Qaradağ” filialının hüquqşünası Kamran Abbasov da bu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Onlar həbsdə deyil.

Ə.Sadıqbəyli ifadəsində bildirib ki, maşın almaq məqsədilə 2015-cı ildə “Nikoyl” bankının Qaradağ filialından 6200 dollar ipoteka krediti alıb. Kredit müqaviləsinə əsasən, iki illik rəsmiləşmiş ipoteka illik 21 faiz olub.

Ə.Sadıqbəyli bildirib ki, Azərbaycanda iki ardıcıl devalvasiyadan sonra hamı kimi, o da dollarla olan kredit borcunu vaxtında ödəməkdə çətinlik çəkib. 2017-ci ilin yanvarında kreditlə aldığı maşınla gedəndə bankın əməkdaşları onu saxlayıb. Kredit vaxtında ödənmədiyi üçün maşını cərimə meydançasına aparmaq istəsələr də, o bildirib ki, maşın onun şəxsi mülkiyyətidir, məhkəmə qərarı olmadan onu harasa apara bilməzlər. Bankın əməkdaşları israr edəndə o, əmisi oğlu, Asif Sadıqova zəng edib. A.Sadıqov da onu “Nikoyl” bankın Qaradağ filialında çalışan Kamran Abbasova yönəldib:

“Həmin gün “Nikoyl” banka getdim, Kamran Abbasovla görüşdüm. Kamran Abbasov mənə təklif etdi ki, əgər banka olan borcun əsas hissəsini devalvasiyadan əvvəlki məzənnə ilə ödəsəm, güzəşt edib faizləri bağışlaya bilərlər. Özümdə pul yox idi, 5100 manat borc tapıb, aparıb bankda Kamran Abbasova verdim. O da pulu alandan sonra mənə borcun bağlanması və maşının girovdan çıxarılmasına icazə verən arayış təqdim etdi. Mən də o arayışı
Dövlət Yol Polisinə təqdim edib, maşını girovluqdan çıxarıb. Bundan bir ildən çox vaxt keçəndən sonra 2018-ci ilin noyabr ayında məni Daxili İşlər Nazirliyinə çağırıb, bir neçə dindirmədən sonra həbs elədilər”.

Ə.Sadıqbəyli bildirdi ki, onun həbsi siyasi fəaliyyətinə görədir. Müstəntiq də ona dindirmədə əsasən siyasi fəaliyyətilə bağlı suallar verib:

“Bir saatlıq söhbətin cəmi 10 dəqiqəsi bank kreditilə bağlı oldu. Müstəntiq soruşur ki, Müsavat və Gənclər Təşkilatınn üzvüsən? Dedim, təşkilatın adını sizə səhv veriblər, orada “və” yoxdur. Mən Müsavat Gənclər Təşkilatının sədriyəm. Bu sənədi ona verən şəxsə mənim yanımda zəng vurdu, dedi ki, “və”ni çıxarsınlar. Mənə verilən suallar da bu idi ki, gənclər təşkilatının nə qədər üzvü var, hansı işləri görürsüz və s. Soruşmuşdu ki niyə tez-tez xaricə gedirsən, niyə Gürcüstana gedirsən? Mən də demişdim Gürcüstanda sevgilim var, ona görə gedirəm”.

Təqsirləndirilən K.Abbasov ifadəsində Ə.Sadıqbəyliyə rəsmi blankda arayış verdiyini, həmin arayışa bankın möhürünün vurulduğunu, filial müdirinin imzasının qoyulduğunu təsdiqləyib. Bu sənədin saxta olmadığını vurğulayan K.Abbasov Ə.Sadıqbəylidən 5100 manat pul alması barədə deyilənləri isə inkar edib. Bildirib ki, Ə.Sadıqbəylinin əmisi oğlu ilə dost olduğu üçün heç bir ödəniş qəbul etmədən arayışı verib.

Təqsirləndirilən A.Sadıqov isə həm dost olmaları, həm də arayışın ödənişsiz verilməsi haqda K.Abbasovun dediklərini təkzib edib. Bildirib ki, dost deyillər,

K.Abbasov bir-iki dəfə öz probleminə görə onun iş yerinə – Yasamal Dövlət Yol Polisi İdarəsinə gəlib, orada tanış olublar:

“Ona 5100 manat ödənilmişdi. O, bu iş üzrə istintaqa cəlb olunandan sonra 5100 manatı geri qaytardı. Bunu təsdiqləyə biləcək şahidlərimiz də var”.

Məhkəmə prosesi 6 fevrala qədər təxirə salınıb.