Əfqan Muxtarlı ədliyyə naziri Fikrət Məmmədovu həbsxanaya çağırır

Əfqan Muxtarlı

Həbsdə olan jurnalist Əfqan Muxtarlı media vasitəsilə ədliyyə naziri Fikrət Məmmədova müraciət edib.  Bu haqda onun xanımı Leyla Mustafayeva məlumat verib.

Jurnalist naziri saxlandığı 16 saylı cəzaçəkmə müssisəsinə dəvət edir.

Əfqan Muxtarlının çağırışı həbsxananın yeməkxanasında dustaqlara verilən yeməklərin keyfiyyətinin aşağı olması ilə bağlıdır: “Müdafiə nazirinin əsgərlərlə nahar etdiyi vaxtlar olub. Fikrət Məmmədov da həbsxanaya gəlsin və dustaqlara verilən yeməyin keyfiyyəti ilə, həbsxanadakı sosial durumla maraqlansın”.

Ə.Muxarlı bildirib ki, həbsxana rəhbərliyi onun ədliyyə nazirliyinə yazdığı məktubları göndərməkdən imtina edir. Buna görə də, nazirə media vasitəsilə müraciət edir.

Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci ilin mayın 29-da həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Bu zaman cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edib.

Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri üzrə günahkar biliblər.

Məhkəmənin qərarı ilə ona 6 il müddəyinə azadlıqdan məhrumetmə cəzası verilib.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır.