Əfqan Muxtarlı: ‘Digər məhbusların azadlığa çıxması üçün davam etmək lazımdır’

“Əfqan zəng edib dedi ki, saxlandığı 16 saylı cəzaçəkmə müəssisəsində ona qarşı təzyiqlər artıb. O, təcili olaraq vəkilləri ilə görüşmək istədiyini bildirdi”.

Abzas xəbər verir ki, bu sözləri Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva açıqlamasında yazıb:

“Mənə yeməyi, dərmanları Samir Əsədli gətirir. Samir Əsədliyə zəng etməyə yasaq qoyublar. Ad günümdə dostlarım və həmkarlarımdan 200–dək təbrik məktubu və açıqcalar gəlib. Onları da mənə verməkdən imtina ediblər. Məni xəstələr üçün nəzərdə tutulan otaqdan da çıxarıblar”.

L.Mustafayevanın yaydığı məlumatda deyilir ki, həbsxananın əməliyyat şöbəsinin inspektoru Kamil adlı şəxs Əfqan Muxtaflıya gətirilən “Neft Fəlsəfəsi” kitabını və Elxan Xanəlizadənin “Zəncir” romanını verməkdən imtina edib, ona deyib ki, kitab oxumasa nə olacaq ki?!

“Bir həftədən çoxdur, məni təxribata çəkirlər. Bu işdə cəzaçəkmə müəssisəsinin rəhbəri Şahin Həsənov və Kamil adlı inspektor fəallıq göstərir. Məmməd İbrahimi də burda 16 saylı cəzaçəkmə müəssisəsində şərləyib əlavə cinayət işi açmışdılar. Ehtimal var ki, eyni planı mənə də tətbiq etsinlər”.

Əfqan Muxtarlının sözlərinə görə, həbsxanadakı məhbuslara sifarişlə suvenir gəmilər düzəltdirib dostlarına göndərib. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi həmin məhbuslara da təzyiq edib. Həmin məhbuslar suvenir gəmilər üçün verdiyi sifarişi və pulu geri qaytarıblar.

“Görünür, mənə verdikləri 6 il həbs cəzası ürəklərini soyutmayıb. Mehman Hüseynova qarşı qaldırılan son cinayət işinə xitam verdilər. Amma digər məhbusların azadlığa buraxılması üçün cəhdləri, aksiya və kampaniyaları davam etdirmək lazımdır”.

Əfqan Muxtarlı da siyasi məhbusların azadlığa buraxılması üçün mitinqə çıxanlara, aclıq aksiyasına qoşulan hər kəsə təşəkkür edib.