‘ABŞ-ın dəstəyi rəsmi Bakıdanın davranışlarından asılı olacaq’

Ələkbər Raufoğlu

ABŞ-ın Azərbaycandakı yeni səfiri yaxın vaxtlarda işə başlamalıdır. Ölkədə daxili islahatların başlandığı, ABŞ siyasətinin isə Yaxın Şərqdə və Qafqazda yeni konturlarının cızıldığı dövrə təsadüf edir.

Bununla bağlı Vaşinqtonun siyasi mətbəxindən xəbərdar olan jurnalist Ələkbər (Aleks) Raufoğlu ASTNA-ya müsahibəsində öz fikirləri ilə bölüşür.

 – ABŞ Senatı Earle D.Litzenbergerin Azərbaycana səfir postuna namizədliyini təsdiqlədi. Səfir bu posta hansı missiyalarla gəlir?

 – Əvvəla, ondan başlayaq ki, cənab Litzenbergerə Vaşinqtonun siyasi çevrələrində bəslənən etimad yüksək olaraq qalır. Hər halda onun son təyinatı ilə Birləşmiş Ştatların hazırda xaricdəki 188 səfirliyinə rəhbərlik edən karyera diplomatlarının sayı artaraq 89-a çatıb. Digər 40-a yaxını isə siyasi xarakterli təyinatlar hesab olunur, yerdə qalan səfir postları, sadəcə, hələlik vakantdır.

Amerikanın xarici siyasət təcrübəsində, xüsusilə İkinci Dünya Müharibəsinin ardından bir qayda olaraq, Azərbaycan kimi ölkələrə səfir təyinatlarında əsasən karyera diplomatlarına üstünlük verilirdi. Ələlxüsus da söhbət mürəkkəb qonşuluqlarda yerləşən və həyat şəraiti, insan haqları, müstəqillikləri kifayət qədər həssas olan ölkələrdən gedirsə… Ən yaxşı halda, belə ölkələrə göndərilən səfirlər ya əvvəllər regionda xidmət göstərmiş olmalı, oranın dil və mədəniyyətləndən hali olmalı, ya da gedəcəkləri ölkəni karyeraları boyunca yaxından izləməlidirlər.

Hərçənd ki, son 10 ildə Azərbaycanın nümunəsində bu təcrübə gözlənilmirdi, hətta bir qədər eybəcərləşmişdi, belə ki, əvvəlki administrasiya Bakıya elçilərini seçərkən, ya siyasi təyinata (səfir Morninqstarın timsalında) ya da nədənsə keçmişi enerji ilə bağlı olmuş diplomatlara (Brayza, Morninqstar, Cekuta) üstünlük verib. Bu ənənə müqayisəli olduğu qədər, bəzi suallar da yaradırdı və nəhayət, indi səfir Litzenbergerin nümunəsində buna son qoyulub, necə deyərlər, “şeytanın qıçı sındırılıb.”

Yeni səfirin missiyalarına gəldikdə, ilk növbədə, ondan Bakı-Vaşinqton münasibətlərinə səliqə-sahman gətirmək, başqa sözlə, onu diplomatik çərçivəyə salmaq gözlənilir. Əlbəttə ki, Litzenberger peşəkar karyerası boyunca postsovet regionunun ən mütxəlif dövlətləri ilə yaxından iş təcrübəsinə bələddir, xüsusilə də Brüsseldə işləyərkən, eləcə də Dövlət Departamentindəki sonuncu postunda, ABŞ-ın xarici təhlükəsizlik yardımları proqramının icrası prosesində… Hər nə qədər hərbi əməkdaşlıq onun portfelində əsas mövzu olaraq qalsa da, belə əminlik var ki, o, ABŞ-Azərbaycan münasibətlərinin digər istiqamətlərinə, məsələn, insan haqları və təhlükəsizlik sahələrinə eyni prizmadan yanaşmaq əzmindədir. Təsadüfi deyil ki, oktyabr ayında senatorlar qarşısında çıxışı zamanı da səfir belə bir ifadə işlətmişdı: “İnsan haqları üzrə təlimlər bizim Azərbaycana yönələn təhlükəsizlik yardımlarımızın vacib komponentidir”. Vaşinqtonun regionda hazırkı maraqlarını nəzərə aldıqda, münasibətlərin yalnız konkret bir istiqamətə fokuslanacağını güman etmək yanlış olardı.

Orası da var ki, iş insan haqlarına gəldikdə, adətən Bakıda rəsmi təbliğat maşınları Qərb diplomatlarını qaralamaqla onlardan Qarabağ nizamlamasını prioritet etmələrini tələb edirlər, və belə mümkün təzyiqdən yeni səfir də sığortalanmayıb. Hərçənd ki, Qarabağ yeganə sahədir ki, Bakıdakı səfirlərin necə deyərlər, portfelinə daxil deyil. Bu mandat başqa bir diplomata – ABŞ-ın Minsk Qrupundakı həmsədrinə həvalə edilib. Amma və lakin…. Azərbaycan tərəfi səfir Litzenbergerin Bakıda olmasından düzgün yararlanaraq ikitərəfli münasibərtləri genişləndirə, siyasi və iqtisadı islahatları sürətləndirə, ölkənin beynəlxalq imicini yaxşılaşdıra bilsə, əlbəttə, Qarabağ münaqişəsinin həllində də Azərbaycanın sözü eşidilə bilər. Hər halda, Bakıdakı səfir ümumilikdə ABŞ hökumətinin siyasətini təmsil edir və onun Vaşinqtona göndərəcəyi hesabatlar bu mənada əvəzsiz rola malikdir.

Sələfləri kimi, yeni səfir də enerji və təhlükəsizlik siyasətində açar oyunçu rolunu oynamaqda davam edəcək. Bununla yanaşı, onun karyerasına və əvvəlki bəyanatlarına istinadən deyə bilərik ki, cənab Litzenberger hərbi və enerji əməkdaşlığını regional və beynəlxalq sabitliyin təminatında əvəzolunmaz alət kimi görür. Odur ki, sözegedən sahələr vaxtaşırı ikitərəfli dialoqlarda əsas mövzu olsalar da, yeganə mövzular olmayacaq. Hakimiyyət idarəçiliyi, iqtisadi islahatlar, siyasi azadlıqlar və regional stabillik onun mandatlarından biridir ki, sonuncusu deyil.

– Bu yaxınlarda Stratfor Analitik Mərkəzi təhlilində yazırdı ki, Rusiyanı çəkindirmək üçün Tramp administrasiyası 2019-cu ildə özünün Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqazda təsirinin gücləndirilməsinə yönəlmiş addımlar atacaq. Təhlildə göstərilir ki, diqqət ilk növbədə Moskvanın regiondakı yaxın müttəfiqlərinə – KTMT hərbi blokunun və Avrasiya İqtisadi Birliyinin üzvlərinə yönələcək. Həmçinin yazılıb ki, yaxın vəzifə kimi Ağ Evin qarşısına Ermənistanla sıx qarşılıqlı münasibətlər yaratmağı qoyub. Stratforun yazdıqları nə dərəcədə realdır? Əgər bu yazılanlara inansaq Azərbaycan bu prosesin harasında dayanacaq?

– Əslində Vaşinqtondakı mövcud siyasi reallığı nəzərə aldıqda – söhbət 10 ildən sonra ilk dəfə ikiyə parçalanmış hakimiyyət qanadlarından gedir – bəhs etdiyiniz təhlil kifayət qədər ambisiyalı səslənir, belə ki, xarici siyasətdə vəziyyət hər an dəyişə bilər. Demokratların rəhbətlik etdiyi Konqress administrasiyanın bu və ya digər regionlarla bağlı siyasi xəttini sorğuya çəkə bilər. Amma bütün hallarda ABŞ Konstitusiyasına görə, prezident və onun komandası xarici siyasətin formalaşmasında aparıcı fiqurlar olaraq qalır.

Qayıdaq sualınıza. Orası həqiqətdir ki, ABŞ daha Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarına “Rusiyanın eynəyi ilə” baxmır. Hər halda sözügedən regionlar daha əvvəlki kimi, yalnız “postsovet mütəxəssislərinə” həvalə edilməyib. Bunu müşahidə etmək üçün hər üç regiona göndərilən yeni səfirlərin karyerasına və səsləndirdikləri bəyanatlara nəzər salmaq kifayətdir. Bir qayda olaraq, onlar Kreml tənqidçiləridir və getdikləri ölkələrlə münasibətləri birbaşa – Rusiyanın orbitindən kənarda – qurmaqda maraqlıdırlar. Bunun da səbəbləri var.

Məsələ ondadır ki, Vaşinqton Rusiyanın qonşuluğunda sərgilədiyi nüfuz müharibəsinin daha təkcə hərbi əməliyyatlarla ölçülmədiyini tədricən dərk etməyə başlayıb. Yəni, söhbət həm də siyasi səhnələrə kobud müdaxilədən tutmuş, sosial, iqtisadi, hətta kiber cəbhələrində Rusiyanın yaratdığı təhlükələrdən və artan hücumlarından gedir. ABŞ isə bu ölkərələrə deyir ki, “qorxub Rusiyanın çətiri altına girməkdənsə, öz müdafiə qabiliyyətinizi gücləndirin, əks halda biz də sizin köməyinizə gələ bilməyəcəyik”. Əslində Tramp administrasiyası ötən il Avropanın qərbindəki müttəfiqlərinin təhlükəsizliyi və müdafiə qabiliyyəti ilə bağlı davamlı suallar qaldırmaqla, bu ölkələri həm öz aralarında, həm də Rusiyaya qarşı birləşdirə bilib. Vaşinqtonda anlayırlar ki, Moskva təkcə qonşuluğunda deyil, bütün dünya boyunca dövlətləri qorxu altında saxlamaqla özünə rəğbət qazanmağa çalışır. Bu yaxınlarda Rusiyadan qayıtmış bir ABŞ rəsmisi ilə söhbətimdə buna eyham vurulmuşdu. Rusiyanın barmağına indi təkcə postsovet regionunda deyil, Avropada, Afrikada, hətta okeanın bu tayında (məsələn, Rusiyanın Kubada hərbi bazasını yenidən açacağı barədə söhbətər gəzir) rast gəlmək mümkündür.

Ermənistana gəldikdə, ötən həftə Azərbaycanla eyni gündə ABŞ Senatı Ermənistana da yeni səfirini təsdiqlədi. Karyeralı diplomat Lynne Tracy cəmi 1 ay əvvəl senatorlar qarşısında çıxışında Ermənistanla münaisbətlərin sıxlaşacağının proqnozunu verdi. Hətta onu da vurğuladı ki, Qarabağ probleminin həlli təkcə Yerevana deyil, ümumilikdə regionda təhlükəsizliyin təmini naminə hamıya lazımdır. İkitərəfli münasibətlərə gəldikdə, səfir Tracy Bakıya göndərilən həmkarından fərqli olaraq, Ermənistanın demokratiyalaşmasından, ABŞ iş adamlarına bu ölkədə açılan imkanlardan, müxalif səslərin eşidilməsindən daha ürəklə, ağızdolusu danışırdı. Onun ABŞ-Ermənistan müttəfiqliyinin möhkəmlənməsində xaricdəki erməni diasporunun rolunu da xüsusi qeyd etməsi diqqətçəkən məqam idi. Təəssüf ki, bu kimi imkanlar pəncərəsi Azərbaycanın nümunəsində bizə göndərilən səfirlər üçün demək olar ki, yox dərəcəsindədir. Hərçənd ki, diplomatiyada ümid hər zaman ən sonra ölən amildir. Odur ki, Azərbaycana bəslənən ümidlər tam ölməyib, sadəcə, dərin koma içindədir.

– İran prezidenti Həsən Ruhani ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları terror aksiyası adlandırıb. ABŞ-ın NATO missiyasında çalışmış, hazırda Dövlət Departamentində hərbi-siyasi məsələlər üzrə büroda aparıcı məsləhətçi vəzifəsini tutan Earle D.Litzenbergerin Azərbaycanda səfir postuna təsdiqlənməsi, Stratforun məqaləsi, eyni zamanda İranın təşvişli bəyanatları belə deməyə əsas verir ki, həqiqətən də region ABŞ-ın diqqət mərkəzindədir və regionla bağlı ABŞ-ın hansısa planlarının olmasına bir çoxları inanır. Siz nə düşünürsünüz? ABŞ-ın regionla bağlı hansı planları ola bilər? O cümlədən ABŞ Azərbaycandan bu planların baş tutması üçün nə istəyə bilər?

– İran təhlükəsi indilik, ABŞ-ın Qafqaz deyil, Yaxın Şərq strategiyasının yenilənməsi fonunda xüsusilə nəzərdən keçirilir. Tezliklə – təxminən mart-aprel aylarında – Tramp administrasiyası Yaxın Şərqlə bağlı növbəti planlarını açıqlayacaq. Burada yaxından izləməli olduğumuz ölkələr İsrail və Səudiyyə Ərəbistanıdır. Aydın məsələdir ki, hər iki ölkədə hazırkı liderlərin həm ölkə daxilində, həm də xaricdəki imici son aylar ciddi zədələnib. Bu isə Vaşinqtonun sözügedən liderlərin “ipi ilə” “İran quyusu”na enməsini çətinləşdirib. Bildiyiniz kimi, İsrail rəhbərliyi hazırda ciddi korrupsiya ittihamları ilə üzləşib və qarşıdakı aylarda başları daxili seçkilərə qarışacaq. Səudiyyə vəliəhdi Məhəmməd Bin Salman isə jurnalist qatili kimi təkcə öz karyerasını deyil, həm də Qərbin ona bəslədiyi ümidləri – bura İran, Yəmən konfliktləri də daxildir – pərən-pərən edib. Qarşıdakı günlərdə yüksək səviyyəli ABŞ rəsmiləri, eləcə də prezidentin müşaviri Bolton, dövlət katibi Pompeo Yaxın Şərqə səfərlər edərək yeni strategiyanı müzakirə edəcəklər.

Sanksiyalara gəlincə, çox güman ki, bu il ərzində Vaşinqton Tehrana qarşı ritorikasını gücləndirməklə onu dialoq masasına gətirməyə çalışacaq. Burada bir neçə il öncə imzalanmış “İran nüvə sazişi”ni də xüsusi qeyd etmək lazımdır. ABŞ formal olaraq bu müqaviləni tərk etsə də sazişin özü hələ ki qüvvədə qalır.

Azərbaycana gəldikdə, Vaşinqton istər İran, istərsə də Rusiya təhlükəsinin ciddiliyini anlayaraq bu ölkəyə öz müstəqilliyini qorumaq üçün müdafiə qabiliyyətinin möhkəmlənməsi işində yardımlar etməkdə maraqlıdır. Amma əlbəttə ki, bu əməkdaşlığın genişlənməsi – bayaq Səudiyyə Ərəbistanı ilə bağlı nümunədə qeyd etdiyim kimi – ABŞ-dan daha çox, Bakıdakı rəsmilərin davranışlarından, eləcə də öz vətəndaşları ilə rəftarından asılı olacaq.

– ABŞ hərbi qüvvələrini Suriyadan çıxarır. Pentaqonun narazılığına baxmayaraq. Bu, Türkiyəni qane edir. Amma İran və Rusiya haqda bunu demək çətindir. Həm də həmin regiondakı kürdlər də bu qərarı alqışlamır. Hətta New York Times yazır ki, Tramp kürdlərə xəyanət etdi. Sizcə, ABŞ prezidentinin bu addımının arxasında hansı məqsədlər dayanır? Bu proses nə ilə nəticələnəcək?

– Az əvvəl qeyd etdiyim kimi, Vaşintondakı mövcud siyasi mənzərənin fonunda bu vəziyyət sürətlə dəyişə bilər və artıq dəyişir. Məsələn, prezident Trampın komandası müxalif tənqidlərin ardından Suriyanı tərketmə planlarını nəzərdən keçirəcəyinə dair siqnallar verir. Bura hərbi qüvvələrin kiçik bir hissəsinin regionda qalması, eləcə də, Əl-Əsədə qarşı “qırmızı xətlərin” açıq elan olunması daxildir. Yəni, ABŞ texniki olaraq regiondan çıxsa da faktiki olaraq, orada mövcudluq hüququnu əlində saxlayacaq. Suriya hakimiyyəti yenidən günahsız insanlara qarşı kimyəvi silaha əl atacaqsa Vaşinqtonun cavabı dağıdıcı ola bilər.

Sualınızın ikinci hissəsinə gəldikdə, söz yox ki, Trampın “tərketmə” qərarı daxili siyasətə, daha doğrusu öz elektoratına hesablanmış amil idi. Əslində, ABŞ-da Konqresə seçkilər arxada qalsa da 2020-ci il prezident seçkilərinə artıq qeyri-rəsmi olaraq start verilib. Bu baxımdan 2019-ci il həm ABŞ-ın daxili, həm də xarici siyasəti üçün, eləcə də beynəlxalq siyasi səhnədə dinamik il olacaq.