Avropa Parlamenti Mehman Hüseynov məsələsini müzakirəyə çıxarır

Rebecca Harms

Avropa Parlamenti yanvarın 17-də blogger Mehman Hüseynovla bağlı məsələni təcili müzakirəyə çıxaracaq.

Bu barədə məlumatı Avropa Parlamentinin Almaniyadan olan deputatı Rebekka Harms Tvitter hesabından yayıb.

Müzakirənin yekununda bu məsələ ilə bağlı Azərbaycan üzrə xüsusi qətnamə qəbul ediləcəyi gözlənilir.

Mehman Hüseynovun azadlığa çıxmağına iki ay qalmış, dekabrın 26-da ona qarşı yeni ittihamlar irəli sürülüb. İttihamların saxta olduğunu bildirən blogger bundan sonra aclıq aksiyasına başladığını bildirib.

Yaxınları bildirir ki, M.Hüseynovun səhhəti getdikcə ağırlaşır. Hazırda onun aclıq aksiyası keçirməyinin 16-cı günüdür.

Beynəlxalq ictimaiyyət dəfələrlə Azərbaycan hökumətinə siyasi məhbusları azad etməyə çağırışlar edib. Son günlər bu çağırışlar yenidən intensivləşib.