AXCP fəalları işgəncələrdən danışıblar

Bakı Ağır Cinayətlər Məhkəməsində “AXCP-nın qanunsuz maliyyələşdirilməsi haqqında” adlanan iş üzrə iclas davam edib.

Xatırladaq ki, məhkəmə qarşısında üç fəal- Aqil Məhərrəmli, Nərimanov rayon şöbəsinin rəhbəri Babək Həsənov, Gənclər Komitəsinin fəalı Ruslan Nəsirli, həmçinin sahibkar Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli dayanıb.

2018-ci il mayın 26-da Baş Prokurorluq onların AXCP-nin “qanunsuz maliyyələşdirilməsi” ittihamı ilə həbs olunduğunu bildirib. Həbs olunanlar qanunsuz sahibkarlıq, cinayətkar yolla əldə edilmiş pulların yuyulması və s. ittiham olunublar.

AXCP qanunsuz maliyyələşmə ittihamını rədd edib. Həbs olunanlar hüquq müdafiəçiləri tərəfindən siyasi məhbuslar kimi tanınıblar.

Yanvarın 22-də Eldar İsmayılovun sədrliyilə prosesdə müttəhimlər Aqil Məhərrəmli və Ruslan Nəsirlinin ifadələri dinlənilib.

A.Məhərrəmli Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) məruz qaldığı işgəncələrdən danışıb. Onun sözlərinə görə, əllərini qandallayaraq dizi üstə oturdublar və döyüblər.

“Bundan sonra başqa otağa apardılar, əlimin orta və baş barmağını məftillə bağlayaraq cərəyan buraxmağa başladılar. Əvvəlcə dözdüm, sonra onlar gərginliyi artırdıqca dözə bilmədim və “etiraf etdim”ki, Saleh Rüstəmovdan pul almışam, ancaq Əli Kərimliyə verməmişəm.

Polislər cərəyan gərginliyini o qədər artırdılar ki, əlimdə kapilyarlar partladı. Bundan sonra məni vəkildən imtina etməyim haqda əraziə yazmağa və telefonun parolunu söyləməyə məcbur etdilər. Mən hər şeyi onlar tələb etdikləri kimi kameraya danışdım. Birinci dəfə xoşlarına gəlmədi, ikinci dəfə çəkdilər”, – A.Məhərrəmli bildirib.

O, dövlət tərəfindən təyin edilmiş vəkil Səfər Hüseynov haqda da danışıb. “O, vəkil deyil. Mənə onun iştirakı ilə işgəncə verirdilər. Mənə baxıb deyirdilər ki, gəncsən, hər şey keçəcək. Həmin vaxt Baş Prokurorluğun müstəntiqi Sənan Paşayev də orada idi”, – A.Məhərrəmli deyib.

İşgəncələr davam edib və ondan ifadə alıblar ki, zərfin içində pulu alaraq Əli Kərimliyə çatdırıb.

“İşgəncələrdən sonra mənimlə Vidadi Rüstəmlini üzləşdirdilər və biz də robot kimi onların tələb etdiklərini söylədik”, – A.Məhərrəmli deyib.

Digər müttəhim Ruslan Nəsirli deyib ki, onu mayın 25-də Gəncədə saxlayıblar.

“6-7 nəfər mülki geyimli şəxs məni maşına oturdaraq Bakıya BMCMİ-yə gətirdi. Yolboyu əllərim qandallı idi. Məni gətirəndə düşünürdüm ki, üzərimə narkotik maddə qoyacaqlar. Həmin vaxt müstəntiq Sənan Paşayev də orada idi. Qonşu otaqlardan qışqırtı səsləri gəlirdi, sanki orta əsrlərdəki kimi insanlara işgəncə verirdilər”, – R.Nəsirli bildirib.