AXCP-nin 5 fəalının məhkəmə qarşısına çıxarılacağı gözlənilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) yanvarın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında polis tərəfindən saxlanılan fəallarından 7 nəfəri sərbəs buraxılıb.

Bu barədə cəbhəçi fəal Turan İbrahim məlumat verib. Partiyanın fəalları Emil Səlimov, Nicat Abdullazadə, Nicat Nizamov, Şəmistan Həziyev və Emin Maniyevin yanvarın 16-da məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

Fəallarının saxlanılması ilə bağlı hüquq mühafizə orqanları hələ açıqlama verməyib.

Yanvarın 15-də Bakı Ağır Cinayətlər Məhkməsinində 2018-ci ilin mayında həbs edilən AXCP fəallarının məhkəməsi davam edib.

2018-ci il mayın 25-də AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri Babək Həsənov saxlanılıb. Onlardan öncə mayın 8-də isə mərhum prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə (1992-1993-cü illər) Gədəbəy rayonunun icra hakimiyyətinin başçısı olmuş Saleh Rüstəmli və onun qardaşı oğlu Vidadi Rüstəmli həbs edilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, AXCP funksionerləri və Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur.

Açıqlamada Saleh Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş fəalların həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları iddia olunur.

Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələriylə ittiham edilirlər.

AXCP sədri Əli Kərimli ittihamı rədd edib və onu qurama iş adlandırıb.