Bəzi dövlət qurumları ləğv olunur, bəziləri maliyyəsiz qalır

Prezident İlham Əliyev bir sıra dövlət qurumlarının ləğvi ilə bağlı fərman imzalayıb.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilir.

Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilir, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi ləğv edilir və onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil olunur.

Eyni zamanda, Müdafiə Sənayesi Nazirliyinin əsasında “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti yaradılması haqda fərman imzalanıb.

İqtisadçı ekspert Rövşən Ağayev sosial şəbəkədə məsələ ilə bağlı fikirlərini paylaşıb. 

Ekspert bildirib ki, prezident büdcədən maliyyələşən, hər biri az qala nazir səviyyəsində bir rəisin kreslosuna qucaq açan xeyli dövlət qurumunu ləğv edib.

“Hələ 2-3 gün əvvəl 2018-ci ilin iqtisadi yekunları ilə bağlı keçirilən toplantıda bunun anonsu da verilmişdi -prezident struktur islahatların başlanacağını bəyan etmişdi. Bu addımlar çox önəmlidir – illərdi icitimai rəydə bu təkliflər dönə-dönə vurğulanır. Büdcəyə yük olan, cəmiyyətə faydası dəyməyən bircə qurum belə çoxdur”.

Rövşən Ağayev deyir ki, rəqabətqabiliyyətli iqtisadiyyat qurmaq, idarəetmə standartları baxımından inkişaf eləmiş dünyanın bir parçasına çevrilmək üçün bu addımlar yetərli deyil və gözlənilən effekti verməyəcək:

“Problemi kökündən həll eləmək lazımdır – idarəetmənin ultramərkəzləşməsindən vaxt itirmədən imtina etmək, əksmərkəzləşmə strategiyası qəbul edib seçkili idarəetmə sayəsində regionlarda iqtisadi idarəçiliyin müstəqilliyini artırmaq lazımdır”.

Ekspertin fikrincə, yerli səviyyədə sosial-iqtisadi problemlərin həllini sakinlər mərkəzi dövlət qurumlarından yox, özlərinin seçdiyi yerli özünüidarə orqanlarının qərarları ilə həll etməlidirlər:

“Sosial-iqtisadi ehtiyaclar nazir və icra başçılarının kabinetlərində yox, açıq və kollektiv müzakirələr aparılan yerli parlamentlərdə (bələdiyyə şuralarında) müəyyən edilməlidir. Ehtiyac olan vəsaiti də hamının gözü qabağında xərclənən yerli büdcələrdən ayırmaq lazımdır.

Ekspert bildirir ki, gerçək iqtisadi inkişafın yolu tarazlı regional inkişafdan, əksmərkəzləşmədən, demokratik yerli özünüidarə sisteminin qurulmasından keçir.