Hüquq müdafiəçiləri Mehman Hüseynova görə prezidentə müraciət etdi

Bir qrup hüquq müdafiəçisi həbsdə olan bloger Mehman Hüseynovla bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Abzas.net xəbər verir ki, Səadət Bənənyarlı, Sahib Məmmədov, Rauf Zeyni, Əliməmməd Nuriyevin imzaladığı müraciətə Novella Cəfərova, Çingiz Qənizadə və Səidə Qocamanlının da qoşulduğu bildirilir.

Hüquqmüdafiəçiləri prezidentə məktubda Mehman Hüseynovla bağlı ictimai rəyin formalaşdırılmasından narahat olduqlarını dilə gətiriblər.

Müraciətdə deyilir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum bloger Mehman Hüseynovla bağlı 26 dekabr 2018-ci il tarixində baş vermiş insident ətrafında süni şəkildə ajiotaj yaradılmasına cəhdlər davam etməkdədir.

“KİV və sosial şəbəkələrdə yalan məlumatlar yayılır, yanlış ictimai rəyin formalaşmasına cəhd edilir. Mehman Hüseynov Bakı İstintaq Təcridxanasına köçürüldükdən sonra onun vəziyyəti ilə tanış olmaq məqsədilə biz – ölkənin bir qrup insan hüquqları müdafiəçiləri Mehman Hüsenova baş çəkdik”.

Hüquqmüdafiəçilərinin məktubunda yazılıb ki, görüşdə blogerin saxlanma şəraiti ilə tanış olub, onunla söhbət edib:

“Müəyyən etdik ki, Mehman Hüseynovun saxlanma şəraiti, onunla rəftarla bağlı heç bir şikayət yoxdur və o, aclıq aksiyası keçirmir. Onunla görüş zamanı Mehman Hüseynovun yeganə xahişi cəzası başa çatdıqdan sonra azadlığa çıxması ilə bağlı olub”.

İlham Əliyevə müraciət edənlər iddia edir ki, həmin görüşdən sonra onların açıqlamaları, müşahidələri və qənaətlərini ictimaiyyətlə bölüşmələri xeyli dərəcədə yalan məlumatların, şayiələrin qarşısını alıb, yerli və beynəlxalq ictimaiyyətin obyektiv informasiya almasına imkan verib.

“Möhtərəm cənab prezident, sizin hər zaman yüksək humanizm prinsiplərinə sadiqliyiniz və bu istiqamətdə davamlı addımlar atmağınızın şahidi olmuşuq. Bütün bunlar bizə ümid verir ki, məhkum M. Hüseynovu barəsində də bu iradənizi nümayiş etdirəcəksiniz. M.Hüseynovun gənc olmasını, bir müddət əvvəl anasının vəfat etməsini, atasının ahıl yaşda olmasını nəzərə alaraq biz və bizə qoşulan insan hüquqları müdafiəçiləri həmin şəxslə bağlı məsələyə obyektiv baxılması və onun barəsində humanizm və mərhəmət nümayiş etdirməyinizi Sizdən xahiş edirik”.

Mehman Hüseynov dekabrın 26-da ona qarşı yeni ittihamların elan edilməsindən sonra aclıq aksiyasına başladığını bildirib.