Kitablı görünmək istəyirik, kitablı olmaq yox… – Aytən Məmmədova

Hər həftə London metrosunda 150 kitabı bilərəkdən unudurlar. Unudurlar ki, kimsə tapıb oxusun. Altı ildir bu aksiya davam eləyir. Bir müddət əvvəl aksiyaya məşhur aktrisa Emma Uotson da qoşulub, metroda 100 kitab “unudub”. Sonra yerlərini təxmini deyib, adamlar stansiyaları qarış-qarış gəzib kitabları tapmağa çalışıb…

Adam təkcə bu haqda yazanda qəlbi fərəhlə dolur. Cəmiyyətə nə boyda mesaj! Aktrisa hər kitab üçün ayrıca açıqca da hazırlayıb. Yazıb xahiş eləyib ki, hər kitabı tapan oxuyub yenidən həmin yerə qaytarsın, qoy gələn dəfə başqası tapsın. Gözəl cəmiyyətlər belə qurulur.

Gələk bizim paytaxta. Şəhərin lap mərkəzində Bakı Kitab Mərkəzi açılıb. İnsafən, mütaliə eləmək istəyən üçün hər cür şərait var. Divanlar, kreslolar, rahat stullar, mütəkkələr. Kitablar bölmələr üzrə yerləşdirilib, üstəlik, onları tez tapmaq üçün elektron sistem də var. Nə yoxdur? Oxucu! Müşahidələr göstərir ki, mərkəzə gələnlərin əksərinin məqsədi şəkil çəkdirməkdir. Bir görəsiniz, uşaqlar üçün nəzərdə tutulan bölmədə foto üçün necə növbə olur. Əlinə kitab götürüb, şəkil çəkdirib gedirlər. Çox az hallarda uşağına kitab oxumağa gələn valideyn görərsiniz.

Özümüzük, bir məsələni də etiraf eləyək. Sanki bizim cəmiyyətdə kitab oxumağa pul qazanmaq predmeti kimi baxırlar. Yəni kitab konkret qazanc gətirməlidir, gətirmirsə, oxumağa dəyməz. Cəmiyyətin münasibəti belədir. Kitabın pul qazandırması çox normaldır. Amma kitabın belə missiyası yoxdur. Kitab insanlara həyat yolunda işıq tutmalıdır. Kitab insanların mənəvi dünyasını zənginləşdirməlidir. Kitab intellektin inkişafı mexanizmidir. Kitabın oxucu üçün üzərinə götürdüyü öhdəliklər çoxdur. Amma məhz pul qazandırmaq missiyası yoxdur.

Cək Londonun “Martin İden” əsərinin qəhrəmanı günün yalnız beş saatını yata bilirdi. Qalan müddətdə işləyirdi və hətta bir neçə dəqiqəlik yaranan ilk imkandaca kitab oxuyurdu. Əlbəttə, Martin yazıçı olmaq istəyirdi. Amma kitab oxumaqda məqsədi həm də dünyagörüşünü artırmaq, savadlanmaq idi. Martin hər sözə həssas yanaşırdı, yazıçını anlamağa, hiss eləməyə çalışırdı. Martin hadisələri yazıçı ilə birlikdə yaşayırdı. O, kitabların sayəsində yeni bir obraz yaradırdı. Yeni bir Martin doğulurdu…

Kitab oxumaq həm də sevgi məsələsidir. Onore de Balzak deyirdi:“Mən hər sözü sevməyi öyrəndim. Bəzən bir sözü oxumaqla böyük bir cümləni anlaya bilərəm”. Balzak təkcə söz yaratmırdı. Balzak həm də ondan əvvəl yaradılan sözü sevirdi…

Adam hər yazıda hökumətdən şikayət etmək istəmir. Amma kitabxanaları ləğv etmək qərarına necə biganə qalasan?! Ümumiyyətlə, hansı məntiqlə belə qərar vermək olar? Onsuz da ölkədə kitabın vəziyyəti ağırdır. Təhsilin səviyyəsi xeyli aşağı düşüb, insanlar oxumağa bir o qədər maraq göstərmir. Texnologiyanın inkişafı da kitaba baxışı dəyişib. Dövlət neyləməlidir? Mümkün qədər kitaba, təhsilə, incəsənətə dayaq durmalıdır. Hansı normal ölkədə kitabxanaları bağlamaq qərarı verərlər?

Sosial şəbəkələrdə baxırsan, Kolumbiyada avtobus dayanacağında kitab rəfi quraşdırılıb. Dindirsən, bu ölkədə çoxu Kolumbiyanı bəyənməyəcək. Adı, adətən, Pablo Eskobarla, narkotik maddələrin yetişdirilməsi, satışı ilə assosiasiya olunur. Amma Allahın Kolumbiyasında da kitaba hörmət duruşu var.

Kolumbiyadan bir az o tərəfdəki Braziliyada həbsxanada kitab oxuyan məhbuslara cəzasını azaltmaq vəd olunur. Bizim həbsxanalarda nə baş verir, bu dəfə ondan danışmayaq. Bircə cümlə: məhbusların yanına aparılan kitabların çatdırılmasına imkan verilməməsi haqda nə qədər şikayətlər eşidirik, oxuyuruq…

Baxırsan ki, nə qədər şikayətlənsək, azdır, biz sanki kitabı sevmirik. Təsəlliverici bir məqam da yoxdur. Heç olmasa, azacıq işartı…

Biz kitabla yalnız şəkil çəkdirmək istəyirik. Çünki haradansa eşitmişik ki, kitabın yanında olmaq yaxşı şeydir. Özünü “kitab adamı” kimi tanıtmaq adamı hörmətli edir. Biz kitablı görünmək istəyirik, kitablı olmaq istəmirik.

Martin İden intihar eləmək qərarına gəlmişdi. Adamların saxtakarlığından yorulmuşdu. Martin həyatının son dəqiqələrində qayıqda ingilis şairi Alcernon Çarlz Suinbernin şeirlərini oxuyurdu. Martin bir az sonra öləcəkdi…