Məhkəmə Məmməd İbrahimə 5 ay 22 gün həbs kəsildi

Əli Kərimli və Məmməd İbrahim

Suraxanı Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müşaviri Məmməd İbrahimə 5 ay 22 gün həbs cəzası verib. 

Yanvarın 10-da Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimov belə hökm çıxarıb.

Bu barədə Məmməd İbrahimin oğlu fəal Turan İbrahim məlumat yayıb.

Məhkəmə onu cəzaçəkmə müəssisəsində yatağında bıçaq tiyəsi gizlətməkdə təqsirli bilərək, CM-nin 317-1.2 maddəsi (həbsdə saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, saxlaması) ilə 5 ay 20 gün cəza təyin edib. İki gün isə onun əvvəlki cəzasından qalan günlərdir.

Xatırlatma

Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da həbs edilib. O, xuliqanlıq ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Cəzasının başa çatmasına iki gün qalmış İbrahimə qarşı qadağan edilmiş əşyaların (bıçaq) qanunsuz saxlanılması ittihamı irəli sürülüb.

Məmməd İbrahim bu ittihamları qəbul etmir.

O, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.