“Məmur gəlib deyir ki, ölkədəki rüşvəti, yalanı görmə, danışma…”

Mübariz Mənsimov

“Yanvarın 16-da bir azərbaycanlı məmur yanıma gəlmişdi. Sözünün məğzi bu idi ki, rüşvəti, yalanı görməyin, danışmayın. Yəni, görmə, duyma, danışma”.

Bu sözləri Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov sosial şəbəkədəki hesabında yazıb.

İş adamının sözlərinə görə, azərbaycanlı məmur ona deyib ki, bu günə qədər olmayıb, ancaq bu yazdıqları ona Azərbaycanda düşmən qazandıracaq.

“Dənizçilər fırtınadan qorxmaz”

“Dedim ki, üzərimə topla gəlsəniz, nə olacaq? Gülüb, keçəcəm. Sözlərinə çox gülməklə bərabər bir şeyi anladım ki, Allah birisinin bəsirətini bağlayanda ancaq belə olur. Şərəfli həyat varkən, sırf kreslonu qorumaq naminə edilənlərə göz yumursansa, bu qorxaq həyatı yaşamağın nə mənası var?”

M.Mənsimov bildirib ki, o, 90-cı illərdə “Palmali”ni qurarkən də çox belələrinə rast gəlib. Onların gözü qorxa bilər, ancaq dənizçilər fırtınadan qorxmaz.

“Biz qorxmadıq və bu gün alnıaçıq, üzüağ millətimizin xidmətindəyik. Dünən nə demişiksə, bu gün də eyni mövqedəyik. Dünən də açıq dənizlərdən, okeanlardan qorxmadıq, sabah da qorxmadan haqqı deməyə davam edəcəyik”.

Gör bu miskin aşiqi sərpa soyarlar ağrımaz…

İş adamı deyir ki, hər kəs öləcək, kimsə bu dünyadan yapışıb qalmayacaq, ancaq öldükdən sonra kimisinin arxasından lənət, kimisinə isə rəhmət oxuyacaqlar.

“Çalışaq, hər birimizin arxasından rəhmət oxunsun. O məmurun məsləhəti mənə İmadəddin Nəsiminin bu beytini xatırlatdı:

Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar,
Gör bu miskin aşiqi sərpa soyarlar ağrımaz…”

M.Mənsimovun fikrincə, kimsə haqdan qaçmamalıdır, çünki hər kəsin bir gün “Haqq günü” olacaqdır.

İş adamı Mübariz Mənsimov bir neçə gün əvvəl həbsdə olan bloger Mehman Hüseynovla bağlı fikirlərini açıqlayıb, onu azadlığa buraxmağa çağırıb.

Həmçinin, iş adamı deyib ki, bloger dövlətçilik üçün pis yox, yaxşı işlər görüb, korrupsiyanı, oğru məmurları ifşa edib.