Mehman Hüseynov nüfuzlu mükafata əsas namizədlərdən biridir

“Index on Censorship” təşkilatı “2019-ci il – İfadə Azadlığı Mükafatı”  üçün qısa namizədlər siyahısını elan edib. 

Bu barədə təşkilatın saytında məlumat verilib. 400 namizəd sırasından 16 namizəd qısa siyahıya salınıb.

Əsas namizədlər sırasında həbsdə olan bloger Mehman Hüseynov da var. O, jurnalist kateqoriyası üzrə 4 namizəddən biridir.

“Index on Censorship” təşkilatının İfadə Azadlığı Mükafatları dünyanın müxtəlif yerlərində senzuraya qarşı mübarizədə əhəmiyyətli iş görmüş fərd və ya qrupları təqdir etmək üçündür.

Mükafatlar 4 kateqoriyada təklif olunur: sənət, kampaniyalar, rəqəmsal aktivizm və jurnalistika. Senzuraya qarşı mübarizədə görünən fərq yarada bilmiş istənilən şəxs mükafat üçün müraciət və iştirak edə bilər.

Qaliblər Londonda keçirilən tədbirdə elan edilir. Qaliblər “Index”in Mükafatlar Proqramına daxil olaraq müvafiq təlim və dəstəklə təmin olunurlar.

Nominantlar 400-dən çox ictimai nominasiyadan sonraya qalan 16 nəfərlik qısa siyahıdan seçilir. 2019-cu ilin İfadə Azadlığı mükafatlarının qısa siyahısı senzura qarşısında nümayiş etdirilən cəsarəti göstərir.