”O boyda işgəncədən sonra qalxan əllər…” – Şahvələd Çobanoğlu

Şahvələd Çobanoğlu

“Dəhşətli olan bilirsinizmi nədir? O boyda işgəncədən sonra qalxan bu əllər, bu əlləri qaldıran ürək… Bu iqtidarı dəli edən də ürəyi özü boyda olan bu adamlardır”.

Yenicə həbsdən çıxmış vicdan məhbusu dəyərli Rəşadət Axundov bu sözləri Bayram Məmmədov haqda söyləyib. Bayramın polis idarəsində dəhşətli işgəncələrə məruz qalması barədə vəkilinə çatdıra bildiyi müraciətdən sonra…

O əllər rəmzdir artıq!

Bayrama qarşı edilənləri mənəvi kriteriya ilə şərh etmək azdır – bu, elə bir cinayətdir ki, onu edənlər gələcəkdə ədalət məhkəməsi qarşısında durub cavab verəcəklər. Həm də bir vətəndaşa görə etdikləri amansızlığa görə yox. Xalqa qarşı edilən suçlara qarşı. Çünki o işgəncələr təkcə Bayrama qarşı törədilən cinayət deyil, bir xalqın malına və canına, indisinə və gələcəyinə olan qəsdin şərikliyidir. Ola bilsin kimlərsə ümid edir ki, bu gün elədiklərinə görə yalnız əmr verənlər cavab verəcəklər, yanılırlar. Ikinci Dünya müharibəsindən sonra SS-ə qulluq etmiş bəşəri canilərin çoxu iddia edirdi ki, onlar sadəcə əmrləri yerinə yetiriblər, günahsızdırlar. Amma məhkəmə ayrıca qərar verdi: qanunsuz əmrləri yerinə yetirmək də qanunsuz əməldir.

Bayramın məktubundan sonra hər kəsi işgəncənin sərtliyi, amansızlığı təəccübləndirir: bu amansızlığın səbəbin nədir?

Hər zaman yazmışam, bəzən bu ovqata görə qınanılmışam. “Iqtidar bizi bitirdi” deyə bir şey yoxdur. Oğrular, canilər azadlıq istəyini bitirə bilməzlər. Bu gün rejimi “dəli edən” də budur. Hər yola əl atıblar, ən böyük amansızlıqlara əl atıblar, ən iyrənc üsulları, böhtanları istifadə ediblər,  hədsiz dərəcədə çox pullar xərcləyiblər, bunların yalanına yaxınlaşmaq üçün çoxlu bəhanələr, dəlilər istehsal ediblər, parklar salıblar, abadlıqlar aparıblar, idman tədbirləri, vətənpərvərlik olayları yaradıblar, Azərbaycanın adını qaldırıblar, adamlarını alçaldıblar, onları satın alıblar, fiziki olaraq sıradan çıxarıblar, ara vurmaq, şübhə salmaq üçün şəbəkələr qurublar… Eləmədikləri pislik, çıxmadıqları oyun yoxdur. Amma azadlıq arzu və əməl kimi bitməyib.

Gözləmədiyimiz halda söz deməyə Rəşadət çıxır, İlkin və başqaları çıxır.

Gözləmədiyimiz yerdə Intiqam Əliyev kimi mənəviyyatı saf  bir ictimai xadim, Anar Məmmədli kimi demokratik dəyərlərin müdafiəçisi parlayır.

Gözləmədiyimiz yerdə Xədicə Ismayıl bütün dünya mətbuatının görmədiyi ifşalar və dirəniş yaradır. Seymur Həzi örnəyi yaranır.

Gözləmədiyimiz yerdə Cəmil Həsənli kimi ziyalı xalqın sözünü deyə bilən liderə çevrilir.

Gözləmədyimiz yerdə İlqar Məmmədov kimi sanballı siyasi liderin dirənişini və əzmini izləyirik.

Gözləmədiyimiz yerdə Əli Kərimli ona qarşı total müharibəni yara bilir və müxalif siyasi partiyanı qoruya bilir.

Gözləmədiyimiz halda şəxsi və ictimai ağırları öz dəyərləri ilə qarşılayan Tofiq Yaqublu kimi vicdan sahibi ortaya çıxır.

Gözləmədiyimiz halda hökumətin yazarlar sistemini rədd edən Rasim Qaraca, Seymur Baycan, Sevinc Elsevər və tam bir yeni nəsil azad yaradıcı adamları oxuyuruq. Xaliq Bahadır, Zamin Hacı, Elnur Astanbəyli, Rövşən Hacıyev, Səadət Cahangir, Natiq Cavadlı, Mehman Əliyev, Əvəz Zeynallı və başqaları da öz yerindədir!

Gözləmədiyin halda internetə girib azad fikrin ağır toplarını, dərin çaylarını görürsən – Altay müəllim Göyüşovu, Hikmət bəy Hacızadəni, Alisa Cabbarovu, Rövşən Ağayevi, Nail Zeynalovu, Ruslan Köçərlini, Yalçın İslamzadəni, Coşqun Eldaroğlunu və s.

Nə qədər nümunələr, nə qədər adlar çəkə bilərəm – bundan qat-qat çox. Və Bayramın və Qiyasın daxil olduğu gənclik var. Hakimiyyət də müəmma içindədir, “dəli” olur ki, niyə bu insanlar rejimə təbəssüm edib rahat və yaxşı yaşamaq yolunu seçmir?

Hakimiyyət etiraz edənlərin haradan güc aldığına izah tapmır. Məşhur ziyalıları, akademikləri, sənət və söz adamlarına mədhiyyə oxuda bilirlər, amma çəlimsiz gənclərin etiraz cəsarətini anlaya başa düşmürlər. Bilmirlər ki, azadlıq istəyini boğa bilmək onlara qismət olmayacaq.

Bir də mən “gözləmədiyimiz” sözünə görə üzr istəyirəm, mən həmişə gözləmişəm!

Şahvələd Cabanoğlu