Orxan Pamuk: Allaha ehtiyac hiss edənlər və etməyənlər

“İstanbul: xatirələr və şəhər” kitabından

On yaşıma qədər ağlımda çox qabarıq bir Allah xəyalı gəzdirdim: üzü qeyri-müəyyən, həddindən artıq yaşlı, ağ çarşabda çox möhtərəm qadın görüntüsü idi bu. İnsana bənzəməsinə baxmayaraq, bu görüntü xəyallarımdakı başqa insanlar kimi, küçədə rast gələcəyim hər hansı biri kimi göz önümdə peyda olmazdı. Çünki baş aşağı və bir az da çəpəki dayanardı. Beynimə bir az maraq, bir az da huşu içərisində ilişincə, ağlımdakı bütün görüntülər arxaya doğru gedir, obraz da, bəzi reklam filmlərində, yaxud da film başlıq titrlərində olduğu kimi, öz ətrafında zərafətlə bir-iki dəfə dövrə vurduqdan sonra bir qədər kəskinləşir, bir az da yuxarılara, aid olduğu yerə, buludların arasına çıxırdı.

Ağ çarşabının qırçınları, tarix kitablarında şəkillərini gördüyüm bəzi heykəllərdəki kimi çox yaxşı işlənmişdi. Əli, qolu, gövdəsinin heç bir yeri görünməyən bu xəyal göz önümdə peyda olduqca, çox güclü, çox hörmətli və uca bir varlığın beynimə düşdüyünü hiss edərdim, amma ondan çox da qorxmazdım. Günahkar olduğuma heç inanmadığım və ya süddən çıxmış ağ qaşıq olduğumu düşündüyüm üçün yox, bu uzaq və vacib varlığın mənim absurd xəyallarım və günahlarımla maraqlanmayacağını hiss etdiyim üçün. Onu nə vaxtsa köməyə çağırdığımı, ondan nəsə istədiyimi də xatırlamıram. Çünki mənim kimilərlə deyil, yoxsullarla bağlı olduğunu artıqlamasıyla dərk edirdim.

Bizim evdə bu obrazla sadəcə xidmətçilər, aşpazlar maraqlanırdı. Allahın yalnız yoxsullarla deyil, evdəki adamların hamısı ilə bağlı olduğunu, ən azından vəziyyətin nəzəri olaraq belə olması gərəkdiyini hiss edərdim bir az, amma biz ona ehtiyac duymayacaq qədər bəxtli idik. O canı yananların, uşaqlarını oxuda bilməyəcək qədər yoxsul olanların, onun adını ağızlarından heç əskik etməyən küçədəki dilənçilərin və başı bəlada olan saf və yaxşıların köməkçisi idi. Anam bu səbəbdən radio qar fırtınasında yolları kəsilmiş uzaq kəndlərdən yaxud hansısa zəlzələdə yersiz-yurdsuz qalan yoxsullardan bəhs edərkən, “Allah onlara kömək olsun!” deyərdi. Bu söz həmin diləyin yerinə yetməsindən daha çox, vəziyyətimiz yaxşı olduğu üçün o an hiss etdiyimiz müvəqqəti günah hissi ilə, çətinlikdə olanlara elə bir yardım edə bilməməyin verdiyi boşluq hissini ötürmək üçün istifadə olunurdu.

Onsuz da xəyalımdakı o ağ örtüklü qoca və mülayim varlığın bizim arzularımıza qulaq asmayacağını da hesab-kitaba, riyaziyyata açıq məntiqimizlə bilirdik. Çünki Onun üçün heç nə etmirdik. Halbuki evdəki aşpazlar, xidmətçilər və tanış digər bütün yoxsullar Allahla əlaqəyə girmək üçün hər fürsəti işgüzarlıqla qiymətləndirir, ildə bir ay oruc tutur, bizim Əsma Xanım bizə xidmət etməkdən qalan boş vaxtlarında, kiçik otağına səccadəsini sərib namaz qılır, sevinc, kədər, səadət, qorxu və qəzəb dəqiqələrində, hətta bəzən qapını açarkən, bağlarkən, bir işi ilk dəfə yaxud da son dəfə görərkən və bir çox başqa fürsətdə Onu xatırlayır, adını anaraq nələrsə pıçıldayırdı.

Yoxsulların, çarəsizlərin Allahla qurduğu bu israrlı əlaqə onların köməyə möhtac olduğunu xatırlatmaqdan uzağa getmədiyi vaxtlarda məni və evdəkiləri çox da narahat etməzdi. Hətta bizdən başqalarına da güvəndikləri, beləliklə “yüklərini daşıyacaq” başqa bir güc olduğu üçün rahatlaşdığımız da deyilə bilər. Amma bu rahatlıq, Allahı, bizim kimi olmayanların bir gün bizə qarşı istifadə edəcəkləri güc, ya da ən azından qısqanclıq məsələsinə çevirərək bizləri bəzən narahat da edirdi.

Daxili sıxıntıdan ziyadə maraqdan, qoca xidmətçi namaz qılarkən bir neçə dəfə diqqətlə seyr etdiyimi və bənzər narahatlığa qapıldığımı xatırlayıram. Qapı arasından baxan mənə görə, eynilə başımdakı Allah xəyalı kimi, baş aşağı və çəpəki dayanmış Əsma Xanımın səccadəsinin üstündə ağır-ağır əyilib qalxması, alnını səcdəyə aparması, əyilib qalxarkən etdiyi hərəkətlərin birdən yavaşlaması, mənə yalvarış, öz həddini bilmə jestləri kimi görünür, səbəbini tam başa düşmədiyim hirsli narahatlıq verirdi. Evdə heç kəs olmadığı və iş görülmədiyi vaxt qılınan bu namaz əsnasında, kölgəli otağı bürüyən və arada bir dua pıçıltıları ilə pozulan səssizlik də məni hiddətləndirərdi. Pəncərənin şüşəsində ağır-ağır irəliləyən bir milçəyə ilişirdi gözüm. Milçək arxası üstə düşür, qalxmaq istəyərkən təlaşla çırpınan yarı şəffaf qanadlarının vızıltısı Əsmə Xanımın dua pıçıltısına qarışanda bu sinirləndirici oyunu pozmaq istəyər, qadının baş örtüyünü çəkərdim.

Namaza müdaxilə etməyin, onu “pozacağını” daha əvvəlki təcrübələrimdən bilirdim. Yaşlı qadın namazını pozulmadan bitirmək üçün bütün iradəsini istifadə edərək heç nə olmamış kimi duaya davam edərkən, ağlım bir tərəfdən onun gördüyü işin süni, oyun tərəfinə ilişir (çünki indi yalnız namaz qılırmış kimi hərəkət edirdi), bir tərəfdən də ruhi gücünü gördüyü işə tamamilə həsr etmək qətiyyətinə için-için hirslənər və onunla bir iradə savaşına girərdim. Məni hər zaman çox sevən, hər fürsətdə qucağına alıb oxşayan, küçədə məni çox sevimli görən əcnəbilərə “nəvəm” deyə tanıdan bu qadınla aramıza Allahın girməsi, eynilə aşırı dindarlardan bütün ailənin narahat olması kimi narahat edirdi məni.

Yenə də namazına davam edə bilmək üçün göstərdiyi qətiyyətə hörmət edir, bizdən kənardakı başqa bir varlığa göstərdiyi bu bağlılıqdan narahat olub qorxardım.

Hiss etdiyim qorxu, türk dünyəvi burjuaziyasında hər zaman olduğu kimi, Allahdan qorxmaq yox, Allaha çox inananların qəzəbindən qorxmaq idi.

Bəzən də Əsma Xanım namaz qılarkən, ondan iş görməsini istəyən anam içəridən çağırmağa başlayır, yaxud da zəng çalan telefonu onun götürməsi gözlənirdi. O zaman mənim işim, dərhal qaçıb onun namaz qıldığını anama demək idi. Bəzən yaxşı ürəkliliklə bunu edərdim, bəzən də eyni qəribə narahatlıq, pislik etmək istəyi və qısqanclıq qarışıq hisslə bunu etməz, nə olacağını gözləyərdim. Xidmətçi qadının bizə olan bağlılığının yoxsa Allaha olan bağlılığının daha güclü olduğunu ölçmək qədər, onun qapılıb getdiyi və bəzən əsəbi təhdidlərlə geri qayıtdığı aləmlə savaşmaq istəyi də vardı bunda.

“Namaz qılarkən baş örtüyümü çəksən əlin daşa dönər!” deyərdi Əsma Xanım. Baş örtüyünü yenə də çəkirdim və daşa-maşa dönmürdüm. Amma heç bir şeyə inanmadıqları halda, yenə də nə olar, nə olmaz ehtiyatını əldən verməyən böyüklər kimi, oyunumu da müəyyən yerdə kəsərdim. Çüni indi daşa dönməməyim, gələcəkdə dönməyəciyim mənasına gəlməzdi. Evdəki ehtiyatlı kütlə kimi, mən də din mövzusundakı maraqsızlıq və lağ-lağaçılığı müəyyən yerdən sonra kəsir, inananların Allah qorxusunu başa düşməyərək ötüşdürməkdən əlavə, inanclarını və dini vərdişlərini onların yoxsul olmalarıyla, elə də çox vurğulamadan, əlaqələndirirdim.

Mənə, sanki elə gəlirdi ki, yoxsul olduqları üçün tez-tez Allahın adını xatırlayırlar. Evdə, birinin dindar olması, gündə beş vaxt namaz qılması barədə eynilə başqa birinin kənddən yeni gəlməsinə təəccüblənmə kimi yarı heyrət, yarı üstdən-aşağı baxarcasına bəhs edilmə forması üzündən bunun əksi bir nəticəyə gəlməyim xeyli mümkündü: Bəlkə də Allaha o qədər inandıqları üçün yoxsul qalmışdılar.

Ağlımdakı ağ çarşablı möhtərəm Allah obrazını daha çox inkişaf etdirə bilməməyimin, onunla əlaqəmin müəyyən naməlum bir qorxu və ehtiyat ilə məsələni çox qurdalamadan ötüşdürmə səviyyəsində qalmasının bir səbəbi də bu mövzuda evdə kimsənin mənə bilik verməməsi idi. Bəlkə də mənə öyrədəcək heç nə bilmədikləri üçün idi bu: evdə bizim ailədən kimsəni nə namaz qılarkən gördüm, nə oruc tutarkən, nə də bir dua mızıldanarkən. Bu baxımdan, bizimkilər dindən yaxşıca uzaqlaşmış, amma onunla yekun hesablaşmaya girişməkdən də qorxmuş fransız burjuaziyaları kimi yaşayırdılar.

Bir növ prinsipsizlik, siniklik yaxud da imansızlıq kimi görünə biləcək bu inanc boşluğuna Atatürkçü Respublikanın dünyəvi həyəcanı, tam əks bir hərəkətlə modernizm və Qərbliləşmə həyəcanı görüntüsü verdiyi üçün, bu mənəvi tənbəllik lazımi zamanlarda qürurla önə çıxarılan “idealizm” alovu ilə arabir parıldayıb sönərdi. Amma ailə daxilindəki mənəvi mənzərə, dinin yerini dərin heç nə tutmadığı üçün, köhnə taxta evlər mərhəmətsizcəsinə yandırılıb dağıdıldıqdan sonra yerində qalan tör-töküntü və ayıdöşəyi ilə örtülmüş hüznlü torpaqlar kimi boş idi.

Bu boşluğu və mənim marağımı (bütün bu məscidlər elə isə niyə tikilmişdi) evdəki xidmətçilərin inanc və vərdişləri doldurdu. Bütün o “əlini sürtsən daşa dönərsən”lərdən, “dili tutulmuş”lardan, “mələk gəlib onu göyə aparmış”lardan, “sol ayağınla başlama”lardan dinin bir növ batil etiqad yaxud da “kor inanc” olduğu nəticəsini çıxarmağım çətin olmadı. Şeyx türbələrinə bağlanan saplar, Cihangirdəki Sofu Babaya yandırılan şamlar, həkimə aparılmayan xidmətçilərin mətbəxdə öz-özlərinə etdiyi “türkəçarələr” və növbənöv təkkənin, təriqətin yüzlərlə illik tarixindən bizim Respublikaçı və Avropaçı evə dil vasitəsilə sızan atalar sözləri, deyimlər, təhdidlər, təkliflər həyatı bəzən bəzi kvadrat və dairələrinə ayaq qoyulmayacaq, bəzilərinin üzərindən atlanılacaq əyləncəli uşaq oynuna çevirmişdi. Hələ də, hansısa böyük meydanda, koridorda, səkilərdə gəzərkən yerdəki örtük daşlarının arasındakı xəttlərə ayaq qoymamağı yaxud da aralardakı qara kvadratların üstündən atlayaraq keçməyi birdən-birə inanc probleminə çevirdiyim üçün tullana-tullana getməyə başlayıram.

Dinin yerini tutan bu növdən inanc və qadağaların çoxluğu bəzən anamın “barmaqla göstərilməz” növ öyüdləriylə ağılımda qarışardı. “Qapını, pəncərəni açmayın, hava axın (cərəyan) edir” sözündən uzun müddət eynilə məsələn, Sofu Baba kimi, bir də ruhu təcavüzə məruz qalmaması gərəkən hansısa Cərəyan Baba var sanardım.

Dinin, Allahın varlığı, kitabları, qaydaları və peyğəmbərləri vasitəsilə dünya işlərinə və vicdanımıza səslənən fəaliyyətdən daha çox, aşağı siniflərin çarəsizlikləri üzündən maraqlandığı bəzi qəribə və bəzən əyləncəli qaydalara qədər sadələşdirilməsi, onun Qərb ilə Şərq arasında qəribə bir musiqi və məntiqlə gedib-gələn bizim gündəlik həyatımızda qəbulunu asanlaşdırırdı. Nə nənəm, nə də ondan sonrakı nəsildən əmilərim, gəlinbacılarım, atam, anam bir gün belə oruc tutmazdılar, amma Ramazanlarda iftar saatı oruc tutanların iştahıyla gözlənərdi. Axşamın erkən düşdüyü qış günlərində ata nənəm qonaqlarıyla poker yaxud da bezik oynayarkən, iftar bir növ sobada çörək və çay saatına çevrilər, kart oynayarkən davamlı bir şey yeyən bu yaşlı və şən qadınlar iftar saatı yaxınlaşarkən tıxamağı saxlayar, oyun masasının yanında dindar bir zənginin evində görüləcəyi cinsdən, növ-növ cemli, pendirli, zeytunlu, börekli, sosiskalı iftar masası diqqətlə qurular, radioda iftar saatının yaxınlaşmaqda olduğunu sezdirən ney çalarkən ata nənəmlə qonaqları, sanki səhərdən bəri açmışlar kimi səbirsizliklə “Hələ nə qədər qaldı?” deyə soruşarlar, top atıldıqdan sonra da, aşbaz mətbəxdə bir şey yesin deyə gözlədikdən sonra özləri də canfəşanlıqla yeməyə başlayardılar. Hələ də, nə vaxt radiodan ney səsi eşitsəm ağzım sulanır.

Məscidə ilk dəfə aparılmağım, din və İslam mövzusundakı başlıca qərəzimi təsdiqləməyə yaradı. Rəsmi gəzinti deyildi bu: evdə heç kimin olmadığı bir gün günortadan sonra, xidmətçi qadın Əsmə Xanım ibadət eşqindən daha çox, evdə canı sıxıldığı üçün kimsədən icazə almadan məni məscidə apardı. Teşvikiye Camiisində, nişantaşlı zənginlərə xidmət göstərən qulluqçular, aşbazlar, qapıçılar və arxa küçələrdəki kiçik dükan sahiblərindən ibarət iyirmi-otuz nəfərlik kütlə ibadət havasından daha çox, həmrəylik və yoldaşlıq ruhuyla xalçaların üstündə oturmuş, namaz vaxtını gözləyərkən pıçıltıyla dedi-qodu edirdilər. Onlar namaz qılarkən aralarında gəzişdiyimi, məscidin gizli künclərində qaçıb oynadığımı, heç kimin də məni danlayıb dayandırmadığını, hətta camaatdakı bir çox adamın, uşaqlığımda həmişə olduğu kimi, mənə şirin-şirin gülümsədiyini xatirlayıram. Dinin yoxsullara aid olduğunu yenidən öyrənmiş, amma qəzetlərdəki karikaturaların, evdəki Respublikaçı havanın əksinə dindarların ziyansız kəslər olduğu qərarına gəlmişdim.