Penitensiar Xidmət aclıq aksiyası keçirilməsini təkzib edir

Penitensiar Xidmət həbsxanalarda Mehman Hüseynova dəstək və siyasi məhbusların azad edilməsi tələbi ilə aclıq aksiyası başladığı haqqında məlumatı təkzib edib.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov bu gün bildirib ki, heç bir cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirilmir.

Dünən İlkin Rüstəmzadə, Bayram Məmmədov, Elçin İsmayıllı, Əhsən Nuruzadə və Qiyas İbrahimovun aclıq aksiyasına başladığı haqqında məlumat yayılıb.

5 fəal aclıq aksiyasına başlayıb

Yanvarın 13-də 5 siyasi məhbus – İlkin Rüstəmzadə, Bayram Məmmədov, Əhsən Nuruzadə, Elçin İsmayıllı (4 nəfər 13 saylı CÇM-dən), Qiyas Bayramov, Rəşad Ramazanov və Fikrət Fərəməzoğlu (3 nəfər 2 saylı CÇM-dən) ictimaiyyətə müraciət ünvanlayıb.

Siyasi məhbuslar həm Mehman Hüseynovun başladığı aclıq aksiyasına dəstək üçün, həm də son dövrlər siyasi fəallara qarşı həbsxanalarda əlavə cinayət işlərinin açılmasına görə və ümumilikdə ölkədəki təzyiqlərə və repressiyalara etiraz olaraq aclıq aksiyasına başladıqlarını bildiriblər.

Mehman Hüseynov dekabrın 26-dan aclıq aksiyasına başlayıb. Ona qarşı ittihamların ləğv olunmasını tələb edir.