Polis bölməsi qarşısında özünü yandıran şəxsin vəziyyəti ağırdır

Dünən Sulutəpə qəsəbəsində polis bölməsi qarşısında özünü yandıran Tərlan İsmayılovun vəziyyəti ağır olaraq qalır.

Məlumata görə, nəfəs yolları da daxil olmaqla, bədəninin 65%-i yanıb. Bu barədə Turan-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Xəstə hazırda 3-cü dərəcəli yanıq diaqnozu ilə Plastik Cərrahiyyə Klinikanısının reanimasiya şöbəsindədir.

Tərlan İsmayılovun atası Meydan TV-yə bildirib ki, 3 ay əvvəl kafelərdən birində dava olub. Tərlan da orada olub və o, DİN-in “102” xidmətinə zəng etmək istədikdə dalaşan şəxslər telefonu onun əlindən alıb.

Polis araşdırmaya başlayıb, amma nəticə yoxdur.

“Oğlum bölməyə gedib və araşdırmanın uzun çəkməsindən şikayət edib, kreditlə 800 manata aldığı telefonu qaytarmağı xahiş edib. Onlar müstəntiqlə mübahisə ediblər. Müstəntiq deyib ki, telefonu qaytarmayacaq, Tərlan nə istəyirsə, onu da etsin. Tərlan əsəbiləşib və özünü yandırıb”, deyə Arif İslamov bildirib.

40-cı bölmədən Turan agentliyinə özünüyandırma faktını təsdiq ediblər. Amma bölmənin növbətçisi hadisənin səbəblərini bilmədiyini deyib.