Quaydo Maduronun təklifini qəbul etməyib – Venesuelada son baş verənlər

Quaydo (solda) və Maduro

“Xuan Quaydo Maduronun dialoq təklifini qəbul etməyib, bildirib ki, bundan sonra saxta dialoq olmayacaq. Çünki əvvəllər müxalifət bir neçə dəfə bu səhvi edib”.

Bu sözləri siyasi şərhçi Şahin Cəfərli sosial şəbəkədə yazıb. O, bildirib ki, hətta bir dəfə Maduro Roma papasından müxalifətlə onun arasında vasitəçi olmasını xahiş edib, rejimə qarşı həlledici həmləyə hazırlaşan müxalifət isə papanın çağırışına əməl edib, nəticədə Maduronun ömrü uzanıb.

Quaydo deyib ki, dialoq yalnız uzurpasiyanın sona yetməsi, yəni Maduronun iqtidardan çəkilməsi mövzusunda ola bilər.

Politoloqun sözlərinə görə, Maduro əks tərəflə yanaşı, ABŞ-a da zeytun budağı uzadıb, qeyd edib ki, diplomatik əlaqələrin kəsilməsi münasibətlərin dayanması demək deyil, tam əksinə, iqtisadi əlaqələr, neft sektorunda əməkdaşlıq daha da inkişaf edib çiçəklənəcək.

“Amerikanı çox yaxşı tanıyıram, tarixinə, mədəniyyətinə və insanlarına böyük hörmət bəsləyirəm, Amerikaya dərindən güvənirəm”, deyə Maduro əlavə edib.

ABŞ neft pullarını Quayadoya çatdırmaq üçün mexanizm axtarır

Şahin Cəfərlinin bildirdiyinə görə, ABŞ isə Venesueladan aldığı neftin pulunu Maduroya yox, Quaydoya çatdırmaq üçün mexanizm axtarır. ABŞ Venesueladan gündəlik 500 min barel neft alır. Venesuela nefti ağır növdür və ABŞ-ın bəzi neftayırma müəssisələrinin bu növ neftə ehtiyacı var ki, onu yüngül neftlə qarışdırıb, benzin və digər yanacaq növləri hazırlasınlar.

Venesuela da öz növbəsində ABŞ-dan yüngül neft alır və öz ağır nefti ilə qarışdırıb ixrac edir. Venesuelanın hasilatının 1,3 milyona düşdüyü nəzərə alınsa, ABŞ-la bu sahədə tərəfdaşlığın nə qədər önəmli olduğu anlaşılar. ABŞ gəlirlərin Quaydo hökumətinə çatdırılması mexanizmini tapa bilməsə, yəqin ki, sanksiya mexanizmini işə salaraq Venesuela ilə neft alverini dayandıracaq.

“Bank England”ın Venesuelaya məxsus 1,2 milyard dollarlıq qızılı Maduroya qaytarmaqdan imtina etməsi də məhz ABŞ-ın təşəbbüsü ilə olub, Quaydo bu qərarı alqışlayıb.

İspaniya da Quaydonu prezident kimi tanıya bilər

ABŞ dövlət katibi Pompeo Venesuela üzrə xüsusi nümayəndə təyin edib. Bu vəzifəyə seçilən şəxsin kimliyi maraqlıdır: Elliot Abrams. Neokonların nümayəndəsi olan 71 yaşlı Abrams Reyqan dövründə dövlət katibinin müavini, ata Buş dövründə isə Ağ Evdə qlobal demokratiya strategiyası üzrə müşavir vəzifəsini tutub və Latın Amerikasını yaxşı tanıyır. Onun adı 1985-ci ildə “İran-kontras” qalmaqalına qarışıb.

Belə ki, iudey Abramsın da daxil olduğu qrup 80-ci illərdə İrana İsrail vasitəsilə gizli şəkildə silah sataraq (sxemə baxın – Şahin Cəfərli) əldə olunan vəsaiti Nikaraquada sandinist rejimə (Daniel Orteqa) qarşı silahlı mübarizə aparan kontraslara ötürürmüş. Qalmaqal məlum olduqdan sonra qrup üzvləri, o cümlədən Abrams mühakimə olunub, lakin prezident Buş tərəfindən əfv ediliblər.

Siyasi şərhçi bildirir ki, İspaniya hökuməti də Venesuelada baş verənlərə münasibətini açıqlayıb.

“Bilirsiniz ki, Braziliya istisna olmaqla, Cənubi Amerika ölkələri, o cümlədən Venesuela ispandillidir. Madrid bəyan edib ki, əgər Maduro ən qısa müddətdə yeni prezident seçkiləri elan etməsə, onlar da Quaydonu qanuni prezident kimi tanıyacaqlar”.