R.Usubovun keçmiş mühafizəçisi: Rəis məndən 200 min manat istədi

Arxiv

‘Dedi, necə olur, ”Range Rover” sürə bilirsən, polisə işə düzəlirsən, Polis Akademiyasına girirsən?”

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədovun məhkəməsi başlayıb.

Meydan TV-nın məlumatına görə, polis serjantı ötən il iyunun 12-də Binəqədi qəsəbəsində “Range Rover” markalı avtomobillə “Ford” markalı maşının sürücüsü Rahib Əliyev və onun yanında olmuş Orxan Əliyevin ölümünə səbəb olan yol qəzasını törətməkdə, daha sonra hadisə yerindən qaçmaqda ittiham olunur.

Yanvarın 23-də hakim Mirzə Xankişiyevin sədrliyilə keçirilən prosesdə ifadə verən X.Məmmədov özünü təqsirli bilməyib. Deyib ki, ona qarşı irəli sürülmüş ittihamlar əsassızdır, Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsi rəisinin onunla prinsip aparmasının nəticəsidir. X.Məmmədovun sözlərinə görə, hadisənin baş verməsində onun günahı olmayıb:

“İşdən çıxandan sonra şəhərə gəlirdim. Qarşıdan gələn “Mercedes” qəfildən mənim yoluma çıxdı. And olsun Allaha ki, maşını saxlamaq imkanım yox idi. Məni vurub yoldan çıxardı, maşınım dərəyə düşdü. Özümü güclə çıxardım. Mən dərhal təcili tibbi yardıma zəng eləmişəm, gedib, o biri maşından rəhmətliklərin meyitlərini çıxarmışam. Sonra polisə zəng eləyib hadisəni demişəm. Səhər saat 4-ə qədər polis idarəsində olmuşam”.

Təqsirləndirilən X.Məmmədov bildirib ki, hadisədən dərhal sonra ölənlərin yaxınlıqdakı qaçqınlar məhəlləsində yaşadığını öyrənib:

“Açığı, polisə ona görə zəng elədim ki, baş verənlərdən ehtiyat elədim. Mən özüm həmin ərazidə işləmişəm. Bir dəfə həmin qəsəbədə yol polisi bir sürücünü saxlamışdı. Camaat yığışıb polis maşınını iki gün orada saxlamışdılar. Hətta həmin qəsəbədən içkili olan sürücünü saxlayanda da ehtiyat edirdik”.

X.Məmmədovun sözlərinə görə, Binəqədi Rayon Polis İdarəsində ondan bu işə görə 200 min manat pul istəyiblər:

“İstintaqın rəisi Həsrət mənimlə prinsipə düşüb, ona görə işi belə qurublar. Ona dedim ki, günahım yoxdur. İddia elədi ki, guya hadisə yerindən qaçmışam. Dedim, hər yer kameradır, görüntülərə baxın, şahidləri dindirin. Yazıblar ki, guya yüksək sürətlə hərəkət etmişəm. Yalandır. Sürət 60-70-dən yuxarı olmayıb. Həsrət məndən 200 min pul istədi. Barmağı ilə “2” göstərəndə əvvəl 20 min başa düşdüm. Dedi, nə danışırsan, 20 min nədi? Ona 200 min manatımın olmadığını deyəndə, qayıtdı ki, necə olur, “Range Rover” sürə bilirsən, polisə işə düzəlirsən, Polis Akademiyasına girirsən? Bəs o pullar hardandır?”

X.Məmmədov nümunəvi polis əməkdaşı olduğunu, bundan öncə daxili işlər naziri Ramil Usubovun mühafizə xidmətində çalışdığını bildirib:

“Həsrətə də dedim ki, mən pul verməmişəm, cənab nazirimiz özü məni akademiyaya oxumağa göndərib. Binəqədidə yanan binada sakinlərin xilas edilməsində iştirakım olmuşdu, buna görə cənab nazir məni mükafatlandırdı. Mən 7 il nazirin mühafizəsində çalışmışam”.

X.Məmmədov Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələrilə ittiham olunur.