Theresa May Brexit səsverməsini böyük fərqlə uduzdu

Müxalifət lideri Jeremy Corbyn (solda) və Theresa May

Britaniyanın Baş naziri Theresa May-in Brexit razılaşması 230 səs fərqlə rədd edilib.

BBC-nin məlumatına görə, bu, hökümət tarixində iqtidarın ən böyük məğlubiyyətidir.

Nəticə 432 səs əleyhinə, 202 səs lehinə olub.

Leyboristlərin lideri Jeremy Corbyn indi hökümətə etimadsızlıq səsverməsini tələb edir. Bu baş verərsə, yenidən ümumi seçkilər keçirilə bilər.

Xanım May deyib ki, çərşənbə günü debat üçün zaman ayıracaq.

Demoktratik İttifaq partiyasından bir mənbə BBC-nin müxbiri Laura Kuenssberg-ə deyib ki, onlar hazırki Baş naziri dəstəkləyəcəklər.

Millət vəkilləri etimadsızlıq səsverməsinin keçirilməsinə razılıq verərsə, hökümət və ya çoxluğu təmsil edən başqa birinin həmin səsvermədə qalib gəlmək üçün 14 günü olacaq. Amma onlar da qalib gəlməsə, o zaman ümumi seçkilər keçiriləcək.

Mühafizəkarlar partiyasından 118 deputat da müxalifətlə birgə xanım May-in razılaşmasına qarşı səs verib.

Əslində normal zamanda, belə məğlubiyyətdən sonra Baş nazirin istefası gözlənilir. Amma Theresa May niyyətini səsvermədən dərhal sonra bildirib.

“İcmalar Palatası danışdı və bu hökümət də dinləyəcək,” o deputatlara deyib.

O, Brexitdə irəliləmək üçün partiyalar arası danışıqlar aparılması təklifini verib.

Avropa Şurasının prezidenti Donald Tusk bildirib ki, o səsvermənin nəticəsinə görə kədərlənib. O, Britaniya hökümətini “tez bir zamanda gələcək addımları ilə bağlı niyyətini aydınlaşdırmağa” çağırıb.