Venesueladakı vəziyyətlə bağlı əsas faktlar – Səməd Rəhimli

Venesuela məsələsi: Mövzu başlayandan bəri türk solçularının Maduro və Amerika imperializmi söhbətləri gözümü mazol etmişdi. Amma Ə.Oruclunun “dava neft davasıdır” tviti son damla oldu. Venesuela söhbəti təxminən hamı bilir. Amma faktları bir yerə yığmaq lazımdır, məncə.

Venesuela böhranı ilə bağlı üç məsələ var:

1. Kim ölkəni idarə etməlidir – legitim olan kimdir?;

2. Niyə belə iqtisadi vəziyyət yaranıb – kimdir günahkar?;

3. ABŞ müdaxilə etməlidirmi – belə hallarda xarici müdaxilə olmalıdırmı?.

Əvvəl, siyasi məsələyə baxaq. Kim legitimdir – Guiado, yoxsa Maduro? Bu halda baxmaq lazımdır ki, mövcud və (və ya) ədalətli qaydalara görə kim idarə etmə səlahiyyəti kimdədir. Venesuela idarəçiliyi demokratik seçkilərə əsaslanır. Ona görə də legitimlik meyarı ədalətli seçki qələbəsidir.

Juan Guaido, Venesuela parlamentinin sədri, müxalifətin lideri

Guiado 2015-ci il parlament seçkilərdə seçilib, onun aid olduğu siyasi koalisiya seçkiləri udub və parlamentin 65%-i (Ali Məhkəmənin haqsız müdaxiləsi olmasa 2/3-si) onların əlindədir. Həmin parlament seçkiləri ədalətli qazanılıb və mübahisəsiz faktdır.

Ona görə də Guiado parlament sədri, ölkənin II səlahiyyətli şəxsi kimi legitim siyasi fiqurdur. Beləliklə, Guiado legitim şəxs kimi Venesuela Konstitusiyasına görə (maddə 233) prezidentin yoxluğunda onu müvəqqəti əvəz edə bilər. 2015-ci ildə seçilən parlament isə 2020-yə qədər səlahiyyətlidir.

Maduroya gəldikdə. Onun 2013-cü ildəki seçilməsi çox da mübahisəli deyil. Amma həmin dövr üçün onun səlahiyyəti 2018-ə kimi idi. 2018-ci ildə isə Maduro prezident seçkisinin vaxtını qabağa çəkdi (yəqin tanış əhvalatdır) və parlamentin çoxluğunun boykot etdiyi seçkiləri “uddu”.

Nicolas Maduro / Foto: EPA/Miguel Gutiérrez

Maduronun “qələbəsi” BMT, AB kimi qurumlar daxil olmaqla demokratik dövlətlər tərəfindən qeyri-legitim və saxtalaşdırılmış sayılır. Seçkini qəbul edənlər isə Rusiya, Çin kimi seçki nədir bilməyən dövlətlərdir və onların mövqeyi özü qəbuledilməzdir. Çünki onlar özləri seçki keçirmirlər.

Özü seçki keçirməyən dövlətin seçkilərə dair mövqeyini əsaslı sayası deyilik təbii ki. Beləliklə, Maduronun 2018-ci il “qələbəsi” legitim deyil və həmin vaxtdan etibarən Maduro legitim subyekt deyil. Belə olduqda onun varlığını etibarsız saymaq mövcud və ədalətli qaydalara uyğun olandır.

Bundan əlavə, Maduro 2015-2017-ci il arasında Ali Məhkəmə və bürokratik aparat (ordu, polis), represiyalar vasitəsilə seçilmiş parlamentə qarşı haqsız mübarizə aparıb və onların bütün səlahiyyətlərini məhdudlaşdırmağa çalışıb. Bununla da haqlı oynamağa meyilli olmadığını göstərib.

Venesuela parlamenti 2015-ci ildən indiyə kimi legitim vasitələrlə Maduroya müqavimət göstərib. Həmin dövrlərdə dəfələrlə dinc etirazlar keçirib. Qanuni vasitələrdən istifadə edib. Hazırkı məqama kimi bu vasitələrin hamısı nəticəsiz qalıb. Maduro qaydasız oynadığına görə.

Belə olduqda son vasitə kimi Maduronu qeyri-legitim elan edərək Guiado özünü müvəqqəti prezident elan etdi. Yeni ədalətli seçkilər keçirmək və keçid dövrünü təmin etmək istədiyini bildirdi. Legitim parlament də bunu dəstəklədi. Bu addım mövcud hüquqa və ədalətliliyə də uyğundur.

Beləliklə Venesuelada hazırda yaşanan böhran dünən gecə “Amerika müdaxiləsi” ilə yaranmış bir şey deyil. Demokratik müxalifətin uzun illər apardığı mübarizənin nəticəsidir. İndiyə kimi onlar bütün sivil qaydalara riayət edib və hazırda da etdikləri də səhv addım deyil.

Yuxarıda qeyd etdiyim konteksi nəzərə almadan Venesuela haqqında yürüdüləcək hər hansı mühakimə əsassızdır. Anti-imperialistlərin və “ərəstuning” tipli siyasi şərhlərin çatışmazlığı da budur. Bu qədər həngaməni kənara qoyub “yorğan davası” söhbəti salırlar.

Venesuela müxalifəti ilə ideoloji əsaslarla razılaşmamaq olar. Lakin onların bugünkü fəaliyyəti prosessual ədalətliliyə uyğundur. Onları “imperialist qulu” kimi qaralamaq isə demokratik çərçivədə yanlışdır. Əgər kimsə ideoloji məramları naminə avtoritar metodları dəstəkləyirsə o başqa.

Bir haşiyə: Anti-imperialistlərin təsvir etdiyinin əksinə olaraq Guiado və partiyası sağmeyilli siyasi qüvvə deyil. Əksinə mərkəzçi (centrist) sosial-demokratdırlar və Sosialist İnternasionalın tamhüquqlu üzvüdürlər.

İndi keçək iqtisadi məsələyə. Venesuela iqtisadiyyatı niyə batdı? Anti-imperialistlərə görə bunun səbəbi ABŞ-ın Venesuelaya qarşı apardığı “iqtisadi müharibə” və bu çərçivədə qoyduğu sanksiyalardır. Yoxsa Venesuela batası deyildi. İndi baxaq görək bu nə məsələdir?

Bu tezisin çatışmayan tərəfi sübutlarla bağlıdır. Bəli, çox sadə – sübut. 2014-2017-ci il aralığına qədər ABŞ Venesuelaya qarşı məhvedici sanksiya tətbiq etməmişdi. 2014-cü ilə gəldikdə isə Venesuela batmışdı artıq. Həmin dövrdə olmayan sanksiya necə batıra bilərdi?

Aşağıda Venesuela sanksiyalarına dair ABŞ Dövlət Departamentinin və Konqres Araşdırma Xidmətinin saytından linklər verirəm.

Həmin məlumatlardan aydın olur ki, 2014-cü ilə kimi ABŞ Venesuelaya terrorizm, narkotik və insan alveri ilə bağlı fərdi sanksiyalar (targeted sanctions) tətbiq edib. Bu cür sanksiyalar ayrıca fərdlərə ya qurumlara tətbiq edilir və ölkənin maliyyə sisteminə hər hansı təsiri yoxdur.

Yəni həmin sanksiyalar bir neçə rəsmi şəxslə məhdudlaşıb və ölkənin maliyyə sisteminə heç bir aidiyyəti olmayıb. 2014-də Konqress ilk dəfə insan hüquqları və demokratiya ilə bağlı sanksiya qanunu qəbul edib və bu qanun çərçivəsində belə yenə fərdlər və təşkilatlara sanksiya qoyub.

Venesuelaya qarşı geniş iqtisadi (maliyyə) sanksiyaları 2017-dən tətbiq edilməyə başlayıb. Yalnız bu yeni sanksiyalar Venesuela maliyyə sisteminin fəaliyyətinə təsir edə biləcək gücdədir. Hətta bu sanksiyalar belə neft sektorunu birbaşa hədəfə almayıb.

Neft sanksiyaları hələ tətbiq edilməyib və müzakirə edilir. Venesuelanın əsas məhsul ixrac etdiyi ölkə ABŞ-dır və belə sanksiyalar tətbiq edilsə, bu vəziyyətə ciddi təsir edəcək. Lakin dediyim kimi hələ tətbiq edilməyib.

1999-cu ildə Çavez haimiyyətə gəldikdən sonra indiyə kimi ABŞ Venesuelaya qarşı iqtisadi sanksiyaları yalnız 2017-də tətbiq edib. Həmin vaxt isə ölkə artıq çoxdan batmışdı. Venesuelanın ən çox neft ixrac etdiyi ölkə isə ABŞ-dır və Şevron kimi ABŞ şirkətləri Venesueladan neft alırlar.

Hugo Chavez və həyat yoldaşı Maria Isabel Rodriguez, 1999-cu il, Foto: AFP/Getty Images

Beləliklə, Venesuela iqtisadiyyatını batıracaq hər hansı ABŞ sanksiyası iqtisadiyyatın batdığı dövrdə mövcud olmayıb. Ona görə iqtisadiyyatın batmasının başqa izahı olmalıdır. Venesuela Çavezçilik dövründə sosialist və inzibati amirlik iqtisadiyyatı tətbiq edir.

Belə bir sistemdə iqtisadiyyata məsuliyyət daşıyan sadəcə bir qüvvə olur: dövlət, ona rəhbərlik edən hökumət və onun bürokratiyası. Nəticə ortadadır: Venesuelanın tətbiq etdiyi sosializm və onun nəticəsi olan böyük hökumət ölkəni batırdı və səfalət yaratdı.

Nəticə olaraq iqtisadi çöküşün səbəbi dövlət və onun yürütdüyü və geri dönmək istəmədiyi siyasətdir. ABŞ sanksiyaları və ABŞ-ın iqtisadi müharibəsi arqumentlərinin sübutedici əsasları yoxdur. Anti-imperialist cəbhənin bu arqumentinin içiboşdur.

Venesuelada baş verən siyasi və iqtisadi problemlərin səbəbləri ölkədaxilidir və kənar qüvvənin buna təsirini sübut edən dəlillər yoxdur. Adətən belə şəraitdə müqabil tərəf belə cavab verir: “CIA arxivləri açılanda biləcəyik.” Cavab kimi qeyd edim ki, CIA arxivi açılana kimi bunu həqiqət saymalıyıq. Əks halda tənqid etdiyimiz qaragüruhun vəziyyətinə düşəcəyik. Kim düşmək istəyirsə özü bilər, mən düşmək istəmirəm şəxsən.

İndi gələk Ərəstuning şərhçiliyinin neft davası arqumentinə. Fakt budur ki, ABŞ onsuz da Venesuela neftini alır. Venesuelanın əsas neft ixrac etdiyi ölkə ABŞ-dır (bax yuxarıdakı mənbə) və ABŞ-ın ən çox neft idxal etdiyi 4-cü ölkə Venesueladır (Link).

Yəni ABŞ-ın Venesuela neftini idxal etmək kimi problemi yoxdur. ABŞ şirkətləri onsuz da nefti alırlar. ABŞ-ın (şirkətlərin) onsuz da əldə etdiyi neftə görə Venesuelaya müdaxilə etməsi hər halda mənasızdır. Bu baxımdan “neft davası” söhbəti də əsassız laqqırtıdır.

Beləliklə, ərəstuning şərhçiliyinin neft davası arqumentini də təkzib etdik. Bəs ABŞ niyə Venesuelya bu qədər qarışır? Yaxud qarışmağa haqlıdırmı? İndi bunlara cavab axtaraq.

ABŞ hökumətləri xarici siyasətdə əsas olaraq iki xətt tuturlar: idealizm və realizm. Düzdür, bunların özləri də fərqlənir. Amma hər bir halda iki məktəb var. Amma bir məsələ var bir administrasiyada (hökumətdə) eyni zamanda iki məktəbdə təmsil oluna bilər.

Məsələn, Tramp hökumətində Pompeo və Bolton (və Haley) idealist və müdaxiləçi xarici siyasət mövqeyindədirlər. Amma Trampın öz orijinal mövqeyi təcridçidir və keçmiş dövlət katibi Tillerson, yaxud keçmiş müdafiə naziri Mattis daha realist idilər.

Obama hökumətində Samantha Power idealist idi, lakin Susan Rice və Ben Rhodes isə realist idilər. Eyni vəziyyət (oğul) Buş hökumətində də var idi və s. Amma bəzi administrasiyalar daha çox idealist və müdaxiləçidilər (məs, Buş və Obamanı müqayisə edək).

Beləliklə, ABŞ xarici siyasətində müdaxiləçilik daha çox qurumda hansı məktəbin nümayəndəsinin üstünlük təşkil etməsidir (idealist yoxsa realist). Adətən, diplomatik korpus realist olur. Hazırda Respublikaçılar daha çox idealistdilər, Demokratlar daha az (əvvəl fərqli idi).

İdealistlərə görə ABŞ xarici siyasətdə bir sıra məqsədlərə nail olmalıdır. Bunlardan biri də sülhün qorunması və (bəzilərinə görə) demokratik genişlənmədir. Realistlərə görə isə ABŞ yalnız özünümüdafiə məşğul olmalı sülh və demokratiya məsələlərdə ya əməkdaşlıq etməli, ya da qarışmamalıdır.

Hazırda Tramp hökuməti ikitirəli siyasət aparır: bəzi hallarda realist (həmçinin təcridçi) məsələn, Suriyadan çıxmaq, talibanla sülh danışıqları, Şimali Koreya danışıqları, digərlərində isə idealist məsələn, İran, Kuba, indi Venesuela.

Səməd Rəhimli

İdealist xarici siyasət Trampın öz dünyagörüşündən irəli gəlmir. Bu halda partiyanın yaxud “neocon” fraksiyanın təsiri əsas olur (bu halda Bolton, Pompeo və senator Rubio həlledici rol oynayıb). Yəni ABŞ-ın realist, yaxud idealist xarici siyasət yürütməsi circumstancial-dır.

Ona görə də ABŞ niyə filan yerdə belə etdi filan yerdə niyə belə etmədi məsələsi daha çox həmin anda qərarvericinin ideoloji mövqeyindən asılıdır. Bizim mühitdə “satdılar”, “korrupsiya” məsələləri daha çox vurğulanır. Amma bunlar ya emosionaldır ya da ikincidərəcəli.

Nəticə olaraq, ABŞ-ın Venesuela ilə bağlı ortaya qoyduğu mövqe hakim xarici siyasət məktəbinin təzahürüdür. Yaxşı ABŞ müdaxiləsi yaxşı nəticə verirmi? Məncə, verir. Çünki Maduro kimi tiranlar əliyalın xalqdan o qədər çəkinməzlər, potensial F-16-dansa daha çox çəkinərlər.

Səməd Rəhimli