Əbülfəz Sadıqbəylinin məhkəməsində dövlət ittihamçısı vaxt istədi

Əbülfəz Sadıqov

Fevralın 27-də  Qaradağ Rayon Məhkəməsində hakim Fuad Huseynovun sədrliyi ilə Müsavat Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli və digər iki nəfərəqarşı cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim əvvəlcə “Nikoyl Bankın” öz mülki iddiasından imtina etdiyi barədə ərizəni elan edib.

Daha sonra o, bildirib ki, iş üzrə təqsirləndirilən şəxs, Nikoyl Bankın keçmiş əməkdaşı Kamran Abbasov onun barəsində AR CM-nin 73-cü maddəsinin tətbiq olunmasını istəyib.

Lakin məhkəmədə məlum olub ki, bank işçisi həmin maddənin tətbiq olunması üçün zəruri şərtlərdən birini texniki səbəblərə görə yerinə yetirməyib. Bu maddənin tətbiq olunması üçün Kamran Abbasov dəyən ziyanın bir misli məbləğində dövlət nəfinə pul ödəməlidir. Xatırladaq ki, cinayət işinə səbəb olan arayışı Əbülfəz Sadıqbəyliyə Kamran Abbasov verib və o, məhkəmədə özünü qismən təqsirli bilib.

Kamran Abbasov deyib ki, o son günlər ərzində pulu ödəmək istəsə də, bankda vəsaiti qəbul etməyiblər. Hakim pulun hansı banka və hansı rekvizitlər əsasında ödənilməli olduğunu keçmiş bank işçisinə izah edib.

Daha sonra çıxış üçün söz dövlət ittihamçısına verilib. Lakin o, ödənişlə bağlı məsələnin tam həll olunmadığını bildirərək, çıxışa hazır olmadığını deyib.

Hakim Kamran Abbasova dövlət hesabına pul keçirmək üçün, dövlət ittihamçısına isə çıxışa hazırlaşmaq üçün 1 həftə vaxt verib.

Məhkəmə martın 6-da saat 11:30-da davam edəcək.