“19 yanvar mitinqindən 1 ay keçsə də, bunların qorxuları keçməyib”

Demokratik Qüvvələrin Milli Şurasının fevralın 23-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) cavab verib.

Bu barədə AXCP sədri Əli Kərimli açıqlama verib. O, bildirib ki, 23 fevral mitinqinə razılıq verilməyib.

“19 yanvar mitinqindən 1 ay keçsə də, bunların qorxuları keçməyib. Monitorinq etdilər və əmin oldular ki, 23 fevral mitinqi 19 yanvar mitinqindən də kütləvi olacaq. Nə təşkilatçıların həbsi, nə mitinq iştirakçılarına edilən 20 mindən artıq polis zəngi, nə də yaradılan digər maneələr xalqımızı durdura biləcək”.

Partiya sədri bildirib ki, hökumət mitinqə icazə verməməklə, qorxduqlarını etiraf etdilər.

“Ancaq nə qədər belə davam edə bilər? Azərbaycan xalqı sərbəst toplaşmaq haqqından bunların xatirinə əbədi imtina edəsi deyil”.

Əli Kərimli qeyd edib ki, sabah Milli Şura və AXCP rəhbərliyi yaranmış vəziyyəti və sonrakı addımları müzakirə etmək üçün təcili toplanacaq.