1979-cu ilin İranı ilə indiki Azərbaycanın nə fərqi vardı?

Ayətullah Xomeyni, 1979-cu il

2019-cu ildə 1979-cu il İran İslam İnqilabının 40 illiyi tamam olur. ‘Abzas’ İran İslam İnqilabının səbəbləri və Şah höküməti dövründəki İranın günümüzün Azərbaycanı ilə oxşar və fərqli cəhətləri barədə məqaləni təqdim edir.

Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov bundan illər öncə bir çıxışında YAP hökümətini İranın son monarxiyası Pəhləvilərin hökümətinə bənzətmişdi.

Pəhləvilər sülaləsi və onun sonuncu Şahı Məhəmməd Rza Pəhləvinin devrilməsiylə nəticələnən İran İslam İnqilabının 40-cı il dönümü ərəfəsində gəlin Məhəmməd Rza Şahın hakimiyyəti dönəminə və o dövrkü İranın indiki Azərbaycanla oxşar və fərqli tərəflərinə işıq salaq.

Məhəmməd Rza Pəhləvi atasından miras aldığı hakimiyyəti 38 il dəmir yumruqlarla idarə etmişdi. O, qərbyönümlü adam idi və ölkənin modernləşməsiylə bağlı parlaq ideyaları vardı. O, ölkəyə amerika hərbi və texniki mütəxəssislərini dəvət etmiş, ən müasir ABŞ silahlarını alıb ordunu müasirləşdirməyə çalışır, bir yandan da texniki və istehsalat sahələrində modernləşmənin ideya müəllifi idi. ABŞ Şah hökümətinə etibarlı tərəfdaş kimi yanaşırdı, çünki Şah onlara İran neftinin qapılarını açmış, onların hərbi maraqları xatirinə Fars körfəzini o vaxtkı SSRİ-dən qoruyur, nəzarətdə saxlayırdı. 1960-cı illərdə ABŞ prezidenti Kennedy-nin dönəmində Məhəmməd Rza Pəhləvi “Ağ inqilab” adlandırılan İranın yenilənməsini hədəfləyən qərbyönümlü islahatlara başladı. Lakin bu islahatlar İslam İnqilabının vasitəsilə Pəhləvilər hökümətinin süqutuna səbəb oldu.

O dövrün İranı ilə indiki Azərbaycanı müqayisə edərkən çox bariz bir fərqi görürük. O dövrkü İran əhalisinin böyük hissəsi dindar olan bir ölkə idi və məhz bu İranda monarxiyanın mövcudluğuna münbit şərait yaratmışdı. Ancaq sonuncu Pəhləvi şahı siyasi islamdan qorxurdu və tez-tez siyasi İslamı İslam ruhaniçiliyi ilə düşməni hesab edirdi. Həmçinin, Pəhləvilər dönəmindən etibarən son yüzilliklərdə İranda ilk dəfə fars-sasani ideoloji ənənələrin canlandırılması prosesi başlamışdı. Pəhləvilər özlərini Əhəmənilər və Sasanilər dövründəki çoxmillətli və çoxdinli cəmiyyətləri idarə edən tolerant İran Şahları ilə müqayisə edirdilər. Məhəmməd Rza Pəhləvinin əsas islahatlarından biri İranda dinlə dövlət idarəetməsini bir-birindən ayırıb, İranı tam sekulyar bir ölkəyə çevirmək idi.

Plansız iqtisadi islahatlar xalqı narazı salmışdı

Şahın məqsədi geridəqalmış bir ölkəni güclü iqtisadiyyatı, mədəniyyəti və texniki imkanları olan bir ölkəyə, nəhəng səltənətə çevirmək idi. O ilk addımda böyük torpaq mülkədarlarını razı salıb torpaqlarını alaraq kəndlilərin arasında bölmək istəyirdi. O dövrdə İrandakı münbit torpaqların çoxu mülkədarların əllərində toplanmışdı. Parlamentin də qəbul etdiyi qanunla hökümət ümumxalq referendumu keçirərək mülkədarlardan torpaqları alıb kəndlilərə kirayəyə verdi. 1970-ci illərdə az qala yarım milyon kəndli öz torpaq payını aldı. Amerikanın verdiyi kreditlər və ərəb-israil münaqişəsi nəticəsində neftin qiymətinin 2-3 ildə (1971-1974-cü illərdə) dörd dəfə yüksəlməyi Şaha çoxlu pul ələ keçirməyə və ölkəboyu nəhəng, modern zavod və fabriklər tikməyə imkan verdi. Bütün dünya İran iqtisadiyyatının yüksəlişinə heyrətlə tamaşa edirdi.

Di gəl ki, “böyük sıçrayış” dağıdıcı yönlərini də göstərməkdə idi. Dünənin kəndliləri iş yerləri arxasınca şəhərlərə köçür, şəhərlərdə isə iş yerləri günbəgündən azalır – minlərlə təbrizli, tehranlı, isfahanlı şəhərlərdə dəhşətli şəraitdə yaşamağa məcbur olmuş, var-yoxdan çıxmışdı. Həmçinin, ölkəyə idxal olunan qərb malları yerli fermer və istehsalçıların mallarına rəqabətdə qalib gəlib bazardan çıxarırdı. Beləliklə, Şahın islahat adlandırdığı “ağ inqilabının” nəticəsində gələcək Xomeyni inqilabının iştirakçıları olacaq nəhəng işsiz və narazı əyalət adamı şəhərlərdə toplanmışdı. Bu cəhətdən 1976-78-ci illər İran əhalisinin işsizlik durumu günümüz Azərbaycanı xatırladırdı.

70-ci illərdə İrandakı varlı və kasıb əhali arasındakı uçurum olduqca böyük idi. Şahın ailəsi və onun ətrafı neft pullarının hesabına ağlagəlməz bir israfçılıq və dəbdəbə içində yaşadığı halda, ölkədə hər il minlərlə insan acından ölür, yaxud iş dalınca qonşu ölkərlə gedirdi. Dövlət idarələrində rüşvət fantastik miqyasa çatmışdı. Müxtəlif sahələrdə işləmək üçün İrana gətirilmiş 60 min amerikalı mütəxəssis və məsləhətçinin varlığı xalq arasında şaiələr yaratmışdı ki, guya Şah ölkəni amerikalılara satmışdı. Bu böyük əksəriyyəti müsəlman olan xalqın gizli etirazına səbəb olmuşdu.

Bütün sayılanlardan daha əsası isə o idi ki, Şahın apardığı iqtisadi islahatlar siyasi islahatlarla səsləşmədiyi üçün öz nəticəsini verə bilmirdi. Ölkə faktiki hərbi güc və xüsusi xidmət orqanı olan SAVAK-ın vasitəsilə idarə olunurdu. Hərbi rütbələri (mayor rütbəsindən başlayaraq) Şah özü verirdi. Həbsxanalar işgəncə verilən, öldürülən siyasi məhbuslarla ağzına kimi dolu idi. Hətta Məhəmməd Rza şahın qərb ölkələrinə səfərlərinə insan hüquqları fəalları tərəfindən keçirilən mitinqlərlə etiraz edilirdi.

İranda inqilabdan sonra Xomeyninin hakimiyyətə gəlişi və Rza Şahın ölkənin var dövlətini yığıb qaçmasını göstərən bir təsvir.

1978-ci ildə müxalifətin başına radikal şiə islamçı din adamı Ayətullah Xomeyni keçmişdi. O xaricdə sürgündəydi. Onun əsas şüarı qərbləşdirmə siyasətinə qarşı çıxmağa çağırış idi. Xomeyniyə görə ölkədə kasıblıq və işsizliyin səbəbi qərbləşdirmə və modernləşdirmə siyasəti idi. İran xalqının böyük əksəriyyəti narazı idi və onların heç də hamısı şiə ideologiyasını bölüşmürdü. Ancaq, camaatın ayağa qalmaxına bir qığılcım bəs edirdi.

Belə qığılcım iki hökümət qəzetində Ayətullah Xomeyninin xalq düşməni və satqın adlandırılması olmuşdu. Məqalələr çap olunduqdan sonra ölkənin Məşhəd, Qum kimi dindar əhalinin çox yaşadığı şəhərlərində xalq ayağa qalxmış, Şah isə etiraz edənlərin üzərinə silahlı polis dəstələri yollayıb xalqı gülləbaran etdirməkdən başqa çarə görməmişdi. Hadisələr bir neçə ay kimi kiçik bir müddətdə inkişaf etmiş, tətbiq edilən fövqəladə vəziyyətə belə baxmadan xalqın mitinqləri davam etdirməsi Şahı qorxutmuş və ölkədən qaçmasına səbəb olmuşdu.

Nə tələb edirdilər, nə əldə etdilər?

Azadlıq və bərabərlik tələbi ilə başlanmış nümayişlər nəticəsində hakimiyyətə gətirilən şiə dindarlar hakimiyyətə çıxandan az sonra üzünü xalqa yox dindarlara çevirdi. Hər yerdə, hər yerdə, kəndlərdə və şəhərlərdə Xomeyninin düşmənlərindən intiqam almaq məqsədli inqilabi tribunallar quruldu. Baxmayaraq ki, inqilabı edəndlər təkcə Xomeyni tərəfdarları, dindarlar deyildi, onlar arasında solçular, modernistlər, demokratlar, milli-mədəni fəallar da vardı, ancaq inqilabın meyvəsini yalnız Xomeyni tərəfdarları, şiə fəalları yedi. Xomeyni tərəfdarları bir növ Şaha rəhmət oxutdular. Şah dövründə varlığını sürdürən bütün fərqli fikirlilər Xomeyni tribunalları tərəfindən həbs olunur, işgəncələr görür yaxud asılırdılar. Başını qaldıranın başından vurulurdu. Tezliklə ölkədə bütün siyasi partiyalar və islami olmayan ictimai təşkilatlar qadağan edildi.

Günümüzün İranında hələ də orta əsrlərdən qalma edam metodlarından istifadə olunur.

Bəs, aradan keçən bu 40 il ərzində İranda nə dəyişdi? Azadlıq istəyən İran xalqı nə qazandı? İran haqda hər il yayılan xəbərlər və hesabatlar göstərir ki, ilbəildən İranda Şah hakimiyyətindən daha sərt bir rejim höküm sürməkdədir. Bu haqda alman tarixçisi C. N. Beck-in “Böyük inqilab və tarix” kitabından oxuyuruq. Beck-ə görə indiki İranda hakimiyyət tamamilə islamçı qüvvələrə məxsusdur. Hakimiyyətə ortaq ola biləcək istənilən siyasi qüvvə dərhal məhv edilir və repressiyalara məruz qalır.

Şahın xəyalını qurduğu və tam gerçəkləşdirə bilmədiyi və islam inqilabçılarını 1979-cu ildə vəd etdiyi iqtisadi islahatlar hələ də baş tutmayıb. Hələ də İranda kənd-təsərrüfatına yararlı torpaqlar varlı mülkədarların əlindədir. Bircə fərq var indi o torpaqların üçdə birinə də hakimiyyət tərəfdarı şiə din adamları sahibdir. Nəhəng neft ehtiyatlarının olmasına baxmayaraq günümüz İranında 3 milyon insan işsizdir, hər on nəfərdən biri isə kasıblıq səviyyəsindən aşağı yaşayır.