Rusiyanın hər yerində Araşukov kimi talançı məmurlar var

Rus jurnalist Konstantin Eggert Araşukovların başına gələnlərin Putin sisteminin gələcək aqibəti hesab edir.

Çoxlu kompyuterlər. Çoxlu-çoxlu telefonlar və planşetlər. Çoxlu xəncərlər, çoxlu qızıl suyuna çəkilmiş əşyalar. Bu Rusiya baş prokurorluğunun Qaraçay-Çərkəz bölgəsinin senatoru Araşukovun evində axtarış apardığı zaman əməliyyat çəkilişləri zamanı qeydə alınıb.

Araşukovlar ata və oğul, Qaraçay-Çərkəz bölgəsinin varlı sahibkar ailəsidir. Onlar həm də bu bölgədəki qaz sənayesinə illər boyu nəzarət ediblər.

Yanvarın 30-da Moskvada Federasiya Şurasının toplantısında Rauf Araşukov həbs olunub. O dövlətə məxsus qazı sataraq 30 milyard rublu oğurlamaqda və sifarişli qətllər həyata keçirməkdə, cinayətkar şəbəkəyə rəhbərlik etməkdə ittiham olunur. Cinayət işi üzrə hər gün yeni adamlar həbs olunur.

Araşukovların yüksəlişi uzun bir müddət ərzində baş verib. Rauf Araşukov çox gənc yaşlarında cəmi 18 yaşı olanda yerli seçkilərdə deputat seçilib. O vaxt çoxları bunu onun atası zəngin iş adamı Raul Araşukovun köməyi ilə baş verdiyini bilirdi. Raul Araşukov özü isə sovet dövründə iki dəfə küllü miqdarda vəsait oğurladığı üçün fırıldaqçılığa görə həbsdə yatmışdı və Qafqazda qaz sənayesi işi onun monopoliyasındadır.

Araşukovlar Stavropolda ələ keçirdikləri tarixi abidəni öz bağ evlərinə çevirərək oraya köçüblər.

Rusiyanın “Dojd” telekanalının aparıcısı, jurnalist Konstantin Eggert “Deutsch Welle”dəki bloqunda yazır ki, “Kremlin Təhqiqat komitəsi üçün Araşukovun həbsinə yaşıl işıq yandırması elə də önəmli deyil. Önəmli olan başqa məsələdir. Rusiyanın yüzlərlə meri, deputatı, güc strukturlarında rəhbər vəzifələrdə çalışanlar uzun illər Araşukov ailəsinin elədiklərini görürdülər, ancaq görməzdən gəlirdilər. İndi isə onlar özlərini heyrətlənmiş kimi aparırlar.

İş orasındadır ki, Rusiyanın yüzlərlə şəhərinin hər birinin öz “araşukovları” var. Bu artıq qanunauyğunluğa çevrilib. Belə adamları eynilə Raul və Rauf Araşukovları qoruyan ikiüzlü və özünü korluğa vurmuş həmin vəzifəli şəxslər qoruyur. Onlar Putin sisteminin simalarıdır. Bu rejim korrupsiya və həbsxana qamçısı ilə ayaqda durur. Hüdudsuz talançılıq mütəmadi repressiyalarla ört-basdır edilir”.

“Rusiyada “Çar yaxşıdır ətrafındakı boyarlar pisdir” inancı ilə təskinlik tapanlar yanılır. Və indiki bu nəhəng bir yanılmadır. Dövlət adamları arasında həbs olunanların sayı çoxdur, bura qubernatorlar, senatorlar, deputatlar və hətta federal nazir Ulyukaev də daxildir. Ancaq prezidentin və indiki hökümət sisteminin reytinqi dayanmadan aşağı enir. Bunu ya qəfil iqtisadi sırçayış (gözlənilən deyil), ya da yeni müharibə dəyişdirə bilər – ki, belə bir müharibə daha çox gözləniləndir. Bəlkə hətta elə olacaq ki, Kreml heç müharibə elan etməyə fürsət tapmayacaq”.

Konstantin Eggert Araşukovların fəaliyyətinin Putin sisteminin gələcək aqibətinin göstəricisi olduğunu deyir. “Hamı ölkənin get-gedə daha pis yerlərə doğru getdiyini görür. Əvvəl-axır bu pisliklər gün üzünə çıxacaq. Raul və Rauf Araşukovlar qorxunc aqibətin müjdəçiləridir və bu aqibət yəqin ki, yaxın zamanda qaçılmaz olacaq”…