Azərbaycanda vəziyyət daha da pisləşib [hesabat]

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda insan hüquqlarının durumuna dair illik fakt-xülasə yayımlayıb.

Təşkilatın məlumatına görə, sənəd alternativ və açıq mənbələrdən toplanmış məlumatlar əsasında hazırlanıb. Hesabatın tam hissəsinə buradan oxuya bilərsiniz.

Hesabatda deyilir ki, 2018-ci ildə Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində irəliləyiş müşahidə olunmayıb və hökümət bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün siyasi iradə nümayiş etdirməyib.

İl ərzində siyasi motivli həbslər davam edib və bu səbəbdən siyasi məhbusların sayı artaraq, 129 nəfərə çatıb. Müstəqil mediayaya olan təzyiqlər bu ildə də davam edib, bloklanan müstəqil xəbər saytlarının sayı 40-a çatıb.

Mediaya təzyiqlər davam edir

Müstəqil jurnalistlər və ictimai-siyasi fəallara tətbiq olunan səyahət qadağaları götürülməyib, vətəndaş cəmiyyətinin fəaliyyətinə hüquqisiyasi məhdudiyyətlər əvvəlki kimi qalıb, sərbəst toplaşmaq azadlığına məhdudiyyətlər davam edib.

Təşkilat bildirir ki, müstəqil mediayaya olan təzyiqlər bu ildə də davam edib, bloklanan müstəqil xəbər saytlarının sayı 40-a çatıb.

Müstəqil jurnalistlər və ictimai-siyasi fəallara tətbiq olunan səyahət qadağaları götürülməyib, vətəndaş cəmiyyətinin fəaliyyətinə hüquqisiyasi məhdudiyyətlər əvvəlki kimi qalıb, sərbəst toplaşmaq azadlığına məhdudiyyətlər davam edib.

Həbslər azadlığa buraxılanlardan çox olub

İl ərzində 22 siyasi məhbus azadlığa buraxılıb. Onlardan 9 nəfər prezidentin əfv sərəncamı, 11 nəfər isə cəza müddətinin bitdiyi üçün, 2 nəfər isə şərti olaraq azadlığa buraxılıb. Eyni zamanda il ərzində 18 nəfər siyasi motivlərlə həbs edilib.

2018-ci ildə bir nəfər vəkil əsassız iddialarla Vəkillər Kollegiyasından xaric edilib, 4 vəkilin isə vəkillik fəaliyyəti dayandırılıb.

Ötən ilin 22 yanvarında Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyəti bir il müddətinə dayandırılıb. 23 apreldə Azərbaycan Vəkillər Kollegiyası vəkillər Nemət Kərimli və Əsabəli Mustafayevlə bağlı Baş Prokurorun birinci müavini Rüstəm Usubovun verdiyi şikayətə baxıb və onların vəkillik fəaliyyətinin 1 il müddətinə dayandırılması barədə qərar qəbul edib.

Azərbaycan vəkil sayına görə Avropada sonuncu yerdə

Həmçinin, vəkil İradə Cavadovanın kollegiya üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilib. Oktyabrın 30-da isə vəkil Aqil Layıcovun fəaliyyəti 6 ay müddətinə dayandırılıb.

11 sentyabrda vəkil Elçin Sadıqov Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə sui-qəsddə təqsirli bilinən Yunis Səfərovun müdafiəsindən kənarlaşdırılıb, barəsində Azərbaycan Vəkillər Kollegiyasında intizam icraatı başlanıb.

Hazırda Azərbaycan əhalinin hər yüz min nəfərinə 15 vəkil düşən ölkə kimi Avropada sonuncu yeri tutur.

Sənədin məqsədi ölkədə baş verən hüquqi problemlər və nəticələri barədə ictimaiyyəti, dövlət orqanlarını və Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatları məlumatlandırmaq, mövcud pozuntuların ortadan qaldırılması üçün tövsiyələr təqdim etməkdir.

Xatırlatma

SMDT Azərbaycanda insan hüquqları və demokratik institutların təbliği yönündə çalışan qeyri-hökumət təşkilatıdır.

QHT 2001-ci ildə təsis edilmiş Seçkilərin Monitorinq Mərkəzinin qeydiyyatı 2008-ci il mayın 14-də ləğv edildikdən sonra onun bazasında yardılıb.

SMDT 9 oktyabr 2013-cü ildə keçirilmiş prezident seçkisindən sonra seçkinin nəticələri ilə bağlı tənqidi hesabatdan sonra təzyiqlərə məruz qalıb.

27 oktyabr 2013-cü ildə Baş Prokurorluğun başladığı cinayət işi əsasında qurumun ofisində axtarış aparılıb. Axtarışdan sonra SMDT-nin bütün maliyyə və proqram sənədləri, o cümlədən seçki müşahidəçiliyinə dair anketlər və səsvermə protokolları, kompüter və CD-lər müsadirə olunub.