Bəşir Süleymanlı: “Siyasi sahədə heç bir yumşalma, islahat yoxdur”

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri, keçmiş siyasi məhbus Bəşir Süleymanlı fevralın 23-də Gürcüstana gedərkən sərhəddə saxlanılıb, bir qədər gözlənildikdən sonra o buraxılıb.

Bəşir Süleymanlı “Abzas”a vətəndaş cəmiyyətinin nümayəndələri və keçmiş siyasi məhbuslara olan siyasi ayrıseçkilikdən, həmçinin ölkədə son illər artan siyasi repressiyalardan danışır.

“Hesab edirəm ki, siyasi fəal insanların sərhəddə yoxlanılmağa başlanması vətəndaş cəmiyyətinə növbəti təzyiq dalğasıdır”

– Bəşir bəy, fevralın 23-ü ölkəni tərk edərkən Gürcüstanla sərhəddə saxlanılıbsınız. Bunu nəylə əlaqələndirirsiniz? Sizin hüquq müdafiəçiliyi və vətəndaş fəallığınızla əlaqədardırmı?

 – 23 fevlalda qohumumun dəfn mərasimində iştirak etmək üçün Gürcüstana gedərkən heç bir səbəb göstərilmədən saxlanıldım. Heç bir izahat vermədən üzərimdə axtarış apardılar, şəxsi əşyalarımı, çantamı soruşdular. Mən sadəcə dəfnə getdiyimi bildirdim. Sonra bəyannamə yazdırdılar. Üzərimdə 92 manat pul var idi. Bildirdim ki, bu qanunsuzdur, yüzlərlə vətəndaş keçir, onlara tətbiq edilmir, ancaq mən hansı əsaslarla yoxlamaya məruz qalıram? Heç bir açıqlama vermədilər. Kimdənsə cavab gözləyirdilər və sonra pasportu möhürləyib buraxdılar. Hesab edirəm ki, bu vətəndaş cəmiyyətinə növbəti təzyiq dalğasıdır. Çünki əvvəllər, yəni 2015-ci ilin iyun ayından, ölkədən çıxışıma qadağa götürüldükdən sonra dəfələrlə başqa ölkələrə səfər etsəm də heç bir yoxlamaya məruz qalmamışam. Yoxlamaya məruz qalan digər həmkarlarla bağlı məsələləri hökümətə yaxın adamlarla qeyri-rəsmi müzakir edərkən bildirirdilər ki, bu proses 2014-ci ildən qalıb və daha çox Eldar Mahmudovun ayağına yazırdılar. Amma görünür ki, bu belə deyil və yenidən tətbiqi hansısa planlardan xəbər verir.

Təbii ki, bu mənim müstəqil vətəndaş mövqeyimə və insan hüquqları sahəsində fəaliyyətimlə bağlıdır.

 – Azərbaycanda keçmiş siyasi məhbuslar həbsdən çıxdıqdan sonra hakimiyyət tərəfindən nə kimi münasibətlərlə üzləşirlər? Sizcə, Azərbaycanda keçmiş siyasi məhbusların bir yerdə toplandığı və hüquqlarnı müdafiə etdiyi bir təşkilata ehtiyac varmı?

 – Ümimiyyətlə bizim yanaşmamız budur ki, siyasi ayriseçkilik aradan qaldırılmalı, vətəndaş cəmiyyətinə olan təzyiqlər durdurulmalıdır. Bu heç bir ölkəyə başucalığı gətirmir. Əksinə hər yerdə qınaq obyektinə çevirir. Kimlərsə də fürsətlərdən yararlanır. Amma bütün bunların günahı hakimiyyətdədir. Hakimiyyət siyasətini dəyişməli, vətəndaş cəmiyyəti ilə bağlı məhdudiyyətləri (həm qanunvericilikdə, həm də praktikada) aradan qaldırmalıdır. Mən şəxsən selektiv yanaşmanın tərəfdarı deyiləm. İsər keçmiş siyasi məhbus, istər digərləri  hamı üçün bərabər imkanlar tanınmalıdır.

“Siyasi sahədə isə heç bir yumşalmadan, islahatdan söhbət gedə bilməz. Əksinə, siyasi azadlıqlar daha çox məhdudlaşdırılıb”

 – Son dövrlər hakimiyyət mediası siyasi və iqtisadi islahatlar, yumşalma siyasətindən bəhs edirlər. Bir yandan isə ölkədə sutkalıq həbslərin sayı demək olar hər gün artır. Sizcə islahat ritorikası nə üçündür və ölkədəki indiki siyasi durumu necə qiymətləndirirsiniz?

 – İqtisadi və sosial sahədə işlər aparılır. Ancaq çox zəif şəkildə. İslahat o zaman olar ki, xalq öz həyatında bunu hiss etsin. Məsələn, vergi və gömrükdə korrupsiya halları azalsa da, rüsum və cərimələr artırılır. Belə olan halda ölkə içində qiymətlər bir-neçə dəfə qalxır. Bu da əhalinin gəlirlərinə ciddi təsir edir.

Siyasi sahədə isə heç bir yumşalmadan, islahatdan söhbət gedə bilməz. Əgər QHT-lərin faəliyyətinə məhdudiyyət aradan qaldırılmırsa, ictimai fəaliyyətlə məşğul olan şəxslər təqib edilirsə hansı yumşalmadan söhbət gedə bilər? Siyasi azadlıqlar isə daha çox məhdudlaşdırılıb. Razılaşdırılmış mitinqə çıxan şəxslərin kütləvi polisə çağrılması, bu yaxınlarda jurnalsitlərin məhkum edilməsi və sair hallar bunu bir daha sübut edir.    

Bəşir Süleymanlı 2015-ci ildə 2-saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxarkən.

 – 2014-cü ildə sizə açılan cinayət işinə xitam verilibmi? Hal-hazırda cinayət işi nə yerdədir? Hal-hazırdakı fəaliyyətiniz nədən ibarətdir?

– 2014-cü ildə bizimlə bağlı olan qondanrma cinayət işi üzrə həbs edildik və 2015-ci ildə azadlığa çıxdım. Amma ümumillikdə 2014-cü ildə vətəndaş cəmiyyəti ilə bağlı açılmış cinayət işinə xitam verilməyib. Müxtəlif zamanlarda kimi isə bu iş üzrə çağırıb dindiriblər. Təəssüflər olsun ki, biz dəfələrlə bu məsələni qaldırsaq da, bu işə xitam verilmir. Bu da prosesin hələ bitmədiyini və gələcəkdə də kimlərinsə bu ittihamlarla cəlb ediləcəyindən xəbər verir. Hazırda könüllü şəkildə vətəndaşların hüquqlarının müdafiəsi və maarifçikilə məşğul oluram. QHT-lərin faəliyyəti məhdudlaşdırıldığı üçün ciddi iş görmək mümkün deyil.