“Berlinale-2019”-un uğur vəd edən dörd filmi

Bu il 7-17 fevral günləri arasında baş tutacaq 69-cu Berlin Film Festivalı (Berlinale) fevralın 16-sı ilk mükafatlarını təqdim etdi. Bəs “Berlinale” festivalı hansı filmlərlə yadda qaldı.

Artıq 69-cu dəfədir Berlində baş tutan festival fevralın 7-si Lone Scherfigin “The Kindness of Strangers” filminin nümayişi ilə başlamışdı. Film müasir pəri nağılı stilində çəkilib və dörd nəfərin təsadüfən qarşılaşması və başlarına gələn əhvalatdan bəhs edir.

Festivalın əsas hissəsində yarışan filmlər “Qızıl Ayı” mükafatı uğrunda mübarizə aparırlar.

Bu axşam baş tutan mərasimdə, “Qızıl Ayı” mükafatından öncə verilən, festivalın ikinci dərəcəli mükafatları paylanıb. Bu həm də festivalın ilk mükafatları olacaq.

“Abzas” festivalın bu ilki filmləri arasında ən çox yadda qalanları haqda yazını təqdim edir.

 

Ayağım altındakı torpaq

“Ayağımın altındakı torpaq” filmindən bir kadr.

Avstriyalı rejissor Mari Kroyçberqin “Ayağım altındakı torpaq” filmi günümüzün ruhsuz dünyasında ruhi problemlərin qarmaqarışıqlığından bəhs edir. Söhbət iki bacı Konni və Loludan gedir. Onlardan biri intihara cəhd etdikdən sonra “paranoidal şizofreniya” diaqnozu ilə xəstəxanaya yerləşdirilir, o biri isə böyük bir şirkətdə top-menecer kimi çalışır. Gərgin fitness, gənc lezbi sevgilisi ilə birgə yaşanan seks, yeni brend ayaqqabılar, xoşbəxtlik üçün ayrı nə lazımdır? Bütün bunlara baxmayaraq o torpağın yavaş-yavaş ”ayağının altından sürüşdüyünü” hiss edir. Ya dincəlmədən, gündə 48 saata qədər işlədiyinə görədir, ya da bacısı kimi psixi xəstəlikdən əziyyət çəkir. Film paranoidal müasir şirkət həyatını, insanların ətraf-mühitdən gördükləri psixi təzyiqlərin əlindən qaçmağa çalışdığı dünyanı göstərməyə çalışır.

 

 

Emin Alperin “Üç bacının hekayəsi” filmi

Emin Alperin “Üç bacının hekayəsi” filmindən bir kadr.

Festivalın daha bir uğurlu filmi türk rejissoru Emin Alperə aiddir. Üç bacının mürəkkəb münasibətindən bəhs edən filmdə hadisələr bir kəntdə baş verir, şəhərdə özünü tapa bilməyən gənc bacılar kəndə qayıdırlar. Bacılardan biri ataları tərəfindən ağıldankəm çobana ərə verilir və ərinin amansız münasibətiylə üzləşir. Film ilk baxışdan Çexovun “Vişnə bağı” povestini xatırladır. Eynilə Çexovun əsərindəki kimi burda da qızların arzuları gözlərində qalır. Gözlənilir ki, film türk həyatının dünyaya yad, maraqlı gələn tərəflərini göstərdiyindən və sənətdə humanizmə görə festivalın jüriləri tərəfindən qiymətləndirəcək.

 

 

Yaddaşın dirilişi

Norveç rejissoru Hans-Petter Molandın faciə janrında çəkdiyi “Atları oğurlamaq zamanı” filmi də festivalın sevimlilərindədir. Bu yaşlı bir təqaüdçünün gözlənilmədən başqa bir təaqüdçüylə üzləşərək toz başmış yaddaşının təzələnməsi haqqındadır. Yaşlı təqüdçü bir Norveç dağ kəndindəki həyatını xatırlayır. Çayların və meşələrin qoynunda keçən uşaqlığı və son yay günü. Heç bilməzdi ki, bu yay onların çoxu üçün sonuncu olacaq. Atası artıq başqa qadın tapıb və onları tezliklə atıb getməyə hazırlaşır, o özü ilə uşaq axmaqlığı ilə silahdan öz doğma qardaşına atəş açıb öldürəcək.

 

Çinin yüksəlişi bir ailənin əhvalatı fonunda

“Əlvida oğlum” filmindən bir kadr.

Rejissor Vonq Syaoşuayın üç saatlıq epik melodraması “Əlvida, oğlum” bir çinli ailənin həyatındakı köklü dəyişikliklərdən bəhs edir. Ailənin həyatıyla həmahəng inkişaf edən ölkənin həyatı da təsvir olunur. Çin birdən-birə sürətlə inkişaf edir və əvvəlki sosialist ənənələrə artıq sadiq qalmır, qısa müddətdə dünya liderinə çevrilir. Filmin əvvəllərində ögey qardaşın günahı ucbatından qardaşı qurbağa gölündə boğulub ölür. Yenidən uşaq doğmaq istəyən anaya isə dövlət icazəni vermir, çünki ikinci uşağı doğmaq qanunla qadağan edilib. Uşağının abort yoluyla məhv edilməsinə şahid olan ata şok yaşayır və başqa qadınla görüşməyə başlayır.

Ancaq film bədbin notlarla bitmir, çinlilərin gəlirləri artır, qoca işçilərin qeydinə qalırlar, intellektual əməyə qiymət verirlər. Tezliklə Çin özünə gəlir və yoxsulluğa qalib gəlir.