Berlinale festivalının qalibi yəhudi filmi olub

Əsas mükafatı qazanan rejissor Navad Lapid (sağda)

7-17 fevral günlərində Berlində baş tutan 69-cu “Berlinale” beynəlxalq film festivalı başa çatıb.

Festivalın ali mükafatı olan “Qızıl Ayı” israil-fransız (Almaniyanın da iştirakı ilə) istehsalı “Sinonimlər” filminə verildi. Filmin rejissoru Nadav Lapiddir.

Avtobioqrafik mövzulu filmdə israilli gəncin Fransaya gəlişi və bu ölkəyə inteqrasiyasının çətinliklərindən bəhs olunur.

Festivalın ikinci dərəcəli mükafatı “Gümüş Ayı” isə fransız rejissoru Fransua Ozona “Tanrının mərhəməti” filminə görə verilir.

Film Avropanın indi çox əziyyət çəkdiyi bir mövzudan, kilsələrdə zorakılığa məruz qalan uşaqlardan bəhs edir. Filmin qəhramanları keçmişdə kilsələrdə katolik keşişlər tərəfindən zorakılığa məruz qalmış, amma indi yaşca böyümüş kişilərdir. Bir təşkilatda birləşmiş kişilər kilsə tərəfindən etirafa nail olmaq və uşaqlıqda keçirdikləri travmadan çətin və uzun yolla qurtulmağa çalışırlar.

“Sinonimlər” filmindən

Festivalda ən yaxşı rejissor işinə görə isə eyni zamanda iki “Gümüş ayı” mükafatına layiq görülən alman rejissoru “Angela Schanelec” olub. Rejissor bu mükafatlara “Mən evdəydim, amma…” filminə görə layiq görülüb.

Festivalın xüsusi mükafatı olan “Alfred Bauer – kino sənətində yeni üfüqlər açma” mükafatına isə rejissor Nora Fingscheidt “Sistemi dağıdan” filminə görə layiq görülüb.

2004-cü ildə festivalın qalibi olan türk rejissor Fatih Akın isə “Qızıl əlcək” qorxu filmi ilə festivalda iştirak etsə də, heç bir mükafata layiq görülməyib.