Bölünmənin 191-ci ili – Türkmənçay bilinməyən yönləriylə

Bu gün Azərbaycan ərazilərinin iki böyük hissəyə bölünməsinin 191-ci ildönümü tamam olur. 

‘Abzas’ Türkmənçay müqaviləsi ilə bağlı indiyədək Azərbaycan mediasında çıxmayan bəzi tarixi faktları iranlı tarixçiyə istinadən xəbər verir.

Torpaqların bölünməsi Kürəkçay müqaviləsi ilə başlamışdı

Çoxları Azərbaycan torpaqlarının Rusiya İmperiyası tərəfindən işğalının Gülüstan və Türkmənçay müqaviləsi nəticəsində baş verdiyinə inanırlar. Əslində isə bu proses Kürəkçay müqaviləsi ilə başlayıb.

Çar hökuməti Azərbaycanın xanlıqlara parçalanmasından istifadə edərək, bu prosesdə həm silah, həm də müqavilələr bağlanmasından istifadə edirdi. Azərbaycanın Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) silah gücünə işğal edilmişdi. Qafqazdakı rus qoşunlarının baş komandanı P.D.Sisianov Gəncənin işğalından sonra Qarabağ xanlığına hərbi-diplomatik təzyiq göstərməyə başlamışdı. Sisianovun qarabağlı İbrahim xan (1763-1806) ilə yazışmalarından, danışıqlarda vasitəçilik edən gürcü zadəganı İvan Corayev və mayor Lisaneviçə göstərişlərindən aydın olur ki, xan müqavilənin əlverişli şərtlərlə bağlanmasına çalışmışdır. Nəhayət, 1805-ci il mayın 14-də Kürəkçay müqaviləsi imzalanmışdır.

Kürəkçay müqaviləsi Şimali Azərbaycanda İrandakı Qacar hökümətindən yarı asılı şəkildə hakimiyyətini sürən xanlıqların bəzilərinin işğalı demək idi. Bu müqavilədən sonra Rusiya növbəti Azərbaycan torpaqları İrəvan xanlığı, Naxçıvan Xanlığı, Lənkaran Xanlığına doğru irəliləməyə başladı.

Azərbaycan dinc yolla yox müharibə və qanla işğal olundu

İranlı tarixçi Fərşad Firuzi.

İranın İsfahan və Nəcəfabaddakı Azadi Universitetlərinin tarixçi professoru doktor Fərşad Firuzi “nedaesfahan.ir” saytına verdiyi müsahibəsində deyir ki, İran Araz çayından şimaldakı İran torpaqlarını müharibələr nəticəsində itirib. İlk Rus-İran müharibəsi təqribən 10 il davam edib (1804-1813), müharibənin nəticəsində Gülüstan müqaviləsi bağlanıb və İran Şimali Azərbaycanın bəzi hissələrini itirib. Gülüstan müqaviləsindən 13 il sonra İran ordusu Qacar Şahı Fətəli Şahın göstərişi ilə itirilmiş torpaqları geri qaytarmaq üçün yenidən hücuma keçir. İran ordusu Abbas Mirzə, Hüseyn Xan SərdarƏmir Xan Sərdarın başıçılığı ilə Araz çayını keçərək Azərbaycana doğru irəliləyir ilk 40 gün yaxud iki ay ərzində iranlılar həqiqətən itirilmiş torpaqları tamamilə geri alıb Tiflisə üz tuturlar, lakin əks hücuma keçən rus ordusu ilə ilk bir neçə döyüşdə İran ordusu qalib gəlsə də sonra məğlub olur. Nəticədə ruslar Təbriz, Əhər, Astara, Ərdəbil şəhərlərini ələ keçirirlər.

Abbas Mirzə Türkmənçay müqaviləsində nəyə etiraz edib?

Daha sonra doktor Fərşad Firuzi deyir ki, İran öz torpaqlarını itirdiyini görəndə müharibəni dayandırır. Britaniya nümayəndələri İran Şahıyla Rus hökümdarı arasında vasitəçiliyi öz üzərinə götürür. İş orasındadır ki, o zaman Tehranda olan Britaniya səfiri Makdonald Rusiya ilə İran arasında yeni müharibələrin olmasını istəmirdi. O Fətəli Şahın təslim olması və sülh müqaviləsi bağlaması üçün tez-tez onunla görüşüb, onu razı salmağa çalışırdı. Danışıqlar ilk zamanlar “Dehqan” kəndində aparılır. Ruslar İran əhalisinin hər adamı başına 10 gümüş sikkə istəyirdilər və bu o zamanın pulu ilə 500 min tümən idi (o dövrdə İranın cəmi 5 milyon əhalisi vardı). Abbas Mirzə bu şərtlə razılaşmır və öz nümayəndəsi Mirzə Əbdülqasimi rusların yanına yollayaraq etirazını bildirir. Ruslar isə Abbas Mirzəni Tehranı tutmaqla hədələyirlər, nəticədə Fətəli Şah Qacar bu şərtlə razılaşır. Fətəli Şah Manuçehr Xanla birlikdə Rusların nümayəndələrinə 400 min tümən yollayır. Müqavilə Təbriz yolunun üstündəki Türkmənçay qəsəbəsində bağlanır.

Müqavilədə “100 illik” sözü yox, “uzunmüddətli” sözü olub

Türkmənçay müqaviləsinin mətni.

Bəzi tarixçilərin və hətta İran rəsmilərinin ortaya atdığı bir iddiaya görə Türkmənçay müqaviləri 100 illik müddətə bağlanmışdı və guya 1928-ci ildə müqavilənin vaxtı bitmişdi. Doktor Firuzi deyir ki, Türkmənçay müqaviləsi 4 hissədən ibarət olub və müqavilənin heç bir yerində onun “100 illik” bağlandığı haqda məlumat olmayıb. Müqavilədə sadəcə onun Rusiya höküməti ilə İranın ali rəhbərliyi arasında “uzunmüddətli razılıq” olması haqda məlumat var. 1921-ci ildə Azərbaycan SSR qurulanda İran SSRİ ilə sərhəddlərin tanınması haqda müqavilə bağlayır və orda ərazi iddiaları haqda heç bir söz-söhbət olmur.

Türkmənçay müqaviləsinin bağlanması ilə Azərbaycanın bölünməsi də başa çatdı və həmçinin Azərbaycanın son yüz ildə üzləşdiyi erməni-azərbaycan münaqişəsinin başlanğıcı da bu müqavilənin ardınca İrandan və bir müddət sonra da Türkiyədən ermənilərin Azərbaycana köçürülməsi ilə başladı.