Britaniya şahzadəsi qəza törətdiyinə görə sürücülük vəsiqəsindən imtina edib

Şahzadə Philip

Britaniya kraliçası II Yelizavetanın 97 yaşlı həyat yoldaşı şahzadə Philip könüllü şəkildə sürücülük vəsiqəsini polisə təhvil verib. 

Reuters-in xəbərinə görə, bu barədə Bukinqem sarayından məlumat verilib.

Şahzadənin sürücülük vəsiqəsindən imtina etməsinə səbəb ötən ay onun qəzaya düşməsi olub.

Şahzadə Philip 17 yanvarda Land Rover ilə İngiltərənin şərqindəki Sandrinqem rezidensiyasına yaxın yerdə bir avtomobillə toqquşub.

Hadisə zamanı digər maşını idarə edən 28 yaşındakı qadın və sərnişin olan 45 yaşındakı qadın xəsarət alıblar.

Şahidlər deyib ki, şahzadə Philip qarşıdan gələn sürücünün yoluna çıxıb.

Philip qəzaya səbəb kimi zəif günəş işığının görmə qabiliyyətinə təsir etdiyini bildirib. Amma qəzadan iki gün sonra polis onun təhlükəsizlik kəmərini taxmadığına görə xəbərdarlıq edib.

Norfolk polisi şahzadənin könüllü şəkildə sürücülük vəsiqəsinin təhvil verdiyini təsdiqləyib.

Şahzadə Philip 2017-ci ildə elan edib ki, yaşına görə bir daha ictimai tədbirlərə qatılmayacaq. Amma hərdən kraliçanın tədbirlərində ictimaiyyət arasında görünür.