Buz tərpənəndə – Qiyas İbrahimov

Qiyas İbrahimov

“Sarı jiletsiz” xalq və saralmış diktatura

Ola bilər ki, bəzi vaxtlarda edilən etirazlar hakimiyyətin xoşuna gəlsin. Rejim siyasi azadlığı imitasiya edərək dünyaya sırımaq istəyəndə, bu şəkildə baş tutan etiraza göz yumar. Bir neçə ildən bəri müxalifətin “Məhsul” adlı, özü də, adı da totalitar sovet rejiminin qalığı olan, eynən mövcud diktatorluğun özü kimi stadionun divarları ilə blokadaya alınmış mitinqləri bir tale yaşadırdı desək, yanılmarıq. Mitinqlərə diqqətin az olmasını rejim uzun müddət əlində bayraq etdi. Bəs indi nə baş vermişdi? Niyə diktatura öz nökər mətbuatı vasitəsilə insanları təhqir etdiyi halda, nəticədə sonun başlanğıcını gördü? Artıq bütün yalanlar kimi bütün qorxular, repressiya hədələri geri çəkilməkdədir.

Buz tərpəndi, cənab prisyajnılar!

Axtaracağı növbəti stul Ostap Benderi ülgücün tiyəsinə bir az yaxınlaşdıracaq. Hələlik başqa çarə tapmadığından “asayiş” çığırıb stadionun da qapılarını bağladı. Artıq hansısa icazəyə ehtiyacın qalmadığını demək boşboğazlıq deyil. Yəqin artıq hər kəsə məlumdur ki, rejim “top tutmaq” üçün heç bir icazə verməyəcək. Əlbəttə, mitinq yeri kimi Nargin adasını təklif edəcək qədər absurdluq girdabına düşməsə. İnsanların politləşməsi üçün zəmin yaranıb və genişlənəcək də. Ancaq çox şeylərdə diqqətli olmalıyıq. Xalqın çəkinmədən küçəyə çıxmasını təmin edəcək kazus bellidən (latınca casus belli – Roma hüququ dövründə irəli sürülmüş hüquqi termin. Müharibə elan etmək üçün formal səbəb) yararlanmaq gərək olacaq ki, ən tutarlısını bəzən sadəcə yaratmaq lazımdır. Güclü zəmin olduqdan sonra çətin görünmür. Son mitinqdən əvvəl baş verənlər effektiv idi. Əgər rejim heç kimin, heç bir siyasi məhbusun aclıq aksiyasına başlamadığı xəbərini cəmiyyətə sırımaq, hər cür təzyiq və saxtakarlıqdan istifadə edərək aclıq aksiyalarını yalanlamağa çalışırsa, deməli, bu, onda siyasi aclıq qorxusu yaradır.

Qorxusunun əbəs olmadığına şahid olduq. Məlumdur ki, aclıq aksiyası bir neçə günlük səsləndirilib bitən hansısa əks fikir ifadəsi yox, ciddi mübarizə metodudur, dirənişə qarşı durmalıyıq. Belə bir dirəniş diktatura rejimini bəlli məsələlərdə geri addım atmağa məcbur edəcək potensial daşıyır. Mehman Hüseynov məsələsi də bunun sübutu idi. Diktatura bir neçə saxtakar GONGO (Government Organized Non- Governmental Organization – hökumətin yaratdığı QHT) üzündən istifadə edərək, qurduğu tamaşa ilə guya istədiyini aldıqdan sonra Mehmana güzəşt etdiyini göstərməyə çalışdı. Ancaq problem yaxşıya doğru – həm Mehmanın, həm də ona dəstək verən insanların səyi ilə həll edildi, rejim geri çəkilməyə məcbur olundu. Bu sitiuasiya kazus belli yaranması ilə nəticələndi ki, bunu sonrakı hadisələrin gedişatında gördük. Artıq hakimiyyətin istənilən yalanı, teatral müdaxilələri istədiyi reaksiyanın əksini doğurur. Rejim legitimliyini çoxdan itirib, insanların taxtın aşırılmasının labüdlüyünü dərk etməsi an məsələsi ola bilər. Diktatura belə bir anı duysa, həmin vaxt qığılcım ola biləcək məsələlərdə geri çəkilə bilər.

Əlbəttə, biz belə xırda qələbələrlə yetinməməliyik. Hansısa xırda məğlubiyyətlə hakimiyyətin özünə güc yığmasına davam etməsinə imkan verməməliyik. Kiçik də olsa, bir qrup insanın iradəsi əhəmiyyətli ola bilər. Əhdi-Ətiqdə (xristianların müqəddəs kitablar toplusu Əhdi-Ətiq və Əhdi Cədid adlı toplulara bölünür) korinflilərə məktubda deyildiyi kimi: çoxluğun sənin qədər yaxşı olması elə vacib deyil. Ya da düşünməməliyik ki, hardasa mütləq bir yaxşılıq var. Çünki bir az maya bütün xəmiri mayalamağa bəs edəcək. Razıyam, bu xəmir suyu bir az artıq apara bilər. İstənilən halda hakimi-mütləq despot satqın avroparlamentari Norikanın diktaturanın apologetliyini etməsinə çox da bənd olmasın.

Norikanın soyadı ilə eyni olan həmyerlisi Çauşeuskinin Rumıniyada törətdiklərinin əvəzini arvadı ilə birgə bir neçə dəqiqəlik məhkəmənin sonunda divar önündə kalaşnikovlarla uğurlanaraq ödəməsindən 30 il keçir. Gənc Norikanın hansısa şəkildə Çauşeskini alqışladığını bilmirəm. Amma uğursuz olduğu aydındır. Bir də fransız Baş nazir Eduard Filippə də qəzəblənmək gərəkməz. Şübhəsiz ki, o, “sarıjiletli” fransız xalqının hayına qaldığından, Paris küçələrinin mason qəbiristanlığına çevrilməyin qorxusundan Azərbaycandakı insan haqları problemini tənqid edib. Hər halda, o, Çauşeskinin Rumıniyasından deyil, gözünü yumub Azərbaycanın mafioz kapitalist diktaturası ilə ticarət edə bilmir. Bizdə insan haqlarına kosmetik də olsa düzəliş edilməsini umar ki, diktatura rejimlərinə sata bilsin. Məsələn, Karsa getməli olan qatarları. Amma artıq mafioz və despot rejim təkcə qatar yox, həm də bilet haqda düşünməlidir, özü də birtərəfli.

P.S. Henri Devid Toradan: Yeganə arzumun bu daş-divarların digər tərəfinə keçmək olduğunu zənn edirdilər. Düşüncələrimin üzünə qapının necə də canfəşanlıqla bağladıqlarını görəndə gülməyə bilməzdim. Çünki bu düşüncələrim heç bir icazə istəmədən və əngəl tanımadan onları izləməyə davam edirdi. Və həqiqətən təhlükəli olan bu düşüncələr idi.