Cahangir Hacıyevə qarşı 3.7 milyard manatlıq mülki iddia qaldırılıb

Fevralın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digərlərinin işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmədə təqsirləndirilən Cahangir Hacıyevin əvvəlki vəkili Fəxrəddin Mehdiyevin yenidən müdafiəyə qoşulduğu elan olunub.

Məhkəmə zərərçəkmiş qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC-ni, mülki iddiaçı qismində isə “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı və Vergilər Nazirliyini tanıyıb.

Vergilər Nazirliyinin nümayəndəsi iclasda 1 milyon 752 min 359 manatlıq mülki iddia qaldırdıqlarını bildirib. O, həmin pulun Cahangir Hacıyevdən tutulub, dövlətin büdcəsinə köçürülməsini istəyib.

Bu gün dövlət ittihamçısı ittiham aktının elanını yekunlaşdırılıb.

Elan olunmuş ittiham üzrə C.Hacıyev və digərləri özlərini təqsirli bilmədiklərini söyləyib.

Məhkəmədə deyilib ki, mülki iddiaçı “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı Cahangir Hacıyevə qarşı 69 xarici şirkətlərə ayrılmış kredit üzrə 3 milyard 700 min manatdan artıq mülki iddia qaldırıb.

Hacıyevlə yanaşı, digər şəxslərə qarşı da mülki iddia qaldırıldığı elan olunub. Həmin şəxslər mülki iddiaları qəbul etmədiklərini deyib.

Daha sonra prokuror sübutların tətbiqi mərhələsində əvvəlcə təqsirləndirilən şəxslərin, sonra zərərçəkmiş, şahidlərin dindirilməsini və digər sənədlərin elan olunmasını istəyib.

Məhkəmə sabiq bank rəhbəri Cahangir Hacıyevə sərbəst ifadə verməsini təklif edib. O, növbəti iclasda ifadə verəcəyini söyləyib.

Proses fevralın 7-də davam etdiriləcək.

Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla Cahangir Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Cahangir Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, Dünyamin Xəlilov 13 il və İsmayıl Hidayətzadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Dünyamin Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İsmayıl Hidayətzadənin cəzasını 5 ilə endirib.