Estoniya höküməti sovet işğalı haqda film çəkdirir

Qırmızı ordunun Estoniyaya girişi

Estoniya höküməti ölkənin sovet işğalı haqda film çəkilməsinə qərar verib. Filmin baş qəhramanı müstəqil Estoniyanın hərbi kəşfiyyatının kapitanıdır.

Moskva belə Baltik ölkələrinin sovet işğalı ilə bağlı iddialarını rusofobiya və yalan, həmçinin Baltik ölkələrinin dövlət səviyyəsində Rusiyaya qarşı informasiya müharibəsi hesab edir.

Estoniya film institunun (Eesti filmiinstituut, EFI) bu il ayırdığı 600 min avro “O-2” adlı filmə sərf olunacaq. Film 1939-cu ildə Estoniyanın sovet hakimiyyəti tərəfindən işğalına həsr olunub.

Filmin baş qəhramanı rolunu məşhur eston aktyoru Priyt Vıyqemast oynayır. O filmdə xaricdən öz ölkəsinə qayıdıb birlikdə çalışdığı əməkdaşının sirli ölümünü araşdıran təhlükəsizlik xidməti əməkdaşı rolunu oynayır. Onun araşdırması nəticəsində məlum olur ki, Qırmızı ordu tezliklə Estoniyanın işğalına hazırlaşır və bu işdə sovet kəşfiyyatı xüsusi səylə çalışır.

Filmin ssenarisini Eston yazıçısı Tiyt Alekseyev, finlandiyalı Eriika Etolen-Payu və amerikalı Tom Abrams yazıb. Filmin rejissoru Margus Pajudur.

Estoniyanın sovet dövrü haqda filmlər çəkən rejissor Margus Paju.

Rejissor özü deyir ki, bu filmi çəkməkdə məqsədi 1939-cu ilin sovet işğalına işıq salmaqla bərabər həm də o illərdə Estoniyanın Sovetlərə qarşı mübarizədə bir qələbəsi olub-olmadığını aydınlaşdırmaq olub və rejissorun fikrində Estoniyanın həqiqətən də üstü sovet höküməti tərəfindən örtülmüş bir qələbəsi olub.

Estoniya höküməti bu filmdən əlavə ölkənin 1939-cu ildəki işğalına görə tez-tez sovetlər ittifaqının varisi Rusiyanı ittiham edir. Cəmi bir həftə öncə Estoniyanın ədliyyə naziri Urmas Reynsalu növbəti dəfə sovet işğalı nəticəsində Estoniyaya vurulan zərərə görə Rusiyadan kompensasiya tələb etmişdi.

Nazir deyir ki, “1919-cu ildə Estoniya ilə Rusiya arasında bağlanmış Tartu sülh müqaviləsinə görə Sovet hakimiyyəti Estoniyanın ərazi bütövlüyünü tanıyır və ona hücum etməməyi öhdəsinə götürürdü, ancaq bu sülhdən 20 il sonra sovet qüvvələri Estoniyaya soxulub oranı işğal ediblər”. Nazir beynəlxalq hüquq və insan haqqlarının tələbi kimi Sovet İmperiyasının varisi olan Rusiyanın ölkəyə vurduğu ziyana görə kompensassiya ödəməyini istəyir.

Sovet Hakimiyyətinin qurulmasından xeyli sonra işğal etdiyi Baltik ölkələrində sovetləşmənin təsirlərindən qurtulmaq üçün mütəmadi işlər görünür. Baltik ölkələri məktəblərdə və universitetlərdə rus dilinin tədrisini ləğv edir, sovet işğalına qarşı vuruşmuş partizanlara mükafatlar təsis edirlər.